YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Meksikanın məşhur jurnalının xüsusi buraxılışı Azərbaycana həsr olunub

Azərbaycanın Meksikadakı səfirliyinin təşəbbüsü və məlumat dəstəyi ilə ingilis-ispan dilli lüks kateqoriyalı “Amura Yachts & Lifestyle” jurnalının “Azərbaycan - Odlar Yurdu” sərlövhəli təqdimat xarakterli xüsusi buraxılışı dərc olunub.

Azərbaycanın Meksikadakı səfirliyindən  bildirilib ki, əsasən zəngin təbəqədən olan oxucu kütləsinin və iş adamlarının diqqətini cəlb etmək üçün nəzərdə tutulmuş jurnalın xüsusi buraxılışında ölkəmizin tarixi, mədəniyyəti, turizm imkanları, kulinariyası, coğrafi mövqeyi, iqtisadiyyatı və əhalinin həyat səviyyəsi barədə məlumatlar və nəfis şəkillər yer alıb.

Jurnalda Azərbaycanın qədim tarixinin insanın yaranışı ilə bir dövrə təsadüf etdiyi qeyd olunur və bu ərazidə yaşayanların mədəni irsinin paleolit dövründə qayaüstü yazılarda əks olunmasından bəhs edilir.

Xüsusi buraxılışda ideal coğrafi şəraitin Azərbaycanı Çin, Asiya, Avropa, Hindistan, Rusiya və İran arasında bağlayıcı halqaya çevirdiyi bildirilir. Azərbaycanın 1847-ci ildə dünyada ilk dəfə neft çıxaran ölkə olduğu vurğulanır, respublikamızda bu və digər sahələrdə əldə olunan nailiyyətlərdən, mövcud təbii qaz ehtiyatlarından bəhs edilir.

Həmçinin Azərbaycanın mədəni sərvəti olan, musiqi, poeziya və fəlsəfənin sintezindən ibarət muğamın nəsildən-nəslə keçdiyi qeyd edilir, musiqi alətlərimiz tar, kamança və qaval haqqında ətraflı məlumat verilir. Növbəti səhifələrdə Bakının tarixi yerləri olan İçərişəhər, Qız qalası, Şirvanşahlar sarayı barədə ətraflı söhbət açılır.

Müasir Bakı haqqında məlumat verilərkən, göydələnlərdən, dəbdəbəli ticarət mərkəzlərindən, şəhərdə 24 saat ərzində təmin olunan təhlükəsizlikdən, o cümlədən çimərliklərdən, təmiz və səliqəli küçələrdən, lüks hotellərdən, restoranlardan bəhs edilir. Bundan başqa, Bakı Bulvarındakı əyləncə mərkəzləri, müxtəlif yaş kateqoriyalarına aid insanlara göstərilən çoxçeşidli xidmətlər, ərazini bəzəyən flora nümunələri haqqında məlumat verilir, burada 300 il yaşı olan ağacların olduğu qeyd edilir, möhtəşəm “Baku Crystal Hall” barədə söhbət açılır.

Sonrakı səhifələrdə bu ilin iyun ayında Bakıda uğurla keçirilmiş “Formula-1” yarışı ilə bağlı fotoşəkillər yerləşdirilib. Həmçinin jurnalda Azərbaycandakı tarix və incəsənət muzeylərindən, Opera və Balet Teatrından, məscid və kilsələrdən, Gəncə, Quba, Şəki, Lənkəran və Naxçıvan kimi şəhərlərimizdən bəhs olunur. Dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında inşa edilmiş Heydər Əliyev Mərkəzi barədə də məlumat verilir. Buraxılışın növbəti səhifələrində dünyanın 6 ən qədim və məşhur at cinsinə aid olan Qarabağ atlarından bəhs edilir və geniş planda nəfis tərtibatlı şəkillər təqdim olunur.

Xüsusi buraxılışda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyatı və yaradıcılığı haqqında məlumat verilir, onun insanlığın nadir hallarda bəşəriyyətə bəxş etdiyi aqillərdən biri olduğu vurğulanır. Nizami Gəncəvinin bütün əsərləri adbaad sadalanaraq onun miras qoyduğu irsin Azərbaycan, İran, Tacikistan, Əfqanıstan və digər ölkələr üçün paylaşılan bir dəyər, xəzinə olduğu vurğulanır.

Qeyd edək ki, jurnalın əvvəlki buraxılışları dünyada böyük turist axını qəbul edən Manila, Berlin, Malta, Honq-Konq, Roma, Nyu-York, London, Monako və digər məşhur şəhərlərə və Baham adalarına həsr olunub.