YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Regiondakı mövcud münaqişələr beynəlxalq əməkdaşlıq və təhlükəsizlik üçün təhdid olaraq qalır

Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirləri Tbilisidə üçtərəfli görüşün yekunları ilə bağlı birgə mətbuat konfransı keçiriblər.

Elmar Məmmədyarov bildirib ki, görüşün nəticəsi olaraq imzalanmış Tbilisi Bəyannaməsində dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək ifadə olunub. Regiondakı münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri, beynəlxalq təşkilatların, o cümlədən BMT, ATƏT və Avropa Şurasının müvafiq sənədləri əsasında həll olunmasının vacibliyi vurğulanıb.

Nazir qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi, eləcə də regiondakı digər münaqişələr beynəlxalq əməkdaşlıq və təhlükəsizlik üçün təhdid olaraq qalır. O bildirib ki, dövlətlərin ərazi bütövlüyü və sərhədləri güc tətbiq olunmaqla dəyişdirilə bilməz. Azərbaycan dövlətinin bu məsələdə prinsipial mövqeyi hamıya bəllidir və təəssüf ki, Ermənistan işğalçılıq siyasətini davam etdirir və bu da münaqişənin sülh yolu ilə həllinə imkan vermir. Bu məsələ digər nazirlər tərəfindən də təsdiq olunub və Bəyannamədə öz əksini tapıb.

Qeyd edilib ki, görüşdə, həmçinin Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi –Qars dəmir yolu və digər layihələrin əhəmiyyəti vurğulanıb. Azərbaycanın karbohidrogen ehtiyatlarının Gürcüstan və Türkiyə ərazisindən keçməklə Avropaya nəql olunmasının önəmi qeyd edilib. Vurğulanıb ki, bu layihələr ölkələrimizlə yanaşı, Avropanın da təbii qaza olan ehtiyaclarının ödənməsində əhəmiyyətli rola malikdir.

Bundan başqa, görüşdə terrora qarşı birgə mübarizənin vacibliyi qeyd edilib.

Mixail Canalidze deyib ki, Gürcüstan dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşır. Ərazi bütövlüyü və sərhədlər güc yolu ilə dəyişdirilə bilməz. Nazir vurğulayıb ki, ölkəsi regionda həyata keçirilən layihələrə böyük önəm verir və bu sahədə mövcud olan problemlərin birgə həllinə tərəfdardır.

Mövlud Çavuşoğlu terrora qarşı birgə mübarizənin daha da gücləndirilməsinin zəruriliyini vurğulayıb. Bildirib ki, bəzi dövlətlər hələ də terrorun nə olduğunu tam dərk etmirlər.

Nazir deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin mövqeyi dəyişməzdir və biz bu problemin yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdarıq.

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə toxunan M.Çavuşoğlu diqqətə çatdırıb ki, layihə üzrə tikinti işləri bu ilin sonuna tam başa çatdırılacaq.

Sonra nazirlər Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə bağlı görülən işlərlə tanış olmaq üçün Kartsaxa yola düşüblər.