YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mərkəzi Seçki Komissiyasında İndoneziya parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycan Respublikasında səfərdə olan İndoneziya parlamenti Nümayəndələr Palatasının sədr müavini Fahri Hamzahın başçılıq etdiyi nümayəndə heyəti fevralın 18-də Mərkəzi Seçki Komissiyasında (MSK) sədr Məzahir Pənahovla görüşüb.

MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən bildiriblər ki, Məzahir Pənahov görüşdən məmnunluğunu bildirərək, rəhbərlik etdiyi qurumun nüfuzlu beynəlxalq təşkilatlar və dünyanın müxtəlif qitələrindən olan böyük inkişaf yoluna malik ölkələrin ali seçki komissiyaları ilə əlaqələrindən söhbət açıb. MSK sədri qeyd edib ki, Azərbaycanda seçki praktikasının daha da təkmilləşdirilməsində və hazırkı inkişaf səviyyəsinə çatmasında beynəlxalq təcrübənin öyrənilməsinin xüsusi rolu var.

Nümayəndə heyətinin rəhbəri Fahri Hamzah İndoneziyanın Azərbaycan ilə əlaqələrinin daha da genişləndirilməsinə çalışdıqlarını bildirib. O, həmçinin Mərkəzi Seçki Komissiyasının seçkilərın azad, ədalətli və şəffaf keçirilməsindəki yüksək təcrübəsindən və informasiya-kommunikasiya texnologiyalarının seçkilərdə tətbiqi sahəsində əldə etdiyi ciddi nailiyyətlərdən istifadə edərək, İndoneziyadakı seçkilərin də inkişafına nail olmaq istədiklərini deyib və iki ölkənin ali seçki qurumları arasında birbaşa əlaqələrin qurulmasında maraqlı olduqlarını ifadə edib.

Görüşdə MSK sədri M.Pənahov seçkilərin yüksək səviyyədə təşkil olunması, azad, ədalətli və şəffaf keçirilməsi üçün Azərbaycanda hər cür şəraitin və demokratik mühitin olduğunu vurğulayaraq, nümayəndə heyətinə Azərbaycanın seçki sistemi, MSK-nın strukturu, seçki komissiyalarının fəaliyyət prinsipləri və digər məsələlər barədə ətraflı məlumat verib və seçkilərin demokratik keçirilməsində həyata keçirilmiş genişmiqyaslı layihələri və atılan addımları diqqətə çatdırıb.

İndoneziyalı parlamentarilərlə görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.