YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistanın dünya terror şəbəkəsi ilə əlaqələri Avropa Şurasında ifşa edildi

Avropa Şurası Parlament Assambleyasının yanvarın 27-də keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Avropa Şurasının standartlarını və dəyərlərini qoruyaraq beynəlxalq terrorizmə qarşı mübarizə” və “Suriya və İraqda əcnəbi döyüşçülər” məruzələri sessiyadakı ən aktual və ciddi maraq doğuran məsələlərdən olub. Mövzuların mahiyyətcə yaxınlığı nəzərə alınaraq müzakirələr birgə aparılıb.

Mövzuya ümumi həssas yanaşmanın daha bir göstəricisi də budur ki, məruzələr ətrafında müzakirələrə 60-dan çox deputat yazılmışdı.

Ölkəmizin AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov da həmin müzakirələrə qatılaraq bir sıra mühüm qənaətlərini bölüşdü. Azərbaycanlı deputat terrorizmə qarşı mübarizənin birgə aparılmasının zəruriliyini qeyd edərək, Avropa Şurasının üzvləri arasında terrorizmlə bilavasitə bağlı olan Ermənistandan söz açdı.

R. Hüseynov belə hallarda öncə ən yaxındakı hədəfə qarşı mübarizədən başlanmalı olduğunu vurğulayaraq bildirdi: “Nə qədər paradoksal səslənsə də, insanları böyük sevinclərdən daha çox böyük dərdlər yaxınlaşdırır, qovuşdurur. Terrorizm müharibələrin ən pisidir. Bu, insanla insanın qarşı-qarşıya durduğu savaş deyil. Bu, iblisin insana, insanlığa qarşı ölüm yürüşüdür. Ona görə də terrorun və terrorçunun vətəni və milliyyəti olmaması haqda məlum düşüncə ilə tam da olmasa, müəyyən qədər razılaşmaq mümkündür. Axı, terrorizmi özünün dövlət siyasətinə çevirən, onu fəal şəkildə dəstəkləyən ölkələr də var. Həm də uzaqda yox, elə bizim Avropa Şurası ailəsinin içərisində. Bu gün biz İraqda, Suriyada döyüşən əcnəbi muzdlular, Avropadan kənardakı terror birlikləri haqqında fikir bölüşürük. Bunlar Avropadan kənarda baş verən proseslər olsa da, təbii ki, biz bu bəlaya biganə qala bilmərik. Çünki biganə qalsaq, səsimizi qaldırmasaq gec-tez o zərbələr bizə sarı yönələcək və artıq yönəlir də.

Digər tərəfdən, həmin Suriya və İraqdakı əcnəbi döyüşçülərin sırasına bizim üzv ölkələrdən də məxfi emissarların, xarici kəşfiyyatların döyüşçülər cəlb edərək, onları ölümə hazır zombilərə çevirmələri faktları da bəllidir. Odur ki, bugünkü müzakirələr son dərəcə vacib, hamımız üçün həyati əhəmiyyətlidir. Lakin biz fikir mübadilələrimizin, qəbul edilən qərarların, insanlıq əleyhinə olan bu fəlakətə qarşı mübarizəmizin sadəcə söz olmamasını, əmələ çevrilməsini istəyiriksə, gərək məsələlərə hər cəhətdən obyektiv, qərəzsiz, vicdanlı yanaşaq. Bizim sıralarımızda beynəlxalq terror şəbəkəsi ilə bilavasitə bağlı olan, beynəlxalq terrorizmi açıq şəkildə dəstəkləyən, daha artıq, terrorizmi özünün dövlət siyasətinə çevirən ölkə var.

Biz terrorizm əleyhinə mübarizədən bəhs edərək, bu mövzuda söhbətləri dərhal Ermənistandan başlamırıqsa, demək, riyakarlıq edirik. Bu haqda mən xəbərdarlığı çoxdan etmiş, həyəcan siqnalını hələ 14 il əvvəl vermişdim və 2002-ci il iyunun 14-də hazırladığım 9489 saylı “Azərbaycan Respublikasının işğal altındakı ərazilərində Ermənistanın müdafiə etdiyi terrorist təşkilatlar şəbəkəsi” adlı tövsiyə üçün təklifdə həmin beynəlxalq terror birləşmələrinin adlarını bir-bir sadalamışdım. Nəticə nə oldu? Beynəlxalq nəzarətdən kənar olan ərazilərdə təcavüzkar Ermənistanın yerləşdirdiyi terrorçuların təlim düşərgələri, oradakı ölüm cəngavərlərinin tam sərbəst hərəkət imkanının qarşısının alınması üçün heç bir tədbir görülmədi. Çox keçmədi ki, həmin düşərgələrdə təlim keçmiş ASALA, “Gənc ermənilər ittifaqı”, “Erməni azadlıq hərəkatı” “İsveç qrupu”, “Erməni birliyi”, “Orli qrupu”, “Vartan cəngavərləri” və digər erməni mənşəli beynəlxalq terror qruplaşmaları Avropada, Yaxın və Orta Şərqdə, Şimali Amerikada yeni-yeni terror aktları törətdi. Ermənistanın nəzarətində, lakin beynəlxalq nəzarətdən kənarda olan həmin ərazilər bu gün də beynəlxalq terror şəbəkəsinə xidmət üçün açıqdır, narkotiklərin becərilməsi, tranziti üçün ən münasib məkandır.

Avropa Şurası da, BMT də haradasa məchul uzaqlarda terroristləri arayır. Ermənistanın dövlət səviyyəsində terrorizmi dəstəkləməsi, terrorizmi öz dövlət siyasətinə çevirməsi, beynəlxalq terror şəbəkəsi ilə bilavasitə bağlılığının çoxlu sübutları var, bunların xeyli hissəsi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin hesabatlarında da əksini tapıb.

Mən sadəcə birini diqqətinizə çatdırıram. Erməni mənşəli ABŞ vətəndaşı, dünya terror şəbəkəsinin məşhurlarından olan Monte Melkonyanın 1983-cü il iyulun 15-də Parisin Orli beynəlxalq aeroportunda törətdiyi terror aktı nəticəsində zərər çəkən 60 insanın bir qismi həlak oldu, bir qismi yaralandı. Fransa polisi M. Melkonyanı tuta bildi və ona 6 il həbs cəzası kəsildi. Ancaq o, az sonra müəmmalı şəkildə Fransadan kənarda üzə çıxdı, Ermənistana gəldi. Ermənistan dövləti isə bu terrorçunu ölkənin ən ali rəsmi təltifinə layiq görərək ona Milli Qəhrəman adı verdi. Necədir sizin üçün?!”.

Deputat Rafael Hüseynov erməni terrorizmi ilə bağlı artıq dünya siyasətşünaslığında onlarla sanballı araşdırmanın olduğunu yada salaraq Avropa Şurasının bu cinayətkar üzv dövlətə qarşı niyə qətiyyətsizlik göstərməsindən təəccübləndiyini bildirdi: “Beynəlxalq terrorizmin klassiklərindən olan erməni terrorizminin müasir dövrdə bir dırnaqarası nailiyyəti də var. Dünya siyasətşünaslığında erməni terrorizmi artıq ayrıca bir istiqamət kimi öyrənilir və bu haqda müxtəlif dillərdə yüzlərlə ciddi araşdırma, kitablar və məqalələr yazılıb. Bəs niyə dünya birləşərək bu təhlükəyə qarşı qətiyyətli addımlar atmır? Niyə həmişə gecikir, bəd hadisələr baş verəndən sonra hərəkətə gəlirik? Bəs niyə Avropa Şurası bu barədə kəskin sözünü demir? Eynəyimiz yaxşı göstərmir, yoxsa Ermənistan, onun himayə etdiyi beynəlxalq erməni terror şəbəkəsi gözəgörünməzdir?”.

Azərbaycanlı deputatın çıxışı maraqla qarşılanıb.