YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

TANAP-ın Mərmərə dənizindən keçəcək hissəsini inşa edəcək şirkət bu ay məlum olacaq

Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək Trans-Anadolu qaz boru kəmərinin (TANAP) Mərmərə dənizindən keçəcək 19 kilometrlik hissəsinin inşası ilə bağlı tender bu ay yekunlaşacaq.

Bu barədə AZƏRTAC-a eksklüziv müsahibəsində TANAP-ın baş direktoru Saltuk Düzyol deyib. O bildirib ki, bununla da tikintini həyata keçirəcək şirkət məlum olacaq və müqavilə imzalanacaq. Boru kəmərinin bu hissəsinin tikintisinə isə gələn ildən başlanılacaq.

S.Düzyol qeyd edib ki, maliyyə baxımından TANAP layihəsində da olduqca böyük uğurlara imza atılıb. Dünya şirkətlərinin də layihəyə marağı artıb.

Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP-ın uzunluğu (19 kilometri Mərmərə dənizindən keçməklə) ümumilikdə 1850 kilometr olacaq. Boru kəməri Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq. TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır. TANAP-la Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. Boru kəmərinin ötürücülük qabiliyyətinin gələcəkdə illik 24 milyard kubmetrə, daha sonra isə 31 milyard kubmetrə çatdırılması planlaşdırılır. TANAP layihəsinin ümumi dəyəri 9,5 milyard dollar qiymətləndirilir. Layihədə 1,2 milyon ton ağırlığında ümumilikdə 150 min polad boru istifadə olunacaq.

TANAP Cənubi Qafqaz Boru Kəmərindən (CQBK) alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub qaz dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.