YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistanın Azərbaycana təcavüzünə dair üçcildliyin və monoqrafiyanın təqdimatı keçirilib

Martın 31-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 2-ci “Şuşa qrantı” birgə müsabiqəsinin qalibi olmuş qrant layihələri çərçivəsində nəşr edilən “Ermənistanın Azərbaycana təcavüzü” üçcildliyinin (müəllif Elçin Əhmədov) və “Ermənistanın sovetləşməsindən Azərbaycan ərazilərinin işğalınadək erməni iddiaları: tarix - olduğu kimi (1920-1994-cü illər)” monoqrafiyasının (müəllif Musa Qasımlı) təqdimatı olub.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev bildirib ki, dünyanın bir sıra ölkələrində aparılan dərin elmi araşdırmalar nəticəsində ilk dəfə ortaya çıxarılan faktlara yer verilməsi, eləcə də mötəbər elmi mənbələrə istinad olunması hər iki nəşrin əhəmiyyətini artırır.

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar ölkəmizdə silsilə tədbirlərin keçirildiyini qeyd edərək, hər iki nəşrin məhz belə bir gündə təqdim olunmasının əhəmiyyətini xüsusi vurğulayıb.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov hər iki nəşrin Azərbaycanın tarixinin, xüsusən ermənilərin 200 ildən artıq bir dövrdə xalqımıza qarşı törətdikləri soyqırımlarının öyrənilməsi baxımından əhəmiyyətini yüksək qiymətləndirərək, kitabların xarici dillərə tərcümə olunub dünyada geniş yayılmasının vacibliyini qeyd edib.

31 mart soyqırımının Azərbaycan xalqına qarşı törədilmiş qətliamların ən qanlı səhifəsi olduğunu deyən Prezident Administrasiyasının rəsmisi həmin günlərdə həm Bakıda, həm də Azərbaycanın digər regionlarında on minlərlə günahsız insanın ermənilər tərəfindən amansızlıqla qətlə yetirildiyini deyib: “31 mart elə bir gündür ki, xalqımızın, xüsusən Azərbaycanın milli elitasının diqqətini özünə cəlb etməlidir. Bu günün öyrənilməsi, yad olunması, həmin dövrdə baş vermiş hadisələrin gələcək nəsillərə çatdırılması bizim milli, vətəndaşlıq borcumuzdur”.