YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Hər bir cəmiyyətin sağlam inkişafı üçün ən vacib şərtlərdən biri də ərzaq təhlükəsizliyi və qida təhlükəsizliyidir

«Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bugünlərdə imzalanan "Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı çox yüksək və çox müsbət qiymətləndirirəm. Belə demək mümkünsə, bu Fərman əhəmiyyətinə, mahiyyətinə və məzmununa görə, hətta, tarixi və inqilabi bir sənəddir. Buna çoxdan ehtiyac duyulurdu və bu, əslində həm də cəmiyyətdən gələn sosial sifariş idi. Bildiyiniz kimi, ölkə Prezidenti cənab İlham Əliyev hər zaman cəmiyyətdən gələn təşəbbüslərə çox böyük həssaslıq və diqqətlə yanaşır,  onları daim fəaliyyətində nəzərə alır və buna uyğun olaraq da zaman-zaman müvafiq addımlar atır. Məlum Fərman da məhz bu istiqmətdə atılmış və çox düşünülmüş bir addımdır. Bu,  hər kəs tərəfindən də müsbət qarşılanır. Bunun əksini də düşünmək mümkün deyil». Bu fikirləri Milli Məclisin  Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki,  bütövlükdə hər bir cəmiyyətin sağlam inkişafı,  gələcək nəsillərin sağlam böyüməsi, yetişməsi üçün ən vacib şərtlərdən və məqamlardan biri də ərzaq təhlükəsizliyi və onun şərtlərindən biri olan qida təhlükəsizliyidir. Onun sözlərinə görə,  qida təhlükəsizliyi ərzaq təhlükəsizliyinin  tərkib hissəsi olmaqla, insan genefondunun təhlükəsizliyi, hətta, milli təhlükəsizlik kimi önəmli bir məsələdir.

«Fərmanda Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədovun rəhbərliyi ilə Komissiya yaradılıb. Şübhəsiz ki, bu Komissiya agentliyin yaradılması və 2018-ci il yanvarın 1-dən fəaliyyətə başlaması üçün Fərmanda göstərilən bütün tədbirləri vaxtında və uğurla həyata keçirəcəkdir.   Eyni zamanda Fərmanda Nazirlər Kabinetinə beynəlxalq təcrübə nəzərə alınmaqla “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası qanununun layihəsini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə verilməsinə dair tapşırıq nəzərdə tutulmuşdur. Hesab edirəm və qəti şəkildə əminəm ki, bu Fərmandan irəli gələn vəzifələr zamanında və vaxtında həyata keçiriləcək, ölkəmizin qida təhlükəsizliyinin təmin olunması prosesində çox önəmli və müsbət nailiyyətlərə imza atılacaq. Milli Məclisin Aqrar siyasət komitəsi hazırlanacaq qanun layihəsinin vaxtında baxılıb Milli Məclisin plenar iclasına təqdim olunması üçün lazımi tədbirlər görəcəkdir» - deyə, komitə sədri vurğulayıb.