YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Yaponiya arasında əlaqələr inkişaf edir

Mayın 6-da Milli Məclis sədrinin müavini Bahar Muradova ölkəmizdə səfərdə olan Yaponiyanın hakim Liberal Demokrat Partiyasının Beynəlxalq Əlaqələr Bürosunun baş direktoru, Nümayəndələr Palatasının üzvü Kazunori Tanakanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Bahar Muradova ölkələrimiz arasında münasibətlərin, xüsusilə də siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın inkişaf etdiyini söyləyib. Bildirib ki, Azərbaycanda Yaponiyaya hər zaman böyük maraq olub. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra keçən müddət ərzində yüksək səviyyəli münasibətlər qurduğumuz ölkələrdən biri də Yaponiyadır.

Milli Məclis sədrinin müavini yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin daha da inkişafına təkan verdiyini vurğulayıb. Bildirib ki, iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün potensial var. Azərbaycan bu potensialın real işlərə çevrilməsi üçün öz üzərinə düşəni yerinə yetirməyə hazırdır. Hər iki ölkədə qarşılıqlı şəkildə mədəniyyət günlərinin keçirilməsinə ehtiyac var.

Bahar Muradova ölkələrimizin münasibətlərinin inkişafında parlamentlərarası əlaqələrin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, hər iki ölkənin qanunverici orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsinin və parlamentarilərin qarşılıqlı səfərlərinin təşkil olunmasının önəmini qeyd edib.

Söhbət zamanı Yeni Azərbaycan Partiyası ilə Liberal Demokrat Partiyası arasında əlaqələrin inkişafının Azərbaycan-Yaponiya münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verəcəyi qeyd edilib.

Bahar Muradova nümayəndə heyətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistan silahlı qüvvələrinin aprel ayında qoşunların təmas xəttində törətdiyi hərbi təxribatlar haqqında da məlumat verib. Bildirib ki, bu münaqişə nəinki Azərbaycanın, bütövlükdə regionun inkişafına böyük əngəl törədir. O, Ermənistanın mövcud status-kvonun saxlanılması üçün göstərdiyi cəhdlərin aradan qaldırılması, davamlı sülhün bərpası üçün Yaponiya ictimaiyyətinin, hökumətinin, Yaponiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun ATƏT-in Minsk qrupuna bu sahədə fəaliyyətini artırması üçün çağırışlar etməsinə ehtiyac olduğunu diqqətə çatdırıb.

Liberal Demokrat Partiyasının Beynəlxalq Əlaqələr Bürosunun baş direktoru Kazunori Tanaka Azərbaycana səfər etməkdən məmnunluğunu bildirib. O, Azərbaycanla Yaponiya arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Nümayəndə heyətinin rəhbəri səfər zamanı Azərbaycanda gördükləri inkişafı yüksək qiymətləndirib. O, ölkələrimiz arasında elm, mədəniyyət, sənaye sahələrində əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd edib. Bununla yanaşı, turizm sahəsində də əməkdaşlığın inkişafının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. “Biz istəyirik ki, Yaponiyadan Azərbaycana turistlər gəlsinlər və əsrarəngiz təbiətə malik olan bu ölkənin gözəlliyini görsünlər”, - deyə Kazunori Tanaka bildirib.

Baş direktor aprel ayında Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaşanan gərginliklər zamanı əsgərlərimizin və mülki insanlarımızın həlak olması ilə əlaqədar Yaponiyanın Liberal Demokrat Partiyası adından xalqımıza başsağlığı verib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə ədalətli həllinə nail olunacağına ümid etdiyini bildirib.