YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Monqolustanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də Monqolustanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Badamdorj Batxişiqin etimadnaməsini qəbul edib.

Səfir Badamdorj Batxişiq fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Badamdorj Batxişiq etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Azərbaycanın Monqolustan ilə əməkdaşlığı bütün sahələrdə inkişaf etdirməyə maraq göstərdiyini deyən Prezident İlham Əliyev bunun üçün yaxşı potensialın olduğunu bildirdi. Monqolustan Prezidenti Saxiaqiyn Elbeqdorj ilə müxtəlif beynəlxalq tədbirlərdə görüşlərini və ikitərəfli münasibətlərin inkişaf etdirilməsi ilə bağlı apardıqları danışıqları məmnunluqla xatırlayan dövlətimizin başçısı siyasi və iqtisadi əlaqələrin inkişaf etdirilməsinin xalqlarımız və ölkələrimiz üçün önəmli olduğunu vurğuladı. Azərbaycan ilə Monqolustanın biznes strukturları arasında əməkdaşlığın o qədər də fəal olmadığını deyən Prezident İlham Əliyev ölkələrimizin bir-birini daha yaxından tanımalarının, investisiya və biznes imkanlarının düzgün istiqamətləndirilməsinin əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı Badamdorj Batxişiqin Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə etdi və səfirə fəaliyyətində uğurlar arzuladı.

Səfir Badamdorj Batxişiq Monqolustan Prezidenti Saxiaqiyn Elbeqdorjun salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. Səfir ölkəsinin müxtəlif sahələrdə əldə etdiyi iqtisadi uğurlardan danışdı. O, Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini dedi.

Dövlətimizin başçısı Monqolustan Prezidenti Saxiaqiyn Elbeqdorjun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Monqolustan dövlətinin başçısına çatdırmağı xahiş etdi.