YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Brüsseldə keçirilən beynəlxalq forum separatizmin və terrorizmin çox təhlükəli olduğunu aktuallaşdırdı

Noyabrın 20-də Belçikanın paytaxtı Brüsseldə “Separatizm beynəlxalq sülhə və təhlükəsizliyə təhdiddir” mövzusunda keçirilən beynəlxalq forumda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun çıxışı hər şeydən əvvəl hazırda demək olar ki, bütün dünya üçün aktual olan bir məsələnin, terrorizmin və separatizmin nə qədər təhlükəli olduğunu aktuallaşdırmaqla yanaşı, Azərbaycanın bu bəladan uzun illərdir nə qədər çox əziyyət çəkdiyinin diqqətə çatdırılması ilə də yadda qaldı. Forumun “Yeni dünya düzənində separatizm dalğası: Problemi necə həll etməli? Separatizmə məruz qalmış ölkələrin təcrübəsi” adlı ilk panelində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və beynəlxalq separatizm məsələlərinə toxunan Əli Həsənov beynəlxalq münasibətlərin hazırkı vəziyyətində terrorizmin və etnik separatçılığın az qala bütün dünya ölkələrinin ərazi bütövlüyünü təhdid etdiyini bildirdi.

Bu fikirləri “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu Brüsseldə keçirilən beynəlxalq forumun əhəmiyyətini  bildirib.

Hikmət Babaoğlu deyib: “Hindistandan başlamış Şimali Avropaya, Avratlantikadan başlamış Latın Amerikasına qədər olduqca geniş bir geosiyasi məkanda çoxsaylı dövlətlərin belə problemlə üz-üzə qaldığını xatırladan Prezidentin köməkçisi beynəlxalq birliyin vaxtilə Azərbaycanda baş qaldıran etnik separatizmə biganə qalmasının, yaxud problemə ikili standart siyasəti ilə yanaşmasının da bu dəhşətli bəlanın geniş yayılmasındakı rolunu önə çəkdi. Postsovet məkanında az qala kütləvi şəkildə baş qaldıran etnik separatizmin Avropanın dərinliklərinə qədər irəliləməsində bu problemin vaxtında həll edilməsi üçün yetərli cəhdlərin göstərilməməsi səbəblərdən biri kimi diqqətə çatdırıldı”.

Milli Məclisin deputatı bildirib ki, doğrudan da Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna kimi ölkələrdə baş qaldıran etnik separatizmə qarşı vaxtında qətiyyətli mübarizə aparılsaydı sonrakı mərhələdə Balkanlarda, Şimali Qərbi Avropada və nəhayət, İspaniyada separatçılıq bu həddə gəlib çatmazdı. Məsələ ondadır ki, separatizm və terrorizm biri digərini bəsləyən iki radikal vasitə kimi bu gün milli dövlətlərin dağılmasına qədər gedib çıxan dəhşətli dağıdıcı proseslərə səbəb olur. Terror hazırda hibrid müharibə vasitəsinə çevrilməklə müsəlman Şərqində və Şimali Afrikada çoxsaylı dövlətlərin funksional dövlət aparatını dağıdıb, tarixdə görünməmiş vəhşətlərə və miqrasiyaya səbəb olub. Bu gün isə vaxtilə Avropadakı bəzi mərkəzlər tərəfindən dəstəklənərək üçüncü ölkələrə ixrac edilən terrorizm və separatizm şiddətlə Avropanın öz qapısını döyməyə başlayıb. Əli Həsənov haqlı olaraq qeyd etdi ki, bu problemə qarşı mübarizə birgə səylər tələb edir. Əgər beynəlxalq hüquq tərəfindən dəstəklənən dövlətlərin ərazi bütövlüyü prinsipi sözdə deyil, əməldə müdafiə olunarsa, o zaman separatizmə qarşı effektiv mübarizə aparmaq olar. Hətta qısa müddətdə nəticələr də əldə etmək olar. Azərbaycan artıq uzun illərdir ki, separatizmdən və terrordan əziyyət çəkir. Ərazilərimizin 20 faizindən çoxu Ermənistan tərəfindən işğal edilib. Problemin həlli üçün BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin yerinə yetirilməsinin vaxtı çoxdan çatıb. Ona görə də hazırkı mərhələ belə problemlərin həlli mərhələsi olmalıdır. Əks təqdirdə, bu gün əgər dünyada 50–dən çox belə problem mövcuddursa gələcəkdə yüzlərlə ola bilər. Çünki dünyanın hər yerində, xüsusilə Avropada potensial separatizm ocaqları həddindən artıq çoxdur. Əgər onların hamısı birdən aktiv fazaya keçərsə, onda hazırkı dünya nizamından əsər-əlamət qalmaz. Ən çox əziyyət çəkən isə elə terrorizmə və separatizmə ən çox dəstək verən ölkələr olar. Ona görə də belə ölkələr imperialist ambisiyaları bir kənara qoyaraq dağıdıcı separatizmə qarşı ciddi mübarizə aparmalıdırlar. Məhz Azərbaycanın bu cür qlobal problemi aktuallaşdıraraq dünya ictimaiyyətinin diqqətini buna cəlb etməsi xüsusi qiymətləndirilməli bir hadisədir. Düşünürəm ki, ölkəmizin təşəbbüsü ilə başladılan bu beynəlxalq proses dostlarımızın və tərəfdaşlarımızın sayını artırmaqla Qarabağ probleminin həllinə də öz töhfəsini vermiş olacaq.