YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Azərbaycan idmanının inkişafı bizim ümumi inkişafımızın göstəricisidir

Azərbaycan idmanının inkişafı bizim ümumi inkişafımızın göstəricisidir.

Bu fikri iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin rəsmi yolasalma mərasimindəki nitqində deyib.

Olimpiya Oyunlarında Azərbaycanın 56 idmançısının mübarizə aparacağını vurğulayan dövlətimizin başçısı bildirib ki, bu, ötən Olimpiadadakından çoxdur. İdmançılarımızın Olimpiadada ölkəmizi ləyaqətlə təmsil edəcəyinə əminliyini bildirən Azərbaycan Prezidenti diqqətə çatdırıb ki, son dörd il ərzində idmançılarımız müxtəlif beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında bizi sevindirib, ölkəmizin şöhrətini ucaldıb və Vətənə böyük qələbələrlə qayıdıblar.

Prezident İlham Əliyev deyib ki, Azərbaycan idman dövlətidir. Bunu dünyanın bütün idman ictimaiyyəti bilir, qəbul edir. Azərbaycanda idman, Olimpiya hərəkatı ilə bağlı məqsədyönlü siyasət aparılır. Məhz bu siyasət nəticəsində biz bu gün bu uğurlar haqqında danışa bilərik. Düşünülmüş siyasət, məqsədyönlü işlər idmanı Azərbaycan cəmiyyətində önəmli bir ictimai amilə çevirib. Bu gün idmançılara cəmiyyətdə çox böyük hörmət var, idmançılar cəmiyyətdə layiqli yer tutublar. İdmanla məşğul olmaq istəyənlərin sayı getdikcə artır. Bunun əsas səbəbi idmançıların uğurları və onlara göstərilən dövlət qayğısıdır.