YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakı ilə Qahirə arasında birbaşa hava reysinin açılması gözlənilir

Bakı ilə Qahirə arasında birbaşa hava reysinin açılması gözlənilir.

“Birbaşa hava reysinin açılması Misir-Azərbaycan turizm əlaqələrinin inkişafına öz töhfəsini verəcək”. Bu barədə Misir Ərəb Respublikası Turizm Nazirliyinin beynəlxalq turizm şöbəsinin başçısı Məhəmməd Əbd əl-Cabbar bu ölkədə səfərdə olan azərbaycanlı jurnalistlərlə görüşü zamanı deyib.

“Azərbaycandan Misirə gələnlərin sayı o qədər də çox deyil. Azərbaycanlı turistlərin sayında artım olması üçün müzakirələrin təşkil edilməsi labüddür. Rusiyadan Misirə gələn turistlərin sayı təxminən 3 milyon yarımdır, amma Azərbaycandan gələnlərin sayı çox azdır. Biz Azərbaycanla turizm əlaqələrini inkişaf etdirmək istəyirik. Əsas problemlərdən biri birbaşa hava əlaqəsinin olmamasıdır. Biz birbaşa hava əlaqəsinin yaranması üçün çalışmalıyıq və düşünürəm ki, bununla da turizmin inkişafına yardım etmiş olacağıq”, - deyə şöbə başçısı bildirib.

Azərbaycan və Misir şirkətləri arasında turizmin inkişafı ilə bağlı müzakirələrin təşkil edilməsinin vacibliyindən danışan Məhəmməd Əbd əl-Cabbar bildirib ki, ölkəsi Azərbaycan və Qazaxıstan kimi ölkələrlə uzun müddətdir ki, əlaqələr qurub. Çox istərdik ki, bu ölkələrin bazarları ilə maraqlanaq. Məsələn, Qazaxıstandan Şarm əl Şeyxə bu yaxınlarda birbaşa reys açılıb. Biz bu təcrübənin Azərbaycana münasibətdə də təkrarlanmasını istərdik.

Sonda Misir Turizm nazirliyinin rəsmisi əlavə edib ki, turizm sahəsində ikitərəfli münasibətlərin inkişafı ilə bağlı Misir Turizm Nazirliyinin nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir. “Turizm nazirinin Azərbaycana ötən ilin dekabrına planlaşdırılan səfəri təxirə salınmışdı. Lakin bu səfər baş tutacaq və nümayəndə heyətinin tərkibinə Misir turizm və aviasiya şirkətlərinin nümayəndələri də daxil olacaq”, - deyə Məhəmməd Əbd əl-Cabbar bildirib.