YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xocalı faciəsini dünyaya tanıtmaq ədalətin bərpasına çağırışdır

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Azərbaycanın İsveçrədəki səfirliyi və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) birgə təşkilatçılığı ilə Bern şəhərinin “Bellevue Palace” mehmanxanasında Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilib.

Tədbirdə çıxış edən Azərbaycanın bu ölkədəki səfiri Əkrəm Zeynallı Xocalı soyqırımı haqqında qonaqlara ətraflı məlumat verib, bu faciənin Azərbaycan xalqının qan yaddaşında ən ağrılı səhifələrdən biri olduğunu deyib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” kampaniyası barədə ətraflı məlumat verən diplomat Xocalı soyqırımının Bosniya və Herseqovina, Çexiya, Cibuti, Honduras, İordaniya, Kolumbiya, Meksika, Qvatemala, Panama, Pakistan, Peru, Rumıniya, Sudan parlamentləri, ABŞ-ın bir çox çox ştatları, həmçinin 57 müsəlman ölkəsinin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı tərəfindən tanındığını bildirib.

Səfir yaxın gələcəkdə İsveçrə parlamentinin bu faciəyə hüquqi qiymət verəcəyinə ümidvar olduğunu bəyan edib.

Çıxış edən Avropa Azərbaycan Cəmiyyətinin nümayəndəsi Eliza Piter bildirib ki, Xocalı soyqırımını dünyada tanıtmaqda əsas məqsəd intiqam hissi deyil, ədalətin bərpasının təmin olunmasıdır. Bu həm də faciədən sağ qalanların ailələri üçün bir təskinlik olacaq.

Daha sonra səhnəyə çıxan fransız bəstəkar Pyer Tilloy bu faciəyə biganə qalmağın mümkün olmadığını, hadisənin qurbanlarının xatirəsi qarşısında öz insanlıq borcunu yerinə yetirərək “Xocalı 613” musiqi əsərini bəstələdiyini bildirib.

Tədbirin bədii hissəsində “Xocalı 613” əsəri tamaşaçılara təqdim olunub, o cümlədən Azərbaycan və Qərb bəstəkarlarının əsərləri ifa edilib.

Anım mərasimində İsveçrənin müxtəlif dövlət qurumlarının təmsilçiləri, diplomatik korpusun üzvləri, yerli ictimaiyyətin nümayəndələri, Azərbaycan və türk diaspor təşkilatlarının təmsilçiləri iştirak ediblər.