YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tarixi hissəsidir, beynəlxalq hüquq baxımından da ayrılmaz hissəsidir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrin 29-da Heydər Əliyev Mərkəzində V Bakı Beynəlxalq Humanitar Forumun rəsmi açılış mərasimində çıxışı zamanı söyləmişdir ki, Azərbaycan humanitar əməkdaşlığa həmişə böyük diqqət yetirib. Ancaq onu da istəyirəm qonaqlar bilsinlər ki, bizim ölkəmiz və xalqımız özü böyük humanitar fəlakətlə üzləşmişdir. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana silahlı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal altına düşüb. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Bizim tarixi əzəli torpağımız Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi rayon Ermənistan tərəfindən işğal edilib, günahsız insanlar qətlə yetirilib, xalqımıza qarşı hərbi cinayət, Xocalı soyqırımı törədilib. Xocalı şəhərində soyqırımı nəticəsində 613 dinc insan qətlə yetirilib. Onlardan 106-sı qadın, 63-ü uşaqdır. Bütün bu erməni vəhşilikləri sənədləşdirilib, videomateriallar, fotomateriallar, şahidlərin ifadələri var. Artıq dünyanın on ölkəsi Xocalı soyqırımını soyqırımı kimi tanıyıb.

Prezident İlham Əliyev daha sonra qeyd etmişdir ki, bütün beynəlxalq təşkilatlar bizim mövqeyimizi birmənalı şəkildə dəstəkləyir. Xüsusilə dünyanın birinci və ən ali beynəlxalq qurumu olan BMT, onun Baş Məclisi dəfələrlə qətnamələr qəbul etmişdir. BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir ki, orada erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz və dərhal çıxarılması nəzərdə tutulur. Əfsuslar olsun ki, Ermənistan bu qətnamələrə məhəl qoymur və bu qətnamələrin icra edilməsi mexanizmi yoxdur. Bu da böyük ədalətsizlikdir. Biz bunu ikili standartlar siyasəti kimi qəbul edirik. Çünki bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri, - yaxın tarix bunu göstərir, - günlər ərzində, bəlkə də saatlar ərzində icra edilir və təcavüzkar cəzalandırılır. Bizə gəldikdə, bu qətnamələrin qəbul edilməsindən 20 ildən çox vaxt keçib və onlar icra edilmir. Bu qətnamələri qəbul edənlər onların icrasını tələb etmirlər.

“Digər beynəlxalq təşkilatlar oxşar qərar və qətnamələr qəbul etmişlər. İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, Qoşulmama Hərəkatı, ATƏT, yəni, bütün beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tarixi hissəsidir. Eyni zamanda, beynəlxalq hüquq baxımından da ayrılmaz hissəsidir. Ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Ölkəmizin ərazi bütövlüyü heç bir başqa ölkənin ərazi bütövlüyündən az əhəmiyyət kəsb etmir və beynəlxalq hüquq təmin edilməlidir” – deyə, Prezident İlham Əliyev qeyd etmişdir.

DİGƏR Xəbərlər Arxiv