YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının IX konfransı keçirilib

Aprelin 15-də Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının IX konfransı  keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin rayonun mərkəzində ucalan abidəsi önünə  qızıl gül dəstələri qoyublar.

Sonra Ağsu Rayon Mədəniyyət Sarayında davam edən tədbirdə gündəliyə uyğun olaraq YAP Ağsu təşkilatının sədri Əli Hüseynov hesabat məruzəsi ilə çıxış edib: “Yarandığı ilk gündən Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi səhnəsində uğurla fəaliyyət göstərir və bu gün cənab İlham Əliyevin rəhbərliyi altında öz prinsiplərinə sadiqliyini nümayiş etdirir. YAP-ın cəmiyyətdə böyük nüfuz sahibi olduğunu və onun qarşısında şərəfli missiya dayandığını söyləyən Prezident İlham Əliyevin bu fikirləri Yeni Azərbaycan Partiyasının fəaliyyətinə verilən yüksək qiymətdir. Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının bir parçasıdır. Bütün Azərbaycan xalqının xoşbəxt gələcəyi üçün bizim partiyamız əlindən gələni əsirgəmir və bundan sonra da bunu edəcəyik.”

Ə.Hüseynov bildirib ki, 19 noyabr 1993-cü ildən fəaliyyət göstərən YAP Ağsu  rayon təşkilatı ötən 24 ildə böyük inkişaf yolu keçib, öz sıralarını daim genişləndirib, partiyamızın proqram və prinsiplərinə uyğun olaraq qarşıya qoyulan vəzifələrin icrasını ləyaqətlə yerinə yetirib: “Təşkilat  VIII  konfransdan ötən müddətdə fəaliyyətini daha da canlandırıb, partiya üzvlərinin sayı xeyli artıb. Hazırda YAP Ağsu rayon təşkilatı öz ətrafında 91 ərazi ilk partiya təşkilatını birləşdirir. Rayon  təşkilatının üzvlərinin sayı 5328 nəfərdir. Partiya üzvlərinin 30 faizini gənclər, 39 faizini isə qadınlar təşkil edir.  VIII konfransdan hazırkı dövrə qədər təşkilatın sıralarına  1022 nəfər üzv qəbul edilib ki, onların da 575 nəfərini gənclər, 349 nəfərini isə qadınlar təşkil edir. YAP  Ağsu rayon təşkilatında birləşən üzvlər ölkənin, o cümlədən təmsil etdikləri rayonun ictimai-siyasi, iqtisadi, mədəni həyatında fəal iştirak edirlər. YAP Ağsu rayon təşkilatının Qadınlar Şurası 2037 nəfər üzvü,  Gənclər Birliyi isə  1203 nəfər  üzvü öz ətrafında  birləşdirir.” 

Nəzarət-təftiş  qrupunun  sədri Araz Rəhimov çıxışında VIII konfransdan keçən dövrdə  təşkilatın sıralarında birləşdirdiyi ərazi ilk partiya təşkilatlarında  baş verən yeniliklər, partiya fəallarının üzvlük haqlarının yığılması prosesində fəal iştirakı barədə ətraflı məlumat verib.

Məruzə ətrafında çıxışlarda YAP Ağsu rayon təşkilatının Qadınlar Şurasının sədr müavini Sevil Mirzəliyeva, YAP Ağsu rayon təşkilatının Gənclər Birliyinin sədri Elnur Fərzəlizadə, rayon təhsil işçiləri ərazi ilk partiya təşkilatının sədri Tahir Xası, Qarabağ Muharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyi Ağsu rayon şöbəsinin sədr müavini A.Qənbərov, YAP üzvü Cavan Cavadov, Ağsu şəhər 3 saylı tam orta məktəbin müəllimi Rəhilə Musayeva  çıxış ediblər.

Konfransda Yeni Azərbaycan Partiyası İcra Katibliyinin şöbə müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə, YAP Ağsu rayon təşkilatının İdarə Heyətinin üzvü, rayon İcra Hakimiyyətinin başçısı  Ənvər Seyidəliyev çıxış  edərək ölkəmizin son dərəcə çətin sınaqlar qarşısında qaldığı bir vaxtda yaranan partiyanın rolundan bəhs edib.

Sonra təşkilati məsələlərə baxılıb. Əli Abbas oğlu Hüseynov yenidən YAP Ağsu rayon təşkilatının sədri seçilib. 37 nəfərdən ibarət Şura,  5 nəfərdən ibarət nəzarət-təftiş qrupunun tərkibi təsdiqlənib. YAP Ağsu rayon təşkilatının 17 nəfərdən ibarət İdarə Heyətinin tərkibi, sədr müavinləri seçilib.