YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın Nizami rayon təşkilatında müstəqillik günü qeyd edildi

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatında fəal gənclərinin təşəbbüsü ilə silsilə tədbirlər keçirilib.

Oktyabrın 11-də YAP Qaradağ rayon təşkilatının bir qrup gənc fəalı YAP Nizami rayon təşkilatının qonağı olub.

Rayon təşkilatının qərargahında gənclərlə keçirilən görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunmasının ildönümünün hər bir azərbaycanlının böyük fəxrlə qeyd etdiyi tarixi hadisə olduğunu deyib.

Deputat bu bayramın Azərbaycanla yanaşı, dünyanın bir çox ölkələrində də qeyd edildiyini söyləyib. Bildirilib ki, Azərbaycan xalqının ikinci dəfə müstəqilliyini elan etməsi bir əsrdə xalqımızın siyasi tarixində yaşadığı ikinci ən parlaq qələbə idi. Müstəqilliyimizin ilk illərində xalqımız dünyaya bəxş etdiyi dahi insan, böyük vətənpərvər şəxsiyyət Heydər Əliyev kimi görkəmli bir siyasətçinin siyasi hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı və buna nail oldu. “Müstəqilliyimiz dönməzdir, əbədidir” deyən ulu öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan gündən-günə daha da güclənir, qüdrətlənir. Son illərdə Azərbaycanın iqtisadiyyatında, hərbi quruculuğunda, elm, mədəniyyət, səhiyyə, təhsil, idman, insanların sosial müdafiəsi sahələrində böyük uğurlar əldə edilib.

YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov da dövlət müstəqilliyinin möhkəmləndirilməsində, əbədiliyinin və dönməzliyinin təmin edilməsində müasir müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin əvəzsiz tarixi xidmətlərini xatırladıb.

Görüşdən sonra gənclər SOCAR Ekologiya İdarəsinin “Ekoloji park”ına ekskursiya ediblər.

Əvvəlcə gənclər ağac əkiblər, sonra açıq havada gəzinti zamanı Eko-parkın tarixçəsi, yaradılma məqsədi, parkın istehsalat sahələri, infrastrukturu, quraşdırılan külək generatorları, günəş panelləri və parkda tətbiq olunan digər texnologiyalarla tanış olublar.

Gənclərə parkın qapalı şitilxana kompleksində yetişdirilən müxtəlif növ bitkilərin bio-ekoloji xüsusiyyətləri və becərilmə üsulları haqqında geniş məlumat verilib.

Oktyabrın 13-də YAP Nizami rayon təşkilatının fəal gəncləri Qaradağ rayonuna səfər ediblər.

Rayonun mərkəzində müstəqilliyimizin qorunmasında, möhkəmlənməsində misilsiz xidmətləri olan ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, sonra Heydər Əliyev Mərkəzilə tanışlıq olub.

Daha sonra Qobustan Milli Tarix-Bədii Qoruğunda olan gənclər əvvəlcə qoruğun muzeyində nümayiş etdirilən eksponatlara baxıblar.

Məlumat verilib ki, Bakıdan 65 kilometr məsafədə yerləşən Qobustan Azərbaycanın qədim tarixinin yadigarlarından biridir. Qoruq bu ərazinin Üst Paleolit və Mezolit dövrlərinin ilk ovçu qəbilələrinin, Neolit dövrünün ilk maldarlarının məskəni olmasını sübut edən abidədir. Ərazidə aparılmış tədqiqatlar nəticəsində mindən çox qayanın üzərində altı mindən artıq təsvir qeydə alınıb. Burada 40-dan artıq kurqan aşkar olunmuş və 105 mindən çox maddi mədəniyyət nümunəsi tapılıb. Qobustan qayalarında insan, heyvan, kollektiv əmək, qayıq şəkilləri, döyüş və ov səhnələri təsvir edilib. Oyma, sürtmə, çapma və cızma üsulları ilə çəkilmiş təsvirlərin ən qədimləri eramızdan əvvəl VIII minilliyə aiddir.

Gənclərə məlumat verilib ki, 4 min hektardan artıq ərazidə yerləşən dünya əhəmiyyətli tarixi abidə olan Qobustan qoruğu 2007-ci ildə YUNESKO-nun maddi-mədəni irs siyahısına daxil edilib.

Qədim insan məskəni ilə tanışlıqdan məmnun qalan gənclər ərazidə aparılmış tədqiqat işləri və tarixi eksponatlarla maraqlanıblar.

DİGƏR Xəbərlər Arxiv