YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 8 məsələyə baxılıb

Fevralın 28-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

Əvvəlcə komitə sədri Ziyad Səmədzadə gündəlikdəki səkkiz məsələ barədə məlumat verib. Qeyd edib ki, Azərbaycan Respublikası Mərkəzi Bankının idarə heyətinə üzv seçilməsi ilə bağlı üç nəfərin namizədliyi Prezident İlham Əliyev tərəfindən irəli sürülüb. Onlar Alim Səlim oğlu Quliyev, Vadim Ələddin oğlu Xubanov və Aftandil Qasım oğlu Babayevdir. Komitənin bu insanlar haqqında müsbət rəyi var.

Komitə üzvləri təklif olunan namizədlərin peşəkar iqtisadçılar və bank mütəxəssisləri olduqlarını qeyd ediblər. Hər üç namizədin məsələsi təsdiq olunmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

İclasda çıxış edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin nümayəndəsi Elçin Nəsirov Cinayət və İnzibati Xətalar məcəllələrində və “Dövlət satınalmaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrini təqdim edib. Bildirib ki, Cinayət Məcəlləsinə təklif edilən 308-2-ci maddə satınalma prosedurları keçirilmədən dövlət vəsaitlərini xərcləmə və ya dövlət satınalmalarını qanunsuz keçirmə məsələlərini nəzərdə tutur. Dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasına görə müxtəlif dərəcələr üzrə vəzifəli şəxslər beş yüz manatdan altı min manatadək cərimə edilirlər. Digər bir dəyişikliyə görə, “Dövlət satınalmaları haqqında” qanunun 55.2.1-ci maddəsi ləğv edilir.

İclasın gündəliyində yer alan Vergilər Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinin müvafiq maddələrinə isə “publik hüquqi şəxslər” sözləri əlavə edilir. Düzəlişlərə görə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən publik hüquqi şəxsin dövlət qeydiyyatına alınması həmin publik hüquqi şəxsin nizamnaməsinin təsdiq edilməsi haqqında müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin hüquqi aktı qüvvəyə mindikdən sonra bu məqsədlə səlahiyyət verilmiş şəxsin müraciəti əsasında iki iş günündən gec olmayaraq həyata keçirilməlidir.

Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.