YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşü başa çatıb

Sentyabrın 2-də Bakıda “Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə” mövzusunda 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşü başa çatıb.

Mübadilə görüşünün üçüncü - sonuncu panel iclası “Dini xarakterli mədəni irsin mədəniyyətlərarası dialoqa və Avropa Şurasının dəstəklədiyi universal dəyərlərə töhfəsi” mövzusunda olub.

İclasın moderatoru, Avropa Şurasının Şimal-Cənub Mərkəzinin prezidenti Jan-Mari Heydt görüşün təşkilinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib. O, 2010-cu ildə Bakıda dünya dini liderlərinin sammitində fəal şəkildə dialoq aparıldığını xatırladıb. Jan-Mari Heydt təəssüflə qeyd edib ki, bu gün dünyada baş verən münaqişələr zamanı dini-mədəni abidələr dağıdılır, məhv edilir. Bütün bu problemlər qarşımızda həll edilməsi vacib olan böyük vəzifələr qoyur və Avropa Şurası son illər məhz mədəniyyətlərarası dialoqla bağlı bir sıra sənədlər tərtib edib.

Yunanıstanın Aristotel Universitetinin ilahiyyat üzrə professoru Angeliki Ziaka dini mədəni irsin uzun illərdir ki, tədqiq olunduğunu bildirib. Diqqətə çatdırıb ki, mədəni irsin qorunması və təşviqi məqsədilə Avropa Şurasına üzv dövlətlərin konsepsiyası əsasında təkliflər hazırlanıb. Dini mədəni irsin mədəniyyətlərarası dialoqa töhfəsinin araşdırılması, bununla bağlı tarixən əldə edilmiş təcrübəni özündə əks etdirən sənədlərin hazırlanması, üzv dövlətlərin müvafiq sahədə təcrübə mübadiləsi, gənclərin bu işə qoşulmaları vacib amillərdəndir. Nəinki qədim, yeni dövrə aid mədəni irsin qorunması və təşviqi də üzv dövlətlərə tövsiyə edilib.

Müasir dünyamızda dini, etnik münaqişələrin hələ də davam etdiyini təəssüflə bildirən Angeliki Ziaka belə münaqişələrin aradan qaldırılması və baş verməsinin qarşısının alınması üçün səylərin birləşdirilməsinin zəruriliyini qeyd edib. O, dinin vətəndaş cəmiyyətinin daim ayrılmaz hissəsi olaraq qalacağını deyib, bu istiqamətdə çalışanların elmi araşdırmalarının əhəmiyyətini vurğulayıb.

UNESCO-nun Özbəkistan üzrə təmsilçisi Krista Pikkat Bakıda Mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşünün təşkilinə görə UNESCO-nun baş direktoru İrina Bokovanın adından Azərbaycan hökumətinə minnətdarlıq edib. Mədəni irsin qorunması və təşviqi ilə bağlı UNESCO-nun mövqeyini diqqətə çatdıran K.Pikkat deyib ki, qlobal sülhün qorunmasında xalqların iştirakı vacibdir. Xalqların isə milli mənəvi dəyərləri, xüsusilə dini azadlığı nəzərə alınarsa, onlar qlobal sülhün qorunmasında daha fəal iştirak edərlər.

Sonra çıxışlar ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələrdə müvafiq mövzu ilə bağlı dünyada mövcud olan problemlərlə yanaşı, ölkələrin müsbət təcrübələri də qeyd olunub. Diqqətə çatdırılıb ki, Bakının mədəniyyətlərarası dialoqa dair forumların, dini liderlərin sammitlərinin davamlı olaraq keçirildiyi ünvana çevrilməsi təqdirəlayiq nümunədir.

Mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşünün bağlanış mərasimində Avropa Şurasının demokratiya, Avropa quruculuğu və dinlər qrupunun vitse-prezidenti Qabriel Nissim, Avropa Kilsələr Konfransının kilsə və cəmiyyət komissiyası, insan hüquqları və kommunikasiya üzrə icraçı katib Elizbeta Kitanoviç, Strasburq şəhərinin ravvini Mendel Samama iki gün ərzində keçirilmiş panel iclaslara dair hesabat məruzəsi ilə çıxış ediblər.

Məruzələrdə müzakirələrin məhsuldar keçdiyi bildirilib, müvafiq problemlərin həllində əməkdaşlığın vacibliyi vurğulanıb.

Daha sonra Avropa Şurasının demokratik vətəndaşlıq və iştirak departamentinin direktoru Jan-Kristof Basın “Mübadilə görüşlərinin mədəniyyətlərarası və dinlərarası dialoqa töhfəsi: perspektivlər” mövzusunda yekun məruzəsi dinlənilib.

O, dinlərarası mübadilənin bu gün çox vacib olduğunu bildirib, Avropa qitəsində ən faydalı, mənalı mübadilə yollarının tapılmasına dair təkliflərini irəli sürüb, sülh şəraitində yaşamağın prioritet olduğunu vurğulayıb.

2014-cü il üzrə mübadilə görüşünün həmsədrləri, Slovakiyanın və Portuqaliyanın Avropa Şurasındakı daimi nümayəndələri Drahoslav Stefanek və Luis Filip Kastro Mendes müzakirə olunmuş mövzuların aktuallığından bəhs ediblər. Onlar Bakı görüşünün dinlər və mədəniyyətlərarası əməkdaşlığa töhfə verəcəyinə əminliklərini bildiriblər.

Bununla da “Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə” mövzusunda 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşü başa çatıb.