YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Kənd təsərrüfatında məhsuldarlığın artması xarici bazarlara çıxıb ölkəyə valyuta gətirməkdə mühüm əhəmiyyət kəsb edir

«Xarici təsirlər nəticəsində ölkə iqtisadiyyatında yaranmış müvəqqəti çətinlikdən çıxmaq üçün tutduğumuz vəzifədən asılı olmayaraq hər birimizin üzərinə böyük məsuliyyət düşür. Biz hamılıqla çalışmalıyıq ki, büdcə vəsaitləri şəffaf və məqsədli təyinatına uyğun xərclənsin, qeyri-neft sektoru və onun prioritet istiqaməti olan digər sahələr kimi aqrar sahə də inkişaf etsin». Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, dəqiqləşdirilmiş dövlət büdcəsi göstəricilərinin təhlili hökumətin həyata keçirdiyi iqtisadi siyasətə sadiq qaldığını göstərir. Belə ki, neftin qiymətinin kəskin aşağı düşməsi nəticəsində neft sektorundan daxilolmaların əsaslı surətdə azalmasına baxmayaraq 2016-cı il dövlət büdcəsinə yenidən baxılarkən büdcənin gəlirləri və xərcləri nəinki azaldılıb, əksinə hər iki göstəriciyə görə 2,2 milyard manat artımla yenidən hesablanıb.

«Prezident İlham Əliyev qeyd edib ki, təkcə 2015-ci il deyil, bundan sonra hər il “Kənd təsərrüfatı ili” olmalıdır. Bununla əlaqədar əsaslı işlər görülməsi barədə hökumətə tapşırıqlar verib. Xüsusilə ölkəmizdə pambıq, çay, tütün, barama və üzüm məhsulları istehsalının artırılması və onların emalının son istehlak mallarına kimi emal edilməsinin təşkil olunması əsas istiqamətlər kimi göstərilib. Bu da onunla əlaqədardır ki, məhz bu məhsullar fermerlərin hər hektardan daha çox gəlir əldə etməsində, iqtisadiyyatın bir çox sahələrində yeni daimi iş yerlərinin açılmasında, xarici bazarlara çıxıb ölkəyə valyuta gətirməkdə mühüm əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq yeni dəqiqləşdirilmiş dövlət büdcəsində kənd təsərrüfatına ayrılan büdcə vəsaiti 88 milyon manat və ya 14,7 faiz artırılaraq ümumi həcmi 596 milyondan 684 milyon manata çatdırılıb. Hesab edirik ki, bu vəsait fermerləri daha çox məhsul istehsal etmək, yeni istehsal sahələri yaratmaq, müasir texnika və texnologiyalar tətbiq etmək üçün stimullaşdıracaq və ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasına müsbət təsir edəcək»- deyə, komitə sədri vurğulayıb.