YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

XİN: Azərbaycan qanunlarının pozulmasını söz azadlığı prinsipi ilə ört-basdır etmək olmaz

Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini pozmuş, bundan sonra başqa bir pasportla yenidən Azərbaycana səfər edərək ölkənin dövlət sərhədlərini pozmuş bir şəxsin fəaliyyətinin söz azadlığının pozulması kimi təqdim edilməsi düzgün deyil.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbinin Azərbaycan tərəfinin tələbi üzrə Belarusda Aleksandr Lapşinin saxlanılması ilə bağlı fikirlərini şərh edərkən bildirib.

H.Hacıyev qeyd edib ki, bu səfər hüquqi müstəvidə olan məsələdir və kiminsə özünü bloqer kimi təqdim etməsi digər ölkələrin qanunlarını və qaydalarını pozmasına əsas vermir:

“Aleksandr Lapşinin fəaliyyətində Azərbaycan qanunlarının pozulması ilə əlaqədar kifayət qədər elementlər var və qanunun aliliyi prinsipi hər kəsə eyni qaydada tətbiq olunmalıdır”.

Qeyd edək ki, Azərbaycan Baş Prokurorluğundan Trend-ə verilən məlumata görə, bir qrup şəxslə cinayət əlaqəsinə girərək Azərbaycanın işğal olunmuş ərazisinə qanunsuz səfər və dövlət əleyhinə yönələn açıq çağırışlar etdiyi, dövlət sərhədini qanunsuz keçdiyinə görə, Belarusda həbs edilən Aleksandr Lapşinin ölkəmizə ekstradisiya olunması ilə əlaqədar hazırda zəruri tədbirlər davam etdirilir.

A.Lapşinin Azərbaycana ekstradisiya edilməsi üçün sənədlər Baş Prokurorluq tərəfindən Belarus hüquq-mühafizə orqanlarına təqdim olunub. A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində fakta görə, Azərbaycan Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi qaldırılıb və barəsində dövlətlərarası axtarış elan edilib. Minsk məhkəməsinin qərarı ilə A.Lapşin barədə 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Hazırda həmin şəxsin Azərbaycan tərəfə təhvil verilməsi üçün sənədləşmə işləri aparılır.

Ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Ermənistan silahlı qüvvələri tərəfındən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub.

O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus “http//puerrtto.livejournal.com” səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.