YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev “Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə” mövzusunda 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşünün iştirakçılarına təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə” mövzusunda 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşünün iştirakçılarına təbrik ünvanladı.

Təbrikdə deyilir: “Sizin hamınızı tolerantlıq məkanı kimi tanınan Azərbaycanda səmimi qəlbdən salamlayır, hər birinizə cansağlığı, uzun ömür və müvəffəqiyyətlər arzulayıram.

Fərqli dinlərə və inanclara mənsub insanların əsrlərdən bəri qarşılıqlı anlaşma şəraitində yaşadığı Bakı şəhərində toplaşmağınız rəmzi xarakter daşıyır. Müzakirə etdiyiniz məsələlərin müasir Avropa üçün taleyüklü rol oynadığını nəzərə alaraq xüsusi qeyd etmək lazımdır ki, tarixən bu qitədə müxtəlif dinlər xalqların mənəvi zənginləşməsinə əhəmiyyətli təsir göstərmişdir. Bu mənəvi zənginləşmə cəmiyyətin bütün təbəqələrinə sirayət edərək, əslində, onun bütövlüyünün vacib şərtlərindən birinə çevrilmişdir. Eyni zamanda, təhsildə, mədəniyyətdə və gənc nəslin tərbiyəsi ilə bağlı digər sahələrdə yüksək dözümlülük mühitinin formalaşdırılması da hazırkı dövrün başlıca vəzifələrindəndir. Azərbaycanda bu istiqamətdə konkret addımlar atılmaqdadır.

Yeni yaradılmış Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi məhz dünyada mədəni müxtəlifliyin ayrı-ayrı modellərinin tədqiqini və əldə olunan müsbət təcrübənin təbliğini qarşısına məqsəd qoymuşdur. Ümidvaram ki, Mərkəz öz fəaliyyəti ilə insanlığın böyük mənəvi sərvəti olan mədəni rəngarəngliyin daha dərindən araşdırılması işində uğurlar qazanacaq, xoşməramlı niyyətlərimizin ümumbəşəri tarixi-mədəni və dini-mənəvi dəyərlər müstəvisində gerçəkləşməsi üçün əlverişli zəmin hazırlayacaqdır.

Sürətlə qloballaşan dünyada mövcud siyasi, iqtisadi və mədəni proseslər hər bir ölkədən zamanın təxirəsalınmaz çağırışlarına adekvat cavab verməyi tələb edir. Bu isə dövlətlərarası əməkdaşlığın inkişaf etdirilməsi, yeni kreativ təfəkkürün və innovativ mühitin bərqərar olunması, eləcə də insanın dini əqidəsinə hörmətlə yanaşılması, irqçiliyin və dözümsüzlüyün hər hansı təzahürünün ləğvi ilə mümkündür. İnanıram ki, Sizin görüşünüz ümumavropa məkanında arzu olunan mühitin yaradılması prosesinə layiqli töhfəsini verəcək və yekun qərarlarınız Avropa ailəsinin bütövlükdə inkişafına xidmət göstərəcəkdir.

Bu nəcib işdə sizə uğurlar arzulayıram.”