YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Elin Süleymanov: Azərbaycan ciddi tərəfdaş kimi dünyada öz yerini tutub

Azərbaycanın ABŞ-dakı səfirliyində Dövlət Müstəqilliyi Günü münasibətilə qəbul keçirilib.

Tədbirin xüsusi qonaqları qismində Donald Ramsfeld Fondunun Mərkəzi Asiya, Cənubi Qafqaz, Əfqanıstan və Monqolustanı əhatə edən “CAMCA” təqaüd proqramı çərçivəsində Vaşinqtonda səfərdə olan sözügedən dövlətlərin nümayəndələri iştirak ediblər. Bundan əlavə, tədbirə Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın Vaşinqtondakı səfirləri, Gürcüstan və Əfqanıstan səfirliklərinin əməkdaşları, Ramsfeld Fondunun icraçı direktoru Sara Tonuçi, “CAMCA” proqramının məsul nümayəndəsi Dato Sumbadze və digər xüsusi qonaqlar qatılıblar.

Azərbaycan səfiri Elin Süleymanov çıxış edərək Ramsfeld Fondunun müvafiq təqaüd proqramında iştirak edən nümayəndələrin səfirliyə gəlişinin ənənəyə çevrildiyini bildirib. O, tədbirin əlamətdarlığını vurğulayıb və qonaqlara Azərbaycanın müstəqillik tarixi, inkişaf yolu, uğurlu və ardıcıl siyasəti barədə geniş məlumat verib. Diqqətə çatdırıb ki, bu siyasət və görülən tədbirlər nəticəsində Azərbaycan öz müstəqilliyini daha da möhkəmləndirib və hazırda ölkəmiz ciddi tərəfdaş kimi dünyada öz yerini tutub.

Daha sonra E.Süleymanov Azərbaycanın təşəbbüsü və aparıcı rolu əsasında icra olunan enerji və nəqliyyat infrastruktur layihələri barədə məlumat verib və bu layihələrin Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının inteqrasiyası baxımından əhəmiyyətini göstərib.

Çıxış edən qonaqlar, o cümlədən Qazaxıstan səfiri Erjan Kazıxanov, Tacikistan səfiri Farhod Salim və Qırğızıstan səfiri Kadır Toktoqulov bu əlamətdar gün münasibətilə Azərbaycan xalqını təbrik edib, ölkəmizin uğurlu inkişaf yolunu yüksək qiymətləndiriblər. Onlar sabitlik və iqtisadi rifah naminə regional əməkdaşlığın vacibliyini və Ramsfeld Fondunun “CAMCA” proqramı timsalında bu kimi çoxtərəfli təşəbbüslərin əhəmiyyətini vurğulayıblar.

DİGƏR Xəbərlər Arxiv