YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəbhə bölgəsinin sakinləri: Ali Baş Komandana və Azərbaycan Ordusuna güvənirik

Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın cəbhə xəttində yerləşən kəndlərdə sakinlərlə görüşü düşmənlə üz-üzə yaşayan insanlarda böyük ruh yüksəkliyi yaradıb. Dövlətimizin başçısının daim diqqət və qayğısı ilə əhatə olunduqlarını deyən Ağdam rayonunun cəbhəyanı kəndlərinin sakinləri Ali Baş Komandanın təmas xəttində yerləşən yaşayış məntəqələrinə getməsini, çətin vaxtda onların yanında olmasını yüksək qiymətləndirirlər.

Rayonun Evoğlu kənd sakini Eldar Kərimov AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Düşmənin bir neçə kilometrliyində, atəş altında yaşamağımıza baxmayaraq Prezidentimizə, ordumuza güvənir, işğal altındakı torpaqlarımızın azad ediləcəyinə inanırıq. Ali Baş Komandanın cəbhə bölgəsinə bu səfəri tezliklə qələbə qazanacağımıza inamımızı daha da artırdı”.

Qaradağlı kənd sakini Rəşad Əliyev: “Noyabrın 27-dən 28-ə keçən gecə ermənilərin atdığı mərmilərdən biri evimin qarşısına düşüb. Lakin buna baxmayaraq, bir gün də olsun evimi, kəndimi tərk etməmişəm. Bunun səbəbi isə Vətənə məhəbbətim, Prezidentimə və ordumuza güvənimdir. Televiziya ilə Prezidentin cəbhə bölgəsinə səfərini, sakinlərlə görüşüb söhbət etməsini izlədim. Əminəm ki, işğal altındakı torpaqlarımızı azad edəcəyik. Bir ağdamlı gənc olaraq hər zaman Ali Baş Komandanın əmri ilə düşmən tapdağında olan ərazilərimizin azadlığı uğrunda döyüşə getməyə hazıram”.

Qaradağlı kəndinin digər sakini Rizvan Zeynalov fikirlərini belə ifadə edib: “Prezident İlham Əliyevin düşmənlə təmas xəttində yerləşən kəndlərə gəlməsi camaatımızda böyük ruh yüksəkliyi yaradıb. Qələbəyə inamı artırıb. Dövlətimizin başçısının apardığı daxili və xarici siyasəti dəstəkləyirəm və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin beynəlxalq müstəvidə, xalqımızın mənafeyinə uyğun həllinə inanıram. Məsələ sülh yolu ilə həll olunmasa, yenə də qələbənin bizimlə olacağına şübhəm yoxdur. Biz Prezidentimizə və ordumuza arxayınıq”.

Rzalar kənd sakini Azilə Quliyeva isə bildirib: “Biz burada atəş altında yaşayırıq. Xain düşmənin kəndi atəşə tutması həyatımızı çətinləşdirib. Lakin arxayınıq. Bilirik ki, Prezidentimizin qətiyyəti, ordumuzun qüdrəti sayəsində qalib gələcəyik. Dövlətimizin başçısının xanımı ilə birlikdə cəbhə bölgəsinə səfərini eşidəndə, bu arxayınlığımız daha da artdı. İnşallah şanlı bayrağımız tezliklə işğal altındakı torpaqlarımızda dalğalanacaq”.