YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şirvan şəhərində referendum üzrə «Yeni Azərbaycan» təşviqat qrupunun Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı seçicilərlə izdihamlı görüşü keçirilib

Sentyabrın 5-də Şirvan şəhərində referendum üzrə «Yeni Azərbaycan» təşviqat qrupunun Azərbaycan Respublikasının Konstitusiyasına nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı seçicilərlə izdihamlı görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Şirvan şəhər təşkilatının sədri Əbülhəsən İbrahimov bildirdi ki, Konstitusiyaya təklif olunan dəyişikliklər və əlavələrlə bağlı Referendum Aktı layihəsini imzalaması cənab Prezidentimizin ölkə vətəndaşına verdiyi yüksək qiymətin təzahürüdür. Onun sözlərinə görə, vətəndaşlarının böyük əksəriyyəti bu dəyişikliklərə və əlavələrə yekdilliklə səs verəcək. Çünki bu, ölkəmizə yeni inkişaf tendensiyası gətirəcəkdir.Görüşdə Milli Məclisin deputatı,  «Yeni Azərbaycan» təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, «Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxış edərək Konstitusiyaya nəzərdə tutulan dəyişiklik və əlavələrin tarixi zəruriliyindən danışdı. Bildirdi ki, bu dəyişikliklər  bir çox sahələrdə yeni keyfiyyət standartının yaranmasına səbəb olacaq: «Hazırda Azərbaycan çox ciddi hüquqi-siyasi hadisə ərəfəsindədir. Sentyabrın 26-da ölkəmizdə ümumxalq səsverməsi - referendum keçiriləcək. Konstitusiya ilə bağlı 29 məsələ vətəndaşların müzakirəsinə təqdim olunacaq ki, onlardan 23-ü dəyişikliklər, 6-sı isə əlavədir. Təklif edilən əlavə və dəyişikliklər bir çox istiqamətləri əhatə edir. Referendum Aktı layihəsində əksini tapan məsələlər sahibkarlıq, insan hüquqları, təhlükəsizlik, idarəetmə və digər sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək. Bu, sadalanan istiqamətlərdə yeni keyfiyyət dəyişikliklərinin yaranmasına səbəb olacaq».

Səlahiyyətli nümayəndənin fikrincə, gələcəkdə Azərbaycanda daha optimal idarəetmənin şahidi olacağıq: «Həmçinin insan hüquq və azadlıqlarının daha effektiv təminatını görəcəyik. Əsas məsələlərdən biri vitse-prezidentlik institutunun yaradılmasıdır. Bu institut prezident idarəetmə üsulunun tətbiq olunduğu ölkələr üçün vacibdir. Bu kontekstdə Nazirlər Kabineti ilə bərabər vitse-prezidentlik institutu da olacaq. Onlar bir-birinin təkrarı deyil. Hər bir qurumun özünün xarakterik xüsusiyyətləri var. Bu baxımdan, biz məsələni daha çox yeni və daha effektiv institusional qurumun yaradılması kimi başa düşməliyik. Qeyd etdiyim kimi, bu yeni qurum özü-özlüyündə daha effektiv və səmərəli idarəetməni təmin edəcək. Onu da qeyd edim ki, prezident üsul-idarə sisteminin mövcud olduğu bir sıra ölkələrdə prezident 7 il müddətinə seçilir və ali icraedici hakimiyyətin başçısı kimi özünə birinci vitse-prezident və vitse-prezidentlər təyin etmək hüququ var. Bu sistem idarəetmədə yeni çevik, effektiv keyfiyyət yaradır. Bütövlükdə, Referendum Aktının layihəsində vətəndaşları maraqlandıran çoxsaylı məsələlər (insan ləyaqətinin qorunması, özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ, bələdiyyələrin məsuliyyəti, fiziki və əqli qüsurlu şəxslərin hüquqlarının Konstitusiyada təsbit olunması, tanınması, bank-maliyyə sisteminin idarə olunması və sair) əks olunub».

Tədbirdə çıxış edən Hikmət Məmmədov, İlham İsmayılov və digər seçicilər də Referenduma ediləcək dəyişiklik və əlavələrlə tanış olduqlarını və ona səs verəcəklərini bildirdilər.