YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Azərbaycan Avropa İttifaqı ilə əlaqələrin genişləndirilməsi xəttinə sadiqdir

«Şərq Tərəfdaşlığı proqramı çərçivəsində xarici işlər nazirlərinin görüşü üzv ölkələrin Avropa İttifaqı ilə əməkdaşlığının daha da inkişaf etdirilməsinə xidmət edir. Nəzərə almaq lazımdır ki, məhz bu əməkdaşlıq fonunda beynəlxalq siyasətdə xeyli mürəkkəb vəziyyət yaranıb. Buna misal kimi Ukraynanın Avropa İttifaqı ilə əməkdaşlığını, bu əməkdaşlığının daha da dərinləşməsi məqsədilə Şərq Tərəfdaşlığı sazişinə imza atılmasını, iyulun 27-də isə Gürcüstan və Moldovanın da həmin sazişə qoşulmasından irəli gələrək Rusiyanın bütün bu proseslərə mənfi reaksiyasını göstərmək olar». Bu fikirləri politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, bu reallıqları nəzərə alsaq, məlum görüşlərin keçirilməsi, müzakirələrin aparılması çox böyük siyasi və geopolitik mənası olan hadisədir. Onun sözlərinə görə, Azərbaycan dövləti Avropa İttifaqı ilə əməkdaşlıq məsələlərinə tarazlaşdırılmış, balanslı bir siyasətlə yanaşır.

«Azərbaycanın 2007-ci ilin may ayında qəbul edilən milli təhlükəsizlik konsepsiyasında aydın şəkildə yazılıb ki, ölkəmiz Avroatlantik məkana inteqrasiya xəttinə üstünlük verir və bu istiqamətdə konkret addımlar atır. Azərbaycan Avropa İttifaqı ilə əlaqələrin genişləndirilməsi xəttinə sadiqdir. Lakin biz inqilabi deyil, təkamül yoluna üstünlük veririk. Hələlik Azərbaycan Avropa İttifaqı ilə assosiativ saziş və azad ticarət zonası ilə bağlı sənədləri deyil, viza rejiminin sadələşdirilməsi sənədini imzalayıb. Viza rejiminin sadələşdirilməsi iki tərəf arasında əlaqələrin daha da genişləndirilməsi mənafeyinə xidmət edəcək, yeni bir mərhələ yaranacaq. Bu yeni mərhələnin isə növbəti mərhələlərə keçidi, transferi labüddür. Azərbaycan Avropa İttifaqı ilə əlaqələrin inkişafında geopolitik vəziyyəti, beynəlxalq konyukturanı, regiondakı vəziyyəti və digər faktorları nəzərə alır, atacağı addımları tənzimləyir. Hesab edirəm ki, xarici işlər nazirlərinin Brüssel görüşü və Elmar Məmmədyarovun da həmin tədbirlərdə iştirakı Azərbaycanın həmin siyasətin davam etdirilməsi mənafeyinə xidmət göstərir»- deyə, politoloq qeyd edib.