YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Abbasov: Rabitə və yüksək texnologiyalar sektorunda uğurlu inkişaf tendensiyası davam edir

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) 2014-cü ilin 6 ayının yekunları və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilib.

İclasda rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələri diqqətə çatdırıb. Qeyd edilib ki, respublikada aparılan uğurlu iqtisadi islahatlar nəticəsində qeyri-neft sektorunun dinamik inkişafına və artım tempinə nail olunub. Rabitə və yüksək texnologiyalar sektorunda da uğurlu inkişaf tendensiyası davam edir və bu, beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Belə ki, Dünya İqtisadi Forumunun “Qlobal İnformasiya Texnologiyaları 2014” (“The Global Information Technology Report 2014”) hesabatında Azərbaycan “Şəbəkələşmə hazırlığı indeksi”nə görə 7 pillə irəliləyərək dünyanın 148 ölkəsi arasında 49-cu yerə yüksəlib. Ölkəmiz hər 100 nəfərə düşən internet istifadəçilərinin sayına görə 148 ölkə arasında 59-cu yeri tutmaqla MDB-də liderlik mövqeyini qoruyub saxlayır. BMT-nin “E-Hökumət müayinəsi 2014” hesabatında Azərbaycan “Elektron hökumətin inkişafı indeksi” üzrə 28 pillə irəliləyərək 193 ölkə arasında tutduğu 96-cı yerdən 68-ci yerə yüksəlib.

Daha sonra kollegiya iclasında ilin birinci yarısında görülən işlər və əldə olunan nəticələr barədə məruzə dinlənilib. Bildirilib ki, 2014-cü ilin birinci yarısında informasiya-kommunikasiya texnologiyaları (İKT), informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 13 faiz artıb. Hazırda ölkədə hər 100 nəfərə 110 mobil abunəçi və 73 internet istifadəçisi düşür. Hər yüz nəfərdən 55-i genişzolaqlı internetdən, 62-si isə kompyuterdən istifadə edir. Beynəlxalq internet kanallarının ümumi tutumu 250 giqabayt-saniyəyə çatdırılıb. Eyni zamanda, ölkə əhalisinin yaşadığı ərazilərin 97,5 faizi rəqəmli televiziya yayımı ilə təmin edilib.

Sonra nazirliyin bir sıra struktur rəhbərlərinin çıxışları dinlənilib, cari və həlli vacib məsələlər müzakirə olunub.

Kollegiyaya yekun vuran Əli Abbasov kosmik sahənin, o cümlədən peyk infrastrukturunun inkişafı və müxtəlif təyinatlı peyklərin orbitə çıxarılması ilə bağlı nəzərdə tutulan tədbirlərin davam etdirildiyini, internet xidmətlərinin keyfiyyətinin daha da yüksəldildiyini, genişzolaqlı rabitənin təşkilinə hazırlıq görüldüyünü bildirib. Nazir elektron xidmətlərin tətbiqi, telekommunikasiya və poçt xidməti şəbəkəsinin modernləşdirilməsi, kibertəhlükəsizlik sahəsində insidentlərə qarşı mübarizə infrastrukturunun gücləndirilməsi, ölkə ərazisində televiziya və radio proqramlarının yayım keyfiyyətinin və əhatə zonasının genişləndirilməsi, rəqəmli yayıma keçidin tam başa çatdırılması barədə müvafiq struktur bölmələrinə konkret tapşırıqlar verib. 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarında keyfiyyətli və dayanıqlı telekommunikasiya xidmətlərinin təmin edilməsi ümdə vəzifə olaraq qarşıya qoyulub.