YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP nümayəndə heyətinin ÇXR-ın paytaxtı Pekində görüşləri davam edir

Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin başçılığı ilə partiyanın nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir.

İki ölkə və hakim partiyalar arasında münasibətlərin inkişafına dair müzakirələr aparmaq məqsədi daşıyan səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr departamentinin direktoru Sun Tao, Ümumçin Xalq Nümayəndələri Yığıncağının (parlament) beynəlxalq əlaqələr komitəsinin sədr müavini, parlamentin Çin-Azərbaycan dostluq qrupunun sədr müavini Çen Fensian və digər şəxslər ilə görüşləri olub.

Görüşlərdə qədim İpək Yolu vasitəsilə təməli qoyulmuş Azərbaycan-Çin dostluq münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün hər iki tərəfdən siyasi iradənin mövcudluğu vurğulanıb. Qeyd edilib ki, ötən ilin dekabrında Azərbaycan Prezidentinin Çinə dövlət səfəri iki ölkə arasında əməkdaşlığın inkişafına və yeni səviyyəyə qalxmasına təkan verib. Həmin səfər zamanı dövlət başçıları İlham Əliyev və Si Cinpin ölkələrimiz arasında münasibətlərin daha da inkişafı ilə bağlı niyyətlərini bəyan edib, konkret istiqamətlər müəyyənləşdiriblər.

Tərəflər Azərbaycanın və Çinin beynəlxalq məsələlərə münasibətdə mövqeyinin yaxınlığını qeyd edərək, hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklədiyini vurğulayıblar.

Görüşlərdə ikitərəfli iqtisadi əlaqələrin inkişafı məsələlərinə toxunulub, Çin şirkətlərinin Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində uğurla fəaliyyət göstərdiyi vurğulanıb. Azərbaycanın Çinin təşəbbüskarı olduğu İpək Yolu İqtisadi Kəməri layihəsini dəstəkləyən ilk ölkələrdən biri olduğu, bu təşəbbüsün reallaşmasına özünün logistika-nəqliyyat imkanları ilə töhfə verdiyi diqqətə çatdırılıb. Sınaq məqsədilə Çindən və Ukraynadan olan konteyner qatarlarının Azərbaycandan keçən marşrut üzrə son məntəqəyə uğurla çatdığı, yaxın zamanlarda inşası başa çatacaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin bu imkanları daha da artıracağı qeyd edilib.

Görüşlərdə ölkələrimizin qanunverici orqanları və hakim partiyaları arasında münasibətlərin daha da dərinləşdirilməsi üçün qarşılıqlı səfərlərin faydalı olduğu vurğulanıb, bu istiqamətdə parlament rəhbərlərinin səfərlərinin təşkilinə dair təşəbbüs irəli sürülüb. Bildirilib ki, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında uzun illərdir fəal əməkdaşlıq aparılır.

Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov görüşlərdə iştirak edib.

Ölkəmizin nümayəndə heyəti Çin Kommunist Partiyasının muzeyi ilə tanış olub.

Səfər çərçivəsində nümayəndə heyəti Şanxay və Çendu şəhərlərində də olacaq.