YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Millimizin 16 yaşlı üzvü: Şahmat Olimpiadasının Bakıda keçirilməsi bizim üçün ikiqat məsuliyyətdir

Buna qədər bir çox turnirlərdə oynasam da, milli komandamızın heyətində Ümumdünya Şahmat Olimpiadasında debüt etdim. Belə mötəbər turnirdə ilk dəfə çıxış etsəm də, həyəcan yoxdur. Olimpiadanın Bakıda keçirilməsi bizim üçün ikiqat məsuliyyətdir. Azərbaycanda oynamağımız, həmçinin bizi görüşlərə daha yaxşı motivasiya edir.

Bu sözləri 42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan qadınlardan ibarət əsas yığmamızın üzvü Günay Məmmədzadə deyib.

Olimpiadanın III turunda qadınlardan ibarət əsas millimiz güclü Polşa yığmasını məğlub edib. Bu qələbədə Günay Məmmədzadənin rolu böyükdür. Çünki başa çatan ilk iki partiyadan sonra yığmamız hesabda geri olsa da, məhz ikinci lövhədə yarışan gənc şahmatçının qələbəsi sayəsində ümumi nəticədə bərabərlik yaranıb.

“Rəqibim reytinqdə məndən üstün idi. Buna qədər heç vaxt qarşılaşmamışdıq. Debütdə üstünlüyə yiyələnə bilmədim. Rəqibin vəziyyəti daha yaxşı idi. Lakin polşalı şahmatçı sonradan səhv etdi. Bundan sonra qurduğum planımı reallaşdırdım. 19-20-ci gedişdən sonra daha rahat oynadım. Çünki üstünlük artıq mənim tərəfimdə idi. Rəqib məğlubiyyətdən qaçmağa çalışsa da, buna imkan vermədim”, - deyə G.Məmmədzadə qeyd edib.

On altı yaşlı idmançı komandamızın turnirdəki perspektivi barədə dəqiq proqnoz vermək istəməyib: “Gələcək haqqında heç bir şey deyə bilmərəm. İnanıram ki, gücümüz çatan qədər mübarizə aparacağıq. Olimpiada Bakıda keçirildiyindən biz də mümkün qədər yaxşı çıxış etməyə çalışacağıq. Hələ ki qələbə qazanırıq. Üçüncü turda güclü Polşa yığmasına qalib gəldik. Bu komanda ilə heç-heçə də yaxşı nəticə hesab olunacaqdı. Sevindirici haldır ki, komandamızın aparıcı üzvü Zeynəb Məmmədyarova sonda rəqibdən üstün oldu. Beləliklə, ümumi nəticədə də qələbə qazandıq”.