YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclası keçirilib

Aprelin 2-də Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclası keçirilib.

Dövlətimizin başçısı iclasda çıxış edib.

Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış edərək qeyd etmişdir ki, bu gün Ermənistan Azərbaycana qarşı növbəti silahlı təxribat törətmişdir. Təmas xəttində yerləşən mövqelərimizə hücum çəkmişdir. Təmas xəttinə yaxın yerlərdə yerləşən yaşayış məntəqələrini atəşə tutmuşdur. 

Prezident İlham Əliyevin təklifi ilə silahlı təxribat nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Prezident İlham Əliyev çıxışında bildirmişdir: “Göstəriş verirəm ki, Nazirlər Kabineti həlak olanların ailələrinə maddi yardım göstərmək üçün təkliflər irəli sürsün və Müdafiə Nazirliyi döyüş əməliyyatlarında fərqlənmiş, Vətən uğrunda qəhrəmancasına döyüşmüş insanları təltif etmək üçün mənə təkliflər təqdim etsin.

Bu, Ermənistanın ölkəmizə qarşı növbəti silahlı təxribatıdır. Birinci dəfə deyil ki, Ermənistan bu cür təxribatlara əl atır. Bir neçə gün bundan əvvəl Azərbaycan-Ermənistan sərhədində, Qazax istiqamətində də oxşar təxribat törədilmişdir. Bizim mövqelərimizə Ermənistanın təxribatçı qrupları hücum çəkmişlər. Bu hücum nəticəsində iki hərbçimiz həlak olmuşdur. Düşmənə layiqli cavab verilmişdir. Düşmən yerinə oturduldu.

Yəni, bunu demək istəyirəm ki, bugünkü təxribat da Ermənistanın Azərbaycana qarşı məkrli siyasətinin təzahürüdür. Bu gün erməni təxribatı Azərbaycan Ordusu tərəfindən layiqincə cavablandırıldı. Düşmənə çox böyük zərbələr endirildi. Düşmən böyük itkilər verdi. Müdafiə naziri bu gün bu məsələ ilə bağlı daha ətraflı məlumat verəcək. Deyə bilərəm ki, düşmənə sarsıdıcı zərbə vuruldu.

Bununla bərabər, bizim qəhrəman döyüşçülərimiz nəinki təxribatın qarşısını ala bildilər. Eyni zamanda, daha əlverişli hərbi mövqelərə malik oldular. Bu gün təmas xəttində Azərbaycanın üstünlüyü daha da möhkəmləndi. Aparılan hərbi əməliyyat nəticəsində, - onu da qeyd etmək istəyirəm ki, bu əməliyyat təxribata cavab olaraq aparılmışdır, - biz böyük hərbi qələbəni qazandıq. Bu münasibətlə Ordumuzu, bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm.

Əminəm ki, bundan sonra da düşmənin bütün təxribatları cavabsız qalmayacaq. Düşmənə bundan sonra da layiqli cavab veriləcək. Azərbaycan Ordusu buna qadirdir. Azərbaycan övladları öz doğma torpağını müdafiə edirlər, Vətən uğrunda vuruşurlar, şəhid olurlar. Bütün şəhidlərimizin xatirəsi bizim ürəyimizdə yaşayır və əbədi yaşayacaq.

Ermənistanın bu hərəkətlərinin də səbəbi mənim üçün sirr deyil. Mən dəfələrlə həm Azərbaycan ictimaiyyətinə, həm bu məsələ ilə bağlı olan vasitəçilərə, vasitəçilik edən ölkələrin başçılarına öz fikirlərimi bildirmişdim. Ermənistan sülh istəmir. Ermənistan işğal edilmiş torpaqlardan çəkilmək istəmir və bütün səyləri ona yönəldib ki, status-kvonu maksimum saxlaya bilsin. Bu sözlərin kifayət qədər çox sübutları var. Danışıqlar prosesi iyirmi ildən artıqdır ki, aparılır. Bu iyirmi il ərzində həlledici məqamlarda Ermənistan həmişə təxribatlara əl atırdı. Təmas xəttində Ermənistan tərəfindən daim gərginlik yaradılır. Eyni zamanda, keçən əsrin sonlarında Ermənistan parlamentində terror aktının törədilməsi də məhz bu məqsədi güdürdü ki, münaqişə ilə bağlı mümkün olan razılaşmanı əngəlləsinlər və beləliklə, status-kvonu saxlaya bilsinlər.

Xatırlayırsınız, 2014-cü ildə Fransa Prezidenti cənab Olland Parisdə Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü təşkil etmişdi. Görüş çox konstruktiv şəraitdə keçmişdi və görüşün nəticəsi ümidlər verirdi. Orada biz, eyni zamanda, təmas xəttində təhlükəsizlik, etimad tədbirlərinin gücləndirilməsi haqqında danışırdıq. Ancaq o görüşdən iki həftə keçməmiş Ermənistan işğal edilmiş torpaqlarda – Ağdam rayonunun ərazisində özlərinin dediyi kimi, 47 min şəxsi heyətin iştirakı ilə hərbi təlimlər keçirməyə başlamışdı. Bu, sırf təxribat xarakterli bir addım idi. Bunun nə mənası var idi? Xüsusilə Parisdə keçirilmiş uğurlu sayılan görüşdən sonra.

Bir neçə gün Azərbaycan Ordusu özünü çox təmkinlə aparırdı. Mən də göstəriş vermişdim ki, biz təxribatlara uymayaq. Ancaq ondan sonra düşmən daha da azğınlaşmışdır, bizim mövqelərimizə hücum çəkmişdir, hərbi helikopterləri işə salmışdır. Azərbaycan Ordusu helikopterin birini məhv etmişdir. Bu, Ermənistana lazım idi. Onların təxribatı idi. Lazım idi desinlər ki, Azərbaycan atəşkəsi pozur. Azərbaycan burada özünü aqressiv aparır və sair.

Bugünkü təxribat da, bax, bu mənbədən gələn təxribatdır. Yenə də bizim mövqelərimizə hücum çəkirlər. Bizim əsgərlərimiz, zabitlərimiz həlak olur. Ondan sonra Azərbaycan Ordusu onların başını əzir və indi dünyaya hay-haray çəkirlər ki, Azərbaycan atəşkəsi pozur. Biz atəşkəsi pozmamışıq, biz sadəcə olaraq təxribata layiqli cavab vermişik. Nə qədər ki, Ermənistan bu təxribatçı əməllərdən əl çəkməyəcək, Azərbaycan Ordusu onları bundan sonra da cəzalandıracaq.

Ermənistanın əsas məqsədi status-kvonun dəyişməz qalmasıdır. Əfsuslar olsun ki, Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının çoxsaylı bəyanatları Ermənistan rəhbərliyinə heç bir təsir göstərmir. Bu bəyanatlar ondan ibarətdir ki, ABŞ, Rusiya və Fransa dövlətlərinin başçıları dəfələrlə bildirmişlər: status-kvo qəbuledilməzdir, dəyişməlidir və məsələ tezliklə öz həllini tapmalıdır.

Status-kvonun dəyişdirilməsi o deməkdir ki, işğalçılar işğal edilmiş torpaqlardan çıxmalıdır. Ermənistan rəhbərliyi bunu istəmir. Əsas məsələ bundan ibarətdir. Onlar istəyirlər ki, bu, sonu olmayan prosesə çevrilsin. İstəyirlər ki, danışıqlar bundan sonra da iyirmi il davam etsin. Onlar özlərini danışıqlar masası arxasında qeyri-səmimi aparırlar. Bu yaxınlarda Rusiya Prezidenti və Rusiyanın xarici işlər naziri digər həmsədrlərlə birlikdə müəyyən təkliflər irəli sürmüşlər. Biz bunu alqışlayırıq. Həm görüş əsnasında və rəsmi bəyanatlarda Azərbaycanın ərazi bütövlüyü ilə bağlı öz fikirlərini bildirmişlər.

Azərbaycanın ərazi bütövlüyünə böyük dəstək göstərilmişdir. Görüşlər onu göstərir ki, Amerika tərəfi münaqişənin tezliklə həll olunması üçün çox maraqlıdır. Bilirəm ki, Ermənistan rəhbərinə də müəyyən siqnallar, mesajlar verilmişdir. Yəni, son vaxtlar həmsədrlər, onların dövlətlərinin başçıları çalışırlar ki, məsələ həll olunsun. Nüvə Sammiti hələ başa çatmamış Ermənistan bu çirkin təxribatı törədir, sülh prosesinə çox böyük zərbə vurur. Bundan istifadə etməyə çalışır ki, Azərbaycanı günahlandırsın.

Onların sərəncamında olan satqın kütləvi informasiya vasitələri, satqın siyasətçilər, korrupsiyaya uğramış politoloqlar, şərhçilər indi sıraya düzülüblər ki, Azərbaycanı ittiham etsinlər. Əgər indi bəzi ölkələrin mətbuatına nəzər salsanız, görərsiniz ki, birtərəfli məlumat gedir. Azərbaycan ittiham olunur. Döyüşlərlə bağlı təhrif edilmiş məlumatlar verilir.

Ermənistan ordusu bu gün çox böyük zərbə almışdır. Atəşkəs rejimindən sonra ilk dəfədir ki, onlara belə sarsıdıcı zərbə vuruldu. Bunun günahkarı onlar özləridir. Ancaq çalışırlar ki, həm ictimai rəyi çaşdırsınlar, itkiləri gizlətsinlər. Eşitdiyimə görə, Ermənistan rəhbəri ictimaiyyətə itkilərlə bağlı qeyri-dəqiq məlumat ötürməyə çalışır. Bu, açıq-aydın onu göstərir ki, bunlar sadəcə olaraq öz xalqını aldatmaq istəyirlər. Bu gün Ermənistan tərəfi bütün imkanlardan - diaspor təşkilatlarından, müxtəlif ölkələrdə onların agentlərindən, korrupsiyaya uğramış siyasətçilərdən istifadə edir ki, bütün günahı Azərbaycanın boynuna qoysun.

Bizim heç bir günahımız yoxdur. Biz sadəcə olaraq bu təxribata cavab vermişik. Düz də etmişik. Bizə qarşı yenə təxribat törədilərsə onlar yenə də öz cəzalarını alacaqlar. Bu, bir. İkincisi, biz öz torpağımızda vuruşuruq. Biz Ermənistan torpağını işğal etməmişik. Biz öz torpağımızda vuruşuruq. Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm.

Ermənistan bütün beynəlxalq normaları pozubdur. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur, digər təşkilatların qərar və qətnamələrini saymır. İşğal edilmiş torpaqlarda bütün binaları, tarixi, dini abidələrimizi vəhşi kimi dağıdıb. ATƏT-in faktaraşdırıcı missiyası işğal edilmiş torpaqlarda iki dəfə olmuşdur. Onların məlumatları bizdə var. Bizim məscidlərimiz, qəbirlərimiz, tarixi abidələrimiz, binalarımız, muzeylərimiz dağıdılıb. Bütün qiymətli əşyalar talan edilib. Bu, misli görünməmiş vəhşilikdir. Bu gün İrəvanda ən yüksək kabinetlərdə oturan cəlladlar vəhşicəsinə Xocalı soyqırımını törətmişlər. Onlar bunun cavabını verməlidirlər, yoxsa yox?!

Biz səbr, dözümlülük, konstruktivlik göstəririk. Baxmayaraq ki, biz 20 ildən artıqdır atəşkəs rejimində yaşayırıq. Yenə də çalışırıq ki, məsələ sülh yolu ilə öz həllini tapsın. Mən bunu dəfələrlə bəyan etmişəm, bu gün də deyirəm ki, biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Biz müharibə istəmirik. Biz istəmirik ki, qan tökülsün. İstəmirik ki, gənc insanlar həlak olsunlar. Biz istəmirik ki, anaların göz yaşları tökülsün. Azərbaycan, Ermənistan analarının göz yaşları tökülməsin. Ancaq biz öz haqqımızı tələb edirik.

Bir daha demək istəyirəm ki, biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Ancaq həll etmək istəyirik. Biz bundan sonra da sonu bəlli olmayan prosesdə sadəcə olaraq görüntü naminə iştirak etmək fikrində deyilik. Bunu vasitəçilərə də demişik, bunu Ermənistan tərəfi də bilir. Ona görə də məsələnin sülh yolu ilə həlli üçün Ermənistan işğal edilmiş torpaqlardan çıxmalıdır. Bunun başqa yolu yoxdur. Əgər Ermənistan rəhbərliyi öz xalqının gələcəyini düşünürsə, bu addımı atmalıdır. Ermənistanda hökm sürən kriminal diktatura rejimi öz ölkəsini uçuruma aparır. Ermənistanda demoqrafik vəziyyət kritik həddə çatıbdır. İqtisadiyyat dağılıb, bütün azadlıqlar tapdalanır, diktatura hökm sürür. Kriminal rejim ilk növbədə erməni xalqının qənimidir. Ona görə onların gələcəyi yalnız qonşu ölkələrlə normal münasibətlərdən keçir. Ancaq hansı normal münasibətlərdən söhbət gedə bilər ki, XXI əsrdə qonşu ölkənin torpaqlarının 20 faizini işğal edəsən, soyqırımı törədəsən, sonra isə soyqırımına məruz qalan xalqı günahlandırasan ki, atəşkəsi pozur.

Mən bir daha demək istəyirəm ki, Azərbaycanın prinsipial mövqeyi var. Bizim ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil, olmayıb və heç vaxt olmayacaqdır. Bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. O ki qaldı Dağlıq Qarabağda yaşayan erməni əhalisinə, onlar gələcəkdə Azərbaycan vətəndaşları kimi Azərbaycanda rahat yaşaya bilərlər. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Azərbaycan bir çox ölkələr üçün nümunədir, multikulturalizm məkanıdır, tolerantlıq diyarıdır.

Bütün münaqişələr öz həllini bir prinsip əsasında tapmalıdır. Xalqların öz müqəddəratını təyinetmə prinsipi ölkələrin ərazi bütövlüyünü pozmamalıdır və Helsinki Yekun Aktı məhz bunu diktə edir. Ona görə bir daha demək istəyirəm ki, biz münaqişənin həlli ilə bağlı öz prinsipial mövqeyimizdən dönməyəcəyik. Bununla bərabər, biz danışıqlara sadiqik, bundan sonra da çalışacağıq ki, bu münaqişə sülh yolu ilə öz həllini tapsın. Bununla bərabər, biz Ordumuzun gücünü daha da artıracağıq. Ona görə artıracağıq ki, bax, bu təxribatlar, erməni təxribatları cavabsız qalmasın. Hesab edirəm ki, bu gün – aprelin 2-si onlar üçün yaxşı dərs olacaqdır.

Sonra müdafiə naziri Zakir Həsənov məruzə etdi.

Bildirildi ki, aprelin 1-dən 2-nə keçən gecə erməni silahlı qüvvələri müxtəlif istiqamətlərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücuma keçmiş və yaşayış məntəqələrimizi atəşə tutmuşlar. Bu təxribat xarakterli hücumların nəticəsində hərbi qulluqçularımız qəhrəmancasına həlak olmuşlar. Cavab olaraq Azərbaycan Silahlı Qüvvələri bütün istiqamətlərdən əks hücuma keçərək düşmənin mövqelərinə sarsıdıcı zərbələr vurmuşlar.

Nazir Zakir Həsənov məruzə edərək demişdir ki, son zamanlar erməni silahlı qüvvələri cəbhəboyu yerləşən ərazilərdə, kəndlərdə təxribatları artırıbdır, əhaliyə qarşı iriçaplı silahlardan və artilleriya qurğularından istifadə edir. Son hadisələr göstərir ki, əhali arasında itkilər çoxalıb. Bu təxribatların qarşısını almaq üçün əməliyyat şəraitini qiymətləndirərək qərar qəbul olunmuşdur ki, erməni silahlı qüvvələrinin atəş nöqtələrinə və artilleriya qurğularına zərbələr endirilsin və onların hərbi birləşmələri bizim kəndlərdən daha uzaq yerə çəkilməyə məcbur edilsin. Bununla yanaşı, ehtimal olunan istiqamətdə erməni silahlı qüvvələrinin ehtiyatlarının hərəkətini də nəzərə alaraq, aprelin 1-dən 2-nə keçən gecə Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyyat qrupları 3 istiqamətdə planlı şəkildə tədbirlər həyata keçirmişdir. Əməliyyat şəraitini nəzərə alaraq, Talış və Seysulan kəndləri, bir də Horadiz istiqamətində olan təpələr aparılan döyüş əməliyyatları ilə ələ keçirilmişdir. Bu əməliyyatın əsas məqsədi təxribatların qarşısının alınması və bizim yaşayış məntəqələrinə atəş nöqtələrinin təsirinin azaldılması idi.

Qeyd olunmuşdur ki, əməliyyat vaxtı erməni silahlı qüvvələri Madagiz, Ağdərə və digər yaşayış məntəqələrindən ehtiyatları hərəkətə gətirərək döyüş bölgəsinə yerləşdirmək məqsədilə əməliyyat keçirmişlər. Bunun da qarşısının alınması məqsədilə Silahlı Qüvvələrimiz həmin istiqamətlərdə döyüş tədbirləri həyata keçirmiş və zərbələr endirmişlər. Erməni silahlı qüvvələri bu zərbələr nəticəsində həm canlı qüvvə, həm də texnika sarıdan çox böyük itkilər vermişdir. Məruzə edirəm ki, Silahlı Qüvvələrimiz əməliyyat şəraitini nəzərə alaraq həmin istiqamətlərdə və yüksəkliklərdə öz mövqelərini möhkəmləndirmişdir. Gün ərzində erməni silahlı qüvvələrinin təxribatlarının qarşısı uğurla alınmışdır. Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qalmışdır. Bizdə olan məlumata görə, 100-ə yaxın düşmən məhv edilmiş və bir neçə yüz düşmən yaralanmışdır. Çoxlu sayda zirehli texnika, artilleriya qurğuları sıradan çıxarılmışdır. Əməliyyat şəraitini və erməni silahlı qüvvələrinin əsas hərbi hissələrinin Madagiz yaşayış məntəqəsində yerləşməsini nəzərə alaraq oraya da zərbələr endirilmişdir. Onu da məruzə edirəm ki, bir neçə hərbi top hissəsi Madagiz yaşayış məntəqəsindən bizim mövqelərə, bir də yaşayış məntəqələrinə birbaşa zərbələr endirirdilər.

Qeyd olunmuşdur ki, bütün əməliyyat şəraiti nəzərə alınmaqla, Silahlı Qüvvələrimiz tədbirləri davam etdirir, cəbhəboyu əməliyyat şəraitini tam nəzarət altında saxlayır və gözlənilən bütün təxribatların qarşısını almağa hazırdır.

Prezident İlham Əliyev iclasda nəzərə çatdırmışdır ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyənin Baş naziri Əhməd Davudoğlu mənə telefonla zəng etmiş, həlak olanlarla bağlı başsağlığı vermiş, eyni zamanda, öz dəstəyini ifadə etmişlər. Bununla bərabər, Belarus Prezidenti Aleksandr Lukaşenko da mənə zəng etmiş, vəziyyətlə maraqlanmış və öz narahatlığını ifadə etmişdir.

İndi biz məsələləri daha geniş şəkildə müzakirə edəcəyik, gələcək planlarımız haqqında danışacağıq. Bir daha demək istəyirəm ki, bu gün – aprelin 2-si Azərbaycan Ordusunun tarixində parlaq qələbə günü kimi qalacaqdır. Azərbaycan Ordusunu, Silahlı Qüvvələrimizin bütün şəxsi heyətini bu böyük qələbə münasibətilə təbrik edirəm.