YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının tikinti sektorunda fəaliyyət göstərən şirkətlərin nümayəndələri ilə görüşü keçirilib

Bu gün Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının tikinti sektorunda fəaliyyət göstərən şirkətlərin nümayəndələri ilə görüşü keçirilib. Komissiyanın sədri, Baş nazirin müavini Əli Əhmədov son illər ölkəmizdə böyük quruculuq işlərinin həyata keçirildiyini bildirib. Prezident İlham Əliyevin «Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» Sərəncam imzaladığını xatırladan Baş nazirin müavini bu sərəncamla Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının yaradıldığını qeyd edib. Onun sözlərinə görə, komissiyanın qarşısında bir çox əhəmiyyətli vəzifələr qoyulub: «Bu vəzifələr hər şeydən əvvəl qeyri-rəsmi məşğulluğun aradan qaldırılması ilə əlaqədardır. Həmçinin, komissiyanın qarşısında ölkəmizdə işgüzar, iqtisadi fəallığın artırılmasına dəstək verilməsi, işçilərin sosial müdafiəsinin daha da yaxşılaşdırılması, eləcə də, əmək bazarında təklif və tələb arasında uyğunluğun yaradılması kimi vacib vəzifələr qoyulub.  Son 10-12 il ərzində ölkəmizdə möhtəşəm inkişaf və yüksəliş yaşanıb. Bu inkişafa bütün dünya şahiddir. Bu dövrdə Azərbaycan iqtisadiyyatı 3,5 dəfə artıb, bir neçə il ərzində Azərbaycan inkişaf dinamikası baxımından dünyanın ən  öndə gedən  ölkəsi olub. Bu iqtisadi yüksəliş dövlətin qarşısında duran sosial vəzifələrin də uğurla yerinə yetirilməsi üçün çox etibarlı baza yaradıb. Bu illər ərzində pensiya və əməkhaqları, müavinətlər bir neçəç dəfə artıb. Bu illər ərzində ölkəmizdə 1,5 milyondan çox yeni iş yerləri açılıb. Təkcə keçən il 190 min yeni iş yerləri  yaradılıb.Azərbaycan yoxsulluğun səviyyəsinin aşağı düşməsi sahəsində dünyada heç bir ölkənin nail ola bilmədiyi göstəriciyə nail olub. Belə ki,  10 il ərzində yoxsuluğun səviyyəsi 49 faizdən 5 faizdən aşağı düşüb. İşsizliyin aradan qaldırılması yönündə də işlər görülür. Bu gün ölkəmizdə işsizliyin səviyyəsi 6 faizdən aşağıdır».

 

Digər sahələrdə də müsbət nəticələrin qazanıldığını deyən Baş nazirin müavini bildirib ki, ölkəmizdə quruculuq, abadlaşma, müasirləşmə, Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi, regionların simasının dəyişməsi bütövlükdə Azərbaycanın mənzərəsini köklü surətdə dəyişib. Onun sözlərinə görə, hazırda güclü Azərbaycan dövləti qurulub və biz bundan qürur duyuruq: «Eyni zamanda, görülən işlər cənab Prezidentin rəhbərliyi ilə hər bir vətəndaş üçün daha rahat şəraitin təmin edilməsi deməkdir. İnsanlar üçün işləmək, yaşamaq xoşdur. Çünki insanların rahat yaşaması, əmək fəaliyyəti göstərməsi, mənəvi cəhətdən inkişafı üçün hər bir şərait yaradılıb. Prezidentimizin qeyd etdiyi kimi Azərbaycanda həyata keçirilən siyasətin əsasında vətəndaş dayanır. Dövlət siyasətində bundan yüksək məna və məzmun ola bilməz. İnsan dövlət və cəmiyyət üçün ən ali dəyərdir. Bu dəyərin layili həyat səviyyəsi ilə təmin edilməsi isə dövlətin ən ali vəzifəsidir. Bu vəzifəni Prezidentimizin rəhbərliyi ilə dövlətimiz uğurla həyata keçirir».

Əli Əhmədov qeyd edib ki, Azərbaycan böyük resurslara malik olan ölkədir və bir neçə il ərzində çox yüksək iqtisadi-sosial göstəricilər əldə edib. Onun sözlərinə görə, bu nəticələrin qazanılmasında təbii resurslarımız başlıca rol oynayıb: «Amma hazırda neft amili əsaslı rol oynamır. Prezident İlham Əliyevin rəhbərliyi ilə  uzunmüddətli inkişafın təmin edilməsi məqsədilə yeni iqtisadi inkişaf konspesiyası hazırlanıb. Bu inkişaf konsepsiyasının mahiyyəti Azərbaycanın inkişafını, insanların rifahını təbii resurslardan asılılıqdan azad etməkdən ibarətdir.  Məqsəd daimi olan resursların yaradılmasıdır ki, bu resurslar tükənmir, artırılır. Bu resurslar əsasında iqtisadi inkişafı və sosial rifahın təmin edilməsi qarşıya qoyulub.   Buna görə də iqtisadiyyatın diversifikasiyası həyata keçirilir. Kənd təsərrüfatı, sənaye, turizm və digər sahələrin inkişaf edirilməsi bu konsepsiyanın əsas parametrlərini təşkil edir. Bilirsiniz ki, dövlət başçısı tərəfindən Strateji Yol Xəritəsi təsdiq edilib və onun həyata keçirilməsi nəticəsində Azərbaycanın inkişafında sıçrayışa nail ola biləcəyik.

Biz buna əminik. Çünki potensialımız çox böyükdür».

Əli Əhmədov qeyd edib ki, inkişaf siyasətinin həyata keçirilməsində tikinti sektoru da  önəmli rol oynayır. Hökumətin siyasətində tikinti sektoruna böyük önəm verildiyini deyən Baş nazirin müavini bildirib ki, Azərbaycanda ən çox sərmayə qoyulan sahələrdən biri tikinti sahəsidir. «Bu, dövlətin bu sahəyə verdiyi önəmlə əlaqədardır. 2016-cı ildə Azərbaycanda qoyulan 15 milyard manat sərmayənin 11,4 milyard manatı tikinti sahəsinə yönəlib. Bunun sayəsində tikinti sektoru güclənir. Dövlət bundan sonra tikinti sektorunun dəstəklənməsinə, bu sektorda çalışan insanların daha güclü mövqelərə malik olmasına maraqlıdır. Bu illər ərzində Azərbaycanda möhkəm dayaqlara söykənən tikinti şirkətləri yaranıb, bu şirkətlər ölkədən kənarda da tikinti layihələrini uğurla həyata keçirirlər. Bununla da, bir tərəfdən  özlərinin biznes maraqları təmin etmiş olurlar, digər tərəfdən dövlətimizin iqtisadi potensialına əhəmiyyətli töhfə verirlər. Ötən il 11,4 milyard manat sərmayə hesabına 3,9 milyard manatdan çox əsaslı kapital qoyuluşu həyata keçirilib. 1 milyon 670 min kvadrat mənzil tikintisi həyata keçirilib. Bu, təxminən 13 min mənzil deməkdir. Eləcə də,  məktəblər, uşaq baxçaları, xəstəxanalar, digər sosial və iaşə  obyektləri tikilib. Tikinti sahəsi Azərbaycanın əmək bazarında da əhəmiyyətli rol oynayır. Rəsmi statisikaya görə, bu sektorda 343 min nəfər işlə təmin olunur. Bu, bütövlükdə iqtisadi fəal əhalinin təxminən 7 faizini təşkil edir».

Tədbirdə komissiyanın üzvləri-əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov çıxış ediblər.

Görüşdə tikinti şirkətlərinin nümayəndələri də müxtəlif məsələlərlə əlaqədar fikirlərini bildiriblər.

DİGƏR Xəbərlər Arxiv