YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aviqdor Liberman: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyi tamamilə əsaslıdır

Azərbaycan özünü hamılıqla qəbul edilmiş normalar çərçivəsində son dərəcə məsuliyyətli aparır. Buna görə də xəritəyə baxan, regionun tarixi ilə tanış olan hər kəs Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyinin nə dərəcədə əsaslı, tarixi, coğrafi və demoqrafik faktlara uyğun olduğunu başa düşür.

Bu fikirləri İsrailin keçmiş xarici işlər naziri, “İsrail bizim evimizdir” partiyasının lideri Aviqdor Liberman “Trend” agentliyinə eksklüziv müsahibəsində deyib.

Aviqdor Liberman qeyd edib ki, qoşunların təmas xəttində baş verən provokasiyalar bütün beynəlxalq hüquqlara, beynəlxalq razılaşmalara ziddir. Ümidvaram ki, Ermənistan son hadisələrin ciddiliyini tamamilə başa düşəcək, özünü təmkinli aparacaq, hamılıqla qəbul edilmiş hüquqi normalar çərçivəsində davranacaq.

“Mən çox ümid edirəm ki, əvvələn, beynəlxalq birlik, indiki halda ATƏT-in Minsk qrupunun bütün iştirakçıları obyektiv olacaq, hər hansı məhdud birtərəfli maraqları və siyasi mənfəəti deyil, faktları əsas götürəcəklər”, - deyə A.Liberman vurğulayıb.

İsrailin keçmiş xarici işlər naziri bildirib ki, beynəlxalq birliyin dəqiq və birmənalı mövqe tutması bu məsələnin həllində çox mühüm amil ola bilər. Son hadisələr göstərdi ki, məsələnin həllinin ləngidilməsi, obyektiv mövqedən kənara çəkilmək cəhdləri son nəticədə problemi həll etmir, onu daha da kəskinləşdirir.

A.Liberman deyib: “Şübhəsiz ki, biz Azərbaycan xalqını dəstəkləyirik. Azərbaycan rəhbərliyi özünü təmkinli aparır. Təəssüf ki, başqaları özlərini bu cür aparmırlar”.

Xatırladaq ki, aprelin 2-nə keçən gecə qoşunların təmas xəttində Azərbaycanın bütün mövqeləri Ermənistan silahlı qüvvələri tərəfindən iriçaplı silahlardan, minaatanlardan, qumbaraatanlardan və artilleriya qurğularından intensiv atəşə tutulub. Bundan əlavə, qoşunların təmas xəttinin yaxınlığında, mülki əhalinin yığcam yaşadığı bir sıra kəndlər atəşə tutulub. Nəticədə mülki əhali arasında həlak olanlar və yaralananlar var.

Aprelin 5-də saat 12:00-dan etibarən tərəflər arasında razılaşmaya əsasən, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində döyüş əməliyyatları dayandırılıb.

Aprelin 2-dən bu günə qədər Azərbaycan Ordusu düşmənin 370-dən çox hərbi qulluqçusunu məhv edib, 12 tankını, 12 zirehli texnikasını və 15 artilleriya qurğusunu sıradan çıxarıb.

Cənubi Qafqazın bu iki ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları nəticəsində yaranıb. Hazırda Dağlıq Qarabağ və ona bitişik yeddi rayon, yəni Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ilin may ayında tərəflər atəşkəs rejiminə nail olublar və indiyə qədər ATƏT-in Minsk qrupunun himayəsi, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələlik səmərəsiz sülh danışıqları aparılır.

İşğal olunmuş Dağlıq Qarabağın və ona bitişik ərazilərin azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr Ermənistan tərəfindən hələ də yerinə yetirilmir.