YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın BMT yanında daimi nümayəndəsi etimadnaməsini qurumun baş katibinə təqdim etmişdir

İyunun 10-da Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi, səfir Yaşar Əliyev etimadnaməsini BMT-nin baş katibi Pan Gi Muna təqdim etmişdir.

Azərbaycanın BMT yanında daimi nümayəndəliyindən bildirilmişdir ki, görüşdə səfir Y.Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını baş katibə çatdırmış və ölkəmizin BMT ilə bir çox sahələrdə sıx əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olduğunu bildirmişdir.
Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzündən söz açan səfir BMT-nin hər zaman ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tanıdığını vurğulamış, qurumun Təhlükəsizlik Şurasının və Baş Məclisinin müvafiq qətnamələrinə istinad edərək BMT-nin bundan sonra da Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcəyinə əminliyini ifadə etmişdir.

Səfir Yaşar Əliyev bir sıra vacib sahələrdə, xüsusilə multikulturalizm, dözümlülük, mədəniyyətlər və dinlər arasında dialoqun təşviq edilməsində BMT-nin səylərinə Azərbaycanın fəal dəstəyinin davam etdiriləcəyini vurğulamışdır.

O, həmçinin Azərbaycanın beynəlxalq səviyyədə sülhpərvər siyasətinin göstəricisi kimi 2015-ci ildə ilk Avropa Oyunlarının və 2017-ci ildə növbəti İslam Həmrəyliyi Oyunlarının Bakıda keçiriləcəyini də baş katibin diqqətinə çatdırmışdır.

BMT-nin baş katibi Pan Gi Mun salamlarının və ən xoş arzularının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş etmiş və ölkəmizin daha da inkişafı naminə yorulmaz fəaliyyətində dövlətimizin başçısına uğurlar arzulamışdır.