YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistan silahlı qüvvələrinin azərbaycanlı dinc əhaliyə qarşı cinayətləri İtaliya mətbuatında geniş işıqlandırılıb

İyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində mülki azərbaycanlı əhaliyə qarşı törətdiyi cinayət İtaliya mətbuatında geniş işıqlandırılıb.

Ölkənin “Agenzia Nova” xəbər agentliyi mütəmadi olaraq mövzu barədə məlumatlar yayımlayıb. İnformasiyalarda baş vermiş hadisə ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin bəyanatları, İtaliya parlamentində Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri, senator Sercio Divinanın Ermənistan silahlı qüvvələrinin Azərbaycan vətəndaşlarını hədəfə almasını pisləyən açıqlamaları öz əksini tapıb.

İtaliyanın nüfuzlu KİV-lərindən olan “L’Opinione” qəzetində də Ermənistanın ölkəmizə qarşı yeni təxribatı və nəticədə mülki vətəndaşların qətlə yetirilməsi barədə jurnalist-tədqiqatçı Domeniko Letizianın müəllifi olduğu “Ermənistanın silahlı qüvvələri tərəfindən atılmış minaatan Azərbaycanda mülki şəxsləri qətlə yetirib” adlı məqalədə dərc olunub. Yazıda İtaliya parlamentinin üzvləri deputatlar Kristina Bargero və Xalid Çauki, senatorlar Vito Petroçelli və Sercio Divinanın Ermənistan silahlı qüvvələrinin mülki azərbaycanlı əhaliyə qarşı törətdiyi cinayətləri pisləyən, eləcə də Ermənistanın işğalçı siyasətini qınayan bəyanatlarına yer verilib.

“Notizie Geopolitiche” analitik portalında dərc olunmuş “Minaatan iki mülki şəxsin - yaşlı qadının və bir uşağın həyatına son qoyub” başlıqlı məqalədə baş vermiş hadisə ilə bağlı məlumatlar yerləşdirilib.

İtaliyanın iqtidar Demokratik Partiyasının “L’Unita” və “Mondo Democratico” qəzetlərində də müvafiq olaraq “Dağlıq Qarabağ: uzunsürən münaqişənin təhlükəli oyanışı” və “Dağlıq Qarabağ münaqişəsi: 1994-cü ildən bəri bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün öz evlərinə qayıtmağı gözləyir” sərlövhəli məqalələr dərc olunub. Müəllifi Cənubi Qafqaz üzrə tədqiqatçı Daniel Pommier Vinçelli olan hər iki məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başvermə səbəbləri, Ermənistanın Azərbaycana hərbi təcavüzü, mülki əhaliyə qarşı törətdiyi cinayətlər və beynəlxalq ictimaiyyətin mövqeyi ilə bağlı fikirləri yer alır, habelə münaqişəyə beynəlxalq hüquq nöqteyi-nəzərdən qiymət verilir.

Habelə İtaliyanın “İl Roma” gündəlik qəzetinin çap versiyasında jurnalist-tədqiqatçı Domeniko Letizianın “Ermənistanın azərbaycanlı dinc əhaliyə qarşı təcavüzü” başlıqlı məqaləsi dərc olunub. Məqalədə İtaliya parlamentinin müxtəlif partiyalardan olan üzvlərinin - deputatlar Kristina Bargero və Xalid Çauki (Demokratik Partiyası), senatorlar Vito Petroçelli (5 ulduz hərəkatı partiyası), Maria Rizzotti (İrəli İtaliya Partiyası), Sercio Divinanın (Şimal Liqası Partiyası) Ermənistan təxribatını pisləmələri barədə məlumat verilir, eləcə də Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin məsələ ilə bağlı açıqlamaları yer alır.