YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vanino Kiti: Azərbaycan həm Avropa İttifaqı, həm də İtaliya üçün mühüm tərəfdaşlardan biridir

Azərbaycan həm Avropa İttifaqı, həm də İtaliya üçün mühüm tərəfdaşlardan biridir. İtaliya Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığa böyük önəm verir.

Bu fikirləri İtaliya Respublikası Senatının Avropa İttifaqının siyasəti daimi komissiyasının sədri, senator Vanino Kiti Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdə söyləyib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, senator irimiqyaslı enerji layihəsi hesab edilən “Cənub” qaz dəhlizinin vacib komponentləri olan TAP və TANAP layihələrinin Avropa İttifaqı, xüsusilə də İtaliya üçün strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Görüşdə Azərbaycan-İtaliya, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin hazırkı vəziyyəti və əlaqələrin inkişaf etdirilməsi yolları, iqtisadiyyat və enerji sahəsində əməkdaşlıq, Ermənistan-Azərbaycan münaqişəsinə dair fikir mübadiləsi aparılıb. Azərbaycan və İtaliya arasında mövcud ikitərəfli əməkdaşlığın məmnunluq doğurduğu vurğulanaraq, bunun Azərbaycan-Avropa İttifaqı münasibətlərinə də müsbət təsir göstərdiyi qeyd olunub.

Nazir Elmar Məmmədyarov İtaliya və Avropa İttifaqı ilə əlaqələrin inkişaf perspektivləri, ölkəmizin bu istiqamətdə həyata keçirdiyi siyasət barədə ətraflı məlumat verib. O, İtaliya ilə Azərbaycan arasında imzalanmış Strateji Əməkdaşlıq haqqında Sazişin ikitərəfli münasibətlərin strateji müstəvidə inkişafına mühüm töhfə verdiyini bildirib.

Ermənistan-Azərbaycan münaqişəsinə dair son vəziyyətlə bağlı məlumat verən nazir E.Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri də daxil olmaqla, bütün beynəlxalq ictimaiyyətin mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olması faktını qəbul etdiyini söyləyib. O, münaqişənin həllində irəliləyişə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Ermənistan silahlı qüvvələrinin işğal edilmiş bütün Azərbaycan ərazilərindən çıxarılmanın zəruriliyini bildirib.

Görüşdə iki ölkənin parlamentləri arasında əlaqələrin daha da inkişaf etdirilməsinin, eləcə də mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsinin önəmi qeyd edilib.

Həmçinin Heydər Əliyev Fondunun İtaliyada mədəniyyət abidələrinin bərpası istiqamətində həyata keçirdiyi layihələr təqdir olunub.

Söhbət zamanı qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.