YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Hərbi-siyasi müstəvidə Azərbaycan qarşısında aciz qalan Ermənistan informasiya müstəvisində təxribatlara əl atmaqla gündəmi dəyişməyə çalışır

Azərbaycanın beynəlxalq miqyasda nüfuzu hər gün daha da artır, milli dövlətçiliyimiz möhkəmlənir. Hazırda qlobal iqtisadi böhranın hökm sürdüyü bir vaxtda Azərbaycan iqtisadiyyatı inkişaf edir. Azərbaycan çox böyük qlobal layihələr həyata keçirir. Ölkəmiz Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ probleminin donmuş münaqişə halına salınmasına imkan vermir və torpaqlarımızın işğaldan azad olunması üçün əzm nümayiş etdirir. Bu cür müstəqil və milli maraqlara söykənən mövqe bəzi ermənipərəst, islamofob mərkəzlərin xoşuna gəlmir. Ona görə də bəzi qüvvələr vaxtaşırı ölkəmizə qarşı informasiya təxribatları törətməklə Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa cəhdlər edirlər. Çünki erməni lobbisi və ermənipərəst mərkəzlər bilirlər ki, Ermənistan Azərbaycanın hərbi, iqtisadi gücü qarşısında torpaqlarımızı uzun müddət işğal altında saxlaya bilməyəcək. Eyni zamanda, Azərbaycanın ayrı-ayrı ölkələrlə dostluq münasibətləri, diplomatik gücü Ermənistanı bir qədər də küncə sıxışdırır. Bu fikirləri  Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, belə olan halda ermənipərəst mərkəzlər və onların havadarları guya Azərbaycanda korrupsiya hallarının mövcudluğu, sabitliyin kövrək olması, insan haqlarının pozulması ilə əlaqədar iddialar ortaya atırlar. Son günlər qlobal mediada Azərbaycanda korrupsiya faktı ilə bağlı yayılan dezinformasiyanın arxasında da məhz düşmən qüvvələrin ölkəmizdə daxili sabitliyi pozmaq cəhdi dayanır. Çox təəssüf ki, hazırda imperialist mərkəzlərin ruporu rolunda çıxış edən bəzi xarici media qurumları da bu kimi dezinformasiyaları tirajlayan vasitəyə çevrilirlər. Bu, informasiya ilə, yaxud yumşaq güc vasitəsilə milli dövlətin şantaj olunmasıdır. Azərbaycanla bağlı qərəzli məlumatların əsas müəlliflərindən birinin milliyyətcə erməni olması bir daha göstərir ki, sözügedən informasiya təxribatında düşmənlərimizin bir başa iştirakı var. Eyni zamanda, məşhur milyarder və siyasi hoqqabaz Corc Sorosun da bu işdə dəsti-xəttinin olması onun postsovet məkanında “yarımçıq qalmış çevriliş planları”nın davamına cəhdi kimi qiymətləndirilməlidir. Bəlli olduğu kimi, hazırda C.Sorosun terrorçu elan edilməsi üçün ABŞ-da petisiya elan edilib və məsələnin müvafiq qurumlarda müzakirə olunmasına hüquqi əsas yaradacaq qədər imza toplanıb. Bu şəxs ABŞ ərazisində iqtisadi və maliyyə terroru törətməkdə və haqsız rəqabət mühiti yaratmaqla dövlətin maraqlarına ziyan vurmaqda ittiham edilir. Belə adamın ermənilərlə iş birliyi içərisində olması təbiidir .Çünki onları terrorizm xisləti birləşdirir.

Milli Məclisin deputatı qeyd edib ki, Ermənistan bu cür informasiyalar vasitəsilə regionun real siyasi gündəliyini, işğal faktını arxa plana keçirərək, Azərbaycanın adının neqativ hadisələrdə hallanmasını istəyir. Lakin bu mümkün deyil. Çünki, Azərbaycan diplomatiyası, eləcə də informasiya gücü buna imkan verməyəcək. İşğal faktının arxa plana keçirilməsinə yönələn bu cəhdlər xüsusən 2016-cı ildə baş verən aprel hadisələrindən sonra daha da aktivləşib. Hərbi-siyasi müstəvidə Azərbaycan qarşısında aciz qalan Ermənistan informasiya müstəvisində bu cür təxribatlara əl atmaqla gündəmini dəyişməyə çalışır. Ancaq dediyimiz kimi Azərbaycan güclü və müstəqil dövlətdir və ölkəmiz öz torpaqlarını işğaldan azad edəcək. Bu cür təxribatlara, erməni yalanına isə Azərbaycanın informasiya məkanında və azərbaycanlılar arasında inanan yoxdur.

Azərbaycana qarşı qarayaxma cəhdlərinin ABŞ-ın ATƏT-in Minsk qrupunda təmsil olunan müvəqqəti həmsədri Riçard Hoqlandın bir müddət əvvəl Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində 6 maddədən ibarət planı açıqlamasından sonraya təsadüf etməsinə münasibət bildirən deputat deyib: “Həm Hoqlandın, həm də ABŞ-ın ATƏT-in Minsk qrupuna təyin olunan yeni həmsədri Enrü Şoferin açıqlaması təsadüfi deyildi. Hər iki açıqlama bir-birini tamamlayırdı. Əslində Hoqland açıqlaması ilə Yenilənmiş Madrid Prinsiplərini, sülh danışıqları üçün çərçivənin müəyyən olunduğunu yenidən elan etmiş oldu. Məsələ ilə bağlı fərqli reaksiyalar oldu. Lakin ilk növbədə Rusiyanın xarici işlər naziri və Ermənistan da açıqladı ki, Hoqlandın bəyanatında yeni heç nə yoxdur. Bu, o deməkdir ki, problemin həlli ilə bağlı çərçivə artıq bəllidir və məsələ Yenilənmiş Madrid Prinsipləri əsasında həll edilməlidir. Təbii ki bu da erməniləri qane etmir. Son dövrlər Ermənistanın oynadığı ikibaşlı xarici siyasət qonşu dövlətlərdə, eləcə də regionda nüfuzu olan bəzi mərkəzlərdə ciddi narahatlıq yaradıb və onlar tənqidlərə məruz qalırlar. Gürcüstanda keçirilən sonuncu NATO təlimlərində Ermənistanın heç bir səbəb göstərmədən iştirak etməməsi də bir daha onu sübut etdi ki, düşmən ölkə dəyişkən mövqeyə malikdir. Bu cür siyasət qeyri-ciddi siyasət kimi qəbul edilir və bununla heç bir ölkənin müttəfiqi olmaq mümkün deyil. Ona görə də ermənilər hazırkı mərhələdə həm daxili, həm də qlobal informasiya auditoriyasına yeni mövzu atmaqla özünün işğalçı siyasətini ört-basdır etməyə çalışır. Lakin bu, effektiv metod deyil və bu cür addımlar nəticə etibarı ilə Ermənistanı dalana doğru aparır. Ermənistanın buraxdığı hər bir səhv Azərbaycanın lehinədir. Bu baxımdan, Ermənistanın informasiya müstəvisindəki təxribatları da baş tutan deyil”.

H.Babaoğlu bildirib ki, sentyabrın əvvəllərində BMT-nin Baş Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü nəzərdə tutulub. Bu mərhələdə düşmən ölkə düşünür ki, Azərbaycanla bağlı qərəzli informasiyalar yaymaqla ölkəmizə qarşı təzyiq etmiş olacaq. Hər kəsə məlumdur ki, ermənilər IV İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışları ərəfəsində də qlobal informasiya məkanında bu cür təxribatlara əl atmışdılar. Həmin təxribatlar üçün tribunaya çevrilən bəzi xarici mətbu orqanları sonradan bu və ya digər şəkildə həmin məlumatları yayan əməkdaşlarını cəzalandırdılar. Göründüyü kimi, bu proseslər daimidir və Azərbaycan haqqında dezinformasiya yaymaqla ölkəmizi təxribata çəkmək məqsədi daşıyır. Təbii ki, ölkəmizin də buna qarşı effektiv mübarizə metodları var. Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi qara siyahısı var. Bundan başqa, transmilli media orqanlarında ölkəmizin əleyhinə məlumatlar yayılırsa, həmin mətbu orqanda yayılan dezinformasiya xarakterli məlumata görə ya sonradan təkzib verilir, ya da onu yayan əməkdaşlar cəzalandırılır. Bu, olduqca effektiv və tərbiyəvi metoddur. Çünki növbəti belə bir təxribatın yayılmasında vasitəçi olan jurnalist və ya informasiya mənbəyi ikinci dəfə bu addımı atarkən daha ehtiyatlı olacaq. O ki qaldı kökündən islamofob mövqe tutan xarici media orqanlarına, Azərbaycan torpaqları işğaldan azad edilənə qədər daim onlarla mübarizə aparmalı olacaq.