YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Altay Həsənov: Bakı regionun idman paytaxtına çevrilir

Sabah Bakıda start götürəcək idman gimnastikası üzrə FIG Dünya "Challenge" Kuboku Azərbaycanda ilk dəfə keçirilir. Bunu Trend-ə Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov deyib.

Onun sözlərinə görə, bu, statusuna görə çox ciddi Kubokdur: "Bu Olimpiya dövründə həmin turnir cəmi üç ölkədə - Böyük Britaniya, Yaponiya və Azərbaycanda keçirilir. Biz bu hüququ haqlı olaraq əldə etmişik, çünki azərbaycanlı gimnastlar idman gimnastikasında uğurlar əldə etməyə başlayıblar. Biz bədii gimnastikada çoxdan zirvədəyik və hər zaman dünyanın ən güclü yığmaları ilə rəqabət aparırıq. İdman gimnastikasında isə hələ ilk addımlarımızı atırıq və gördüyünüz kimi, bu addımlar bizdə olduqca uğurlu olub - bizi tanıyırlar, ölkəmizə gəlirlər. Buna görə də həmişəki kimi bizdən təşkilati baxımdan yarışları ən yüksək səviyyədə keçirəcəyimizi gözləyirlər".

A.Həsənov bildirib ki, bunu Dünya Kubokuna gəlmiş nümayəndə heyətlərinin rəhbərləri və üzvlərinin bugünkü görüşü də göstərdi, onların, demək olar, heç bir sualı yox idi: "Bu da Federasiyanın, Təşkilat Komitəsinin çox yaxşı hazırlaşmasının bir göstəricisidir".

Onun sözlərinə görə, Federasiya azərbaycanlı idmançılardan yaxşı çıxış gözləyir: "Hələ mövsümün başlanğıcıdır. Qarşıda Rio-de-Janeyro olimpiadasında ən əsas startımız var. Yarışların Bakıda keçirilməsi yaxşı göstəricidir, hərçənd doğma divarlar kömək etsə də, öz idmançılarımıza burada çıxış etmək həmişə asan deyil, belə ki, bu, çox məsuliyyətlidir. Ona görə də qoy onların daha vacib startlar, Avropa çempionatı və Olimpiya Oyunları ərəfəsində belə sınağı olsun".

A.Həsənov əlavə edib ki, xüsusilə ölkənin bədii gimnastika üzrə iri yarışların keçirilməsində təcrübəsi nəzərə alınmaqla Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun təşkili böyük fayda verəcək: "Biz təcrübə qazanırıq, idmançılarımız Bakıya məmnuniyyətlə gələn dünyanın qabaqcıl gimnastları ilə rəqabət aparırlar. Sirr deyil ki, Bakı regionun özünəməxsus idman paytaxtına çevrilir. Çünki burada yarışlar çox yaxşı keçirilir, qonaqları çox yaxşı qarşılayırlar. Düşünürəm ki, hamı buradan razı gedir".

O, əmin olduğunu bildirib ki, Bakıya gəlmiş idmançılar və nümayəndə heyətlərinin üzvləri adəti üzrə buradan yaxşı təəssüratlarla ayrılacaqlar.