YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakı Şahmat Olimpiadasında IV turun təqvimi müəyyənləşib

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında IV turun təqvimi müəyyənləşib.

İtkisiz irəliləyən kişilərdən ibarət əsas komandamız sentyabrın 5-də Rumıniya ilə üz-üzə gələcək. İkinci millimizin rəqibi görməqabiliyyəti zəif olan şahmatçıların beynəlxalq komandası (İBCA) olacaq. Üçüncü yığmamız isə Türkmənistanı sınağa çəkəcək. Günün ən çox maraq doğuran görüşlərindən biri Ukrayna və Rusiya arasında keçiriləcək. Həmçinin Hindistan - Kuba, ABŞ - Çexiya, Çin - İtaliya, İngiltərə - Hollandiya, Yunanıstan - Fransa görüşləri də maraqla gözlənilir.

Kişilər kimi, qadınlardan ibarət əsas yığmamız da IV turda Rumıniya ilə qarşılaşacaq. İkinci millimiz İtaliya, üçüncü komandamız isə Braziliya ilə münasibətlərinə aydınlıq gətirəcək. Favoritlərdən Çin Latviya ilə, Ukrayna Fransa ilə, Rusiya Macarıstanla, Hindistan İsraillə, Gürcüstan Misirlə, ABŞ Bosniya və Hersoqovina ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycanın kişilərdən ibarət əsas millisi 6 xalla Rusiya və Kuba ilə birgə 1-3-cü yerləri bölüşür. “Azərbaycan-2” komandası 33-cü, “Azərbaycan-3” isə 59-cu pillədə qərarlaşıb. Qadınlardan ibarət birinci komandamız 12-ci, “Azərbaycan-2” 19-cu, “Azərbaycan-3” isə 33-cü pillədə qərarlaşıb. Qadınların mübarizəsində Rusiya, Fransa və Hindistan 6 xalla 1-3-cü yerləri bölüşürlər.