YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yeni Azərbaycan” təşviqat qrupunun Nizami rayon şöbəsi seçicilərlə növbəti görüşünü keçirib

Sentyabrın 26-da keçiriləcək Referendumla əlaqədar Azərbaycanda təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir. Bu kampaniyaya böyük ruh yüksəkliyilə başlayan referendum üzrə “Yeni Azərbaycan” təşviqat qrupunun Nizami rayon şöbəsi sentyabrın 19-da seçicilərlə növbəti görüşünü keçirib.

Tədbirdə çıxış edən referendum üzrə “Yeni Azərbaycan” təşviqat qrupunun Nizami rayon şöbəsinin sədri, təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən dəyişikliklər ölkədə insan hüquq və azadlıqlarının konstitusion təminatının daha da gücləndirilməsinə, demokratik təsisatların fəaliyyətinin və bütövlükdə idarəetmə sisteminin təkmilləşdirilməsinə xidmət edir.

Bildirilib ki, Azərbaycan Respublikasının Konstitusiyasının qəbulundan ötən dövr ərzində artıq iki dəfə - 2002-ci və 2009-cu illərdə ümumxalq səsverməsi ilə bu ali qanunvericilik sənədinə müəyyən əlavə və dəyişikliklər edilib. Lakin son 7 il ərzində Azərbaycanın ictimai, siyasi, iqtisadi, mədəni həyatında nəzərəçarpan dəyişikliklər baş verib, cəmiyyətin demokratikləşməsi və liberallaşdırılması, söz azadlığı, vicdan azadlığı və s. sahəsində çox əhəmiyyətli irəliləyişlərə nail olunub, multikulturalizm ideyaları artıq bizim həyat tərzimizə çevrilib. Bu baxımdan, cəmiyyətdə gedən proseslərə uyğun olaraq qanunvericilikdə, xüsusilə ölkənin Əsas Qanununda müvafiq dəyişikliklərin edilməsi obyektiv zərurətdən irəli gəlir, Azərbaycan Respublikasının bəyan etdiyi demokratiyanın inkişafı konsepsiyasına uyğundur. Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər sosial, siyasi, iqtisadi, hüquqi sahələrdə, o cümlədən idarəetmədə kompleks islahatları özündə ehtiva edir. Əminliklə söyləmək olar ki, təklif olunan əlavə və dəyişikliklər hüquqların etibarlı təminatçısı olacaq, idarəetmə sisteminin daha da təkmilləşməsinə mühüm töhfələr verəcək.

Fikirlərini görüş iştirakçıları ilə bölüşən Respublika Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Məhi Mehdiyev, Respublika Ağsaqqallar Şurasının Nizami rayon şöbəsinin sədri Mayıl Əliyev, həmiçinin, rayon sakinləri adından Heyranxanım İdriszadə və başqaları qeyd ediblər ki, onlar dövlətimizin inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi üçün uğurlu daxili və xarici siyasət yürüdən Prezident İlham Əliyevin referendum təşəbbüsünü alqışlayır, dəstəyini ifadə edir.

Çıxış edənlər əminliklə bildiriblər ki, 26 sentyabr tarixində seçki məntəqələrinə gedərək Konstitusiyaya təklif olunan dəyişikliklərə “HƏ” deyəcəklər.