YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan Respublikasının Konstitusiyası müasir dövrün ən demokratik prinsip və müddəalarını özündə ehtiva edir

Müsahibimiz Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının baş müəllimi Elşad Nəsirov

- Elşad müəllim, məlum olduğu kimi, 12 noyabr tarixi Azərbaycan Respublikasının Konstitusiya Günü kimi qeyd olunur. İlk növbədə, Azərbaycanın konstitusion inkişaf tarixi və ölkəmizdə konstitusionalizm ənənələrinin təşəkkülü barədə düşüncələrinizi bilmək istərdik...

- Öncə onu qeyd etmək istəyirəm ki, müasir dövrdə bu və ya digər ölkələrdə dövlətin və cəmiyyətin əsaslarını müəyyənləşdirən, əsas prinsiplərini özündə təsbit edən, bütövlükdə, qanunvericilik sisteminin bazası rolunu oynayan konstitusiyalar mövcuddur. Ümumiyyətlə, hazırki mərhələdə, demək olar ki, hər bir dövlətin konstitusiyası var. Ola bilər ki, bu, yazılı – məcəllələşdirilmiş, ola bilər ki,  yazılmamış konstitusiya olsun. Məsələn, Böyük Britaniyanın Konstitusiyası yazılmamış – şifahi konstitusiya adlandırılır, amma bu, o demək deyil ki, bu ölkənin konstitusiyası yoxdur. Çünki Böyük Britaniya konstitusionalizmin beşiyi və parlamentarizmin yarandığı ilk ölkələrdən biridir, ona görə də bu ölkənin faktiki olaraq Konstitusiyası mövcuddur – bu, konstitusion adətlərin, statutların, məhkəmə presedentlərinin məcmusundan ibarətdir.

Dünyada ilk yazılı – müasir anlamda konstitusiyanın qəbulu 1787-ci ildə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Konstitusiyasının qəbulu ilə hesablanır. Baxmayaraq ki, hüquq ədəbiyyatında ondan əvvəlki dövrdə də konstitusiyaların mövcud olduğu göstərilir, amma onlar müasir anlamda konstitusiya anlayışının özünü - əsasını və mahiyyətini ifadə etmir. Çünki müasir anlamda konstitusiya cəmiyyətin və dövlətin hüquqi vəziyyətini müəyyənləşdirir, onların qarşılıqlı əlaqədə hüquqi yerini, bir-birinə təsirini, eyni zamanda, hüquqla dövlətin əlaqəsini təsbit edir, insan və vətəndaşın hüquq və azadlıqlarını nəzərdə tutur. Ona görə də hesab olunur ki, ABŞ Konstitusiyasının qəbulundan sonra konstitusion inkişafın ilk mərhələsi başlayıb.

Azərbaycan Respublikasının tarixinə nəzər salsaq, görərik ki, ölkəmizin konstitusion inkişaf tarixi o qədər də uzun bir dövrü əhatə etmir. Bu, onunla bağlı olub ki, dünyanın demokratik dövlətlərinin formalaşdığı, parlamentarizm və konstitusionalizmin təşəkkül tapdığı bir tarixi dönəmdə Azərbaycan Rusiya və İran arasında Gülüstan və Türkmənçay müqavilələri ilə iki yerə parçalanıb, əsarət altına düşüb. Xüsusilə də Şimali Azərbaycan Rusiya imperiyasının tərkibinə qatılıb, Azərbaycanda imperiyanın bir əyaləti kimi “parçala və hökm sür” siyasəti yürüdülüb. Daha sonra isə Rusiyanın özündə belə monarxiyanın mövcud olduğu, konstitusiyanın olmadığı bir şəraitdə, təbii ki, onun müstəmləkə ərazisi olan Azərbaycanda bir əyalət kimi konstitusiya mövcud ola bilməzdi.

Bəzən tarixçilər tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul edilmiş İstiqlal Bəyannaməsi konstitusiya kimi xarakterizə olunur. Amma o, müasir anlamda konstitusiya kimi səciyyələndirilə bilməz, çünki yuxarıda sadaladığım həmin məsələlər orada ehtiva olunmamışdı.

Azərbaycanın Konstitusiyasının ilk qəbulu məhz SSRİ dövrünə təsadüf edir. 1921-ci il may ayının 19-da I Ümumazərbaycan Qurultayı tərəfindən 1918-ci il RSFSR Konstitusiyasının əsasında hazırlanmış Azərbaycan SSR-in Konstitusiyası qəbul olundu. Bu, ümumilikdə, Azərbaycanın dövlətçilik tarixinin bir mərhələsidir və burada bir çox hüquq və azadlıqlar da öz əksini tapmışdı, mərkəzi dövlət - hakimiyyət orqanlarının təşkili və fəaliyyətinin əsasları müəyyən olunmuşdu.

Azərbaycanın sayca ikinci Konstitusiyası 1927-ci ilin mart ayında qəbul olundu. Bu Konstitusiyanın qəbul olunmasını şərtləndirən bir sıra məsələlər var idi: birincisi, Azərbaycanın Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının (ZSFSR) tərkibinə qatılması və onun tərkibində SSRİ-nin tərkibinə qatılması; ikincisi, 1924-cü ildə SSRİ-nin Konstitusiyasının qəbul olunması; üçüncüsü, bu Konstitusiyaya uyğun olaraq 1925-ci ildə Azərbaycanın birinci Konstitusiyasına onun təxminən 60 faizini əhatə edən dəyişikliklərin edilməsi. Onu da qeyd etmək istəyirəm ki, bundan sonra Azərbaycanın tərkibinə qatıldığı Zaqafqaziya Federasiyasının öz Konstitusiyası qəbul edildi. Deməli, Azərbaycan faktiki olaraq Federasiyanın tərkibində ikili tabeçilikdə - ikili federativ sistemdə fəaliyyət göstərirdi. Yəni ölkəmiz ZSFSR-in tərkibində idi, bu federasiyanın tərkibində isə SSRİ-nin tərkibinə qatılmışdı. Bu nöqteyi-nəzərdən,  Zaqafqaziya Federasiyasının öz Konstitusiyasının qəbulu Azərbaycanın sayca ikinci Konstitusiyasının qəbulunu şərtləndirmişdi. Həmin Konstitusiyada 1921-ci ilin Əsas Qanunundan ciddi şəkildə fərqlənən məsələlər yox idi. Bu Konstitusiya daha çox Sovet hakimiyyətinin əsaslarını təsbit edən Əsas Qanun kimi yadda qaldı. Bununla yanaşı, bir sıra yeniliklər də mövcud idi. Belə ki, Konstitusiyada Naxçıvan Muxtar Respublikasının hüquqi statusunu, Dağlıq Qarabağın, eləcə də məhkəmə orqanlarının hüquqi vəziyyətini müəyyənləşdirən fəsillər nəzərdə tutulmuşdu. Onu da deyim ki, 1921-ci il Konstitusiyasında Azərbaycanın dövlət rəmzləri ilə bağlı məsələlər dəqiqliyi ilə öz həllini tapmamışdı və Azərbaycanın özünün ayrıca bayrağı da mövcud deyildi, eləcə də dövlət himni haqqında müddəa təsbit olunmamışdı. Amma 1927-ci il Konstitusiyasında  Azərbaycan dövlətinin bayrağı formasında bir maddə müəyyənləşdirilmişdi.

Daha sonra 1936-cı ilə SSRİ Konstitusiyasının qəbulu 1937-ci ildə Azərbaycan SSR-in sayca üçüncü Konstitusiyasının qəbul olunmasına gətirib çıxardı. SSRİ Konstitusiyasına müvafiq olaraq 1937-ci ildə qəbul edilmiş Azərbaycan SSR-in Konstitusiyasında bir sıra yeniliklər nəzərə çarpırdı. İlk növbədə, dövlət hakimiyyəti orqanlarının sistemində müəyyən dəyişikliklər oldu. Belə ki, bu zamana qədər Azərbaycanda ali dövlət hakimiyyət orqanı Ümumazərbaycan Sovetlər Qurultayı, onun Mərkəzi İcraiyyə Komitəsi, Xalq Komissarları Soveti nəzərdə tutulurdusa, bundan sonra Ümumazərbaycan Sovetlər Qurultayı ləğv olundu, onun əvəzinə Azərbaycan SSR-in Ali Soveti yaradıldı, Ali Sovetin Rəyasət Heyəti formalaşdırıldı, Mərkəzi İcraiyyə Komitəsi bir qurum kimi ləğv edildi, Xalq Komissarları Soveti isə icra - sərəncam orqanı kimi saxlanıldı. O, 1943-cü ildən etibarən Nazirlər Soveti adını almağa başladı. İkincisi, ilk dəfə olaraq vətəndaşlıq hüququ, vətəndaşların sosial-iqtisadi hüquqları, Konstitusiya dəyişikliklərinin edilməsi ilə bağlı bir çox müddəalar öz əksini tapdı, yəni müəyyən qədər təkmilləşmə prosesi getmişdi.

Azərbaycan SSR-in sayca dördüncü Konstitusiyası 1978-ci ilin 21 aprel tarixində 1977-ci il SSRİ Konstitusiyası əsasında qəbul edildi. Onu da diqqətə çatdırmaq istəyirəm ki, bu Konstitusiyanın qəbul olunmasında Ulu öndər Heydər Əliyevin müstəsna rolu olmuşdu.

1937-ci il Konstitusiyasının ilkin mətnində Azərbaycanın dövlət dili Türk dili olaraq ifadə olunmuşdu. Sonra Azərbaycanı millətçilikdə ittiham edərək 1951-ci ildə bu müddəa oradan çıxarıldı və Konstitusiyanın 50-ci illərdə nəşr olunan versiyalarında türk dili anlayışı yox idi, rus dili dövlət dili kimi təsbit olunurdu. Məhz Ümummilli lider Heydər Əliyevin tələbi ilə 1978-ci il Konstitusiyasında dövlət dili kimi Azərbaycan dili təsbit olundu. Bu Konstitusiyada, həmçinin Dağlıq Qarabağ və onun orqanlarının hüquqi statusu “Yerli dövlət hakimiyyəti orqanları” fəslinin içərisində verilmişdi, yəni ona ayrıca – xüsusi önəm verilmirdi. Hansı ki, əvvəlki konstitusiyalarda buna ayrıca fəsil həsr olunmuşdu, onun hüquqi statusu şişirdilirdi. Bu da, təbii ki, Ulu öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən biri idi. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, bu Konstitusiya digərlərindən daha təkmil və geniş idi - 11 bölmə, 22 fəsil və 185 maddəni əhatə edirdi. Burada ictimai, siyasi sistemin, iqtisadi quruluşun əsaslarından, vətəndaşlıq hüququndan bəhs olunurdu, vətəndaşların hüquq və azadlıqları, vəzifələri ilə bağlı ayrıca bölmə və fəsillər nəzərdə tutulmuşdu, dövlət hakimiyyəti orqanlarının hüquqi vəziyyəti məsələləri geniş şəkildə təsbit olunmuşdu. Bundan başqa, SSRİ və Azərbaycan SSR-in qarşılıqlı əlaqəsi, İttifaqın, respublikanın  ayrıca və birgə səlahiyyətləri kimi məsələlər öz əksini tapmışdı.

- 1995-ci ildə qəbul olunmuş ilk milli Konstitusiyanın Azərbaycanın hüquqi, demokratik dövlət kimi formalaşmasındakı rolunu, həmçinin onun hazırlanıb qəbul olunmasında Ulu öndər Heydər Əliyevin fəaliyyətini necə xarakterizə edərdiniz?

- Azərbaycan Respublikasının ilk milli demokratik Konstitusiyası ölkəmizin müstəqillik dövründə - 12 noyabr 1995-ci il tarixində ümumxalq səsverməsi əsasında qəbul edildi. Bu Konstitusiyanın qəbulunu şərtləndirən tarixi şərait çox mürəkkəb və keşməkeşli dövrü əhatə edirdi. Təbii ki, SSRİ-də 1980-ci illərin ikinci yarısından başlayan demokratikləşmə prosesi, yenidənqurma siyasəti, nəticə etibarilə, ittifaqın dağılmasına və onun ərazisində müstəqil dövlətlərin yaranmasına istiqamətlənmişdi. Amma bu prosesdə böyük çətinliklərlə üzləşən dövlətlər də oldu, o cümlədən həmin tarixi şəraitdə Dağlıq Qarabağ probleminin yaradılması Azərbaycan Respublikasının da mürəkkəb situasiya ilə üzləşməsini şərtləndirdi.

Bir məqamı xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasına 12 noyabr 1995-ci il Konstitusiyası qəbul olunana qədər 400-dən artıq əlavə və dəyişikliklər edilmişdi. Bəs bu nə ilə şərtlənirdi? Artıq XX əsrin 90-cı illərində SSRİ dağılır, Kommunist Partiyasının hegemon rolundan imtina olunur, milli dirçəliş, xalq hərəkatı, müstəqil, suveren dövlətin yaradılması prosesi cərəyan edir, bu kontekstdə SSRİ-də, o cümlədən Azərbaycan SSR-də yeni dövlət – hakimiyyət strukturları meydana gəlir, prezidentlik institutu formalaşır, bundan bir qədər öncə Konstitusiya Nəzarəti Komitəsi deyilən bir qurumun formalaşdırılması nəzərdə tutulurdu. Daha sonra 30 avqust 1991-ci ildə Azərbaycan SSR-in Ali Soveti ölkənin dövlət müstəqilliyini elan etdi və 18 oktyabr 1991-ci il tarixində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Konstitusiya Aktı Azərbaycan Respublikasının Konstitusiyası hesab edilməsə də, demokratik prinsipləri, hüququ aliliyi məsələsini, bütövlükdə, konstitusion müddəaları özündə təsbit edirdi.

Qeyd edim ki, həmin tarixi şərait olduqca mürəkkəb idi – daxildə hakimiyyət uğrunda mübarizə gedirdi, Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları və təcavüzü müşahidə olunurdu, bütövlükdə, siyasi situasiya kəskin idi. Əlbəttə, bütün bunlar üstqurum elementlərində təzahür edirdi. Yəni mövcud vəziyyət konstitusiya quruluşu məsələsinə, Əsas Qanunun qəbuluna, dövlət quruculuğu məsələsinə ciddi təsir göstərirdi. Xüsusilə də, AXC-“Müsavat” cütlüyünün hakimiyyəti dövründəki siyasi hərc-mərclik hüquqi bazaya neqativ təsir edirdi. Bu cütlüyün hakimiyyəti dönəmində Azərbaycanda yeni bir konstitusiyanın qəbul olunmasına cəhd edildi, amma situasiya onu göstərdi ki, başı hakimiyyət  uğrunda mübarizəyə qarışmış siyasi qüvvə yalnız xalqa müəyyən vədlər verməklə məşğul idi və belə bir konstitusiyanın qəbul olunmasına nail olmaq imkanı və iqtidarında deyildi. Məhz belə bir şəraitdə ilk növbədə sabitlik və təhlükəsizliyi təmin etmək lazım idi.

1993-cü ildə Ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra bütün bu məqsədlərə nail olundu, öncə ictimai-siyasi sabitlik təmin edildi, müstəqil dövlət quruculuğu prosesi başlandı, dövlət müstəqilliyi və suverenliyi bərpa olundu. 

Qeyd edim ki, 1995-ci ilin may ayında Ulu öndər Heydər Əliyevin Sədrliyi ilə Konstitusiya Komissiyası formalaşdırıldı. Komissiyada millət vəkilləri, peşəkar iqtisadçılar, filosoflar, hüquqşünaslar, cəmiyyətin nüfuzlu şəxsləri, yetərincə siyasi bazası olan siyasi partiyaların nümayəndələri təmsil olunurdular. Həmçinin Konstitusiya Komissiyasının nəzdində İşçi Qrupu fəaliyyət göstərirdi. Komissiya Konstitusiya layihəsini hazırladı, həmin ilin oktyabr ayında ümumxalq müzakirəsinə çıxarıldı.

Nəhayət, 12 noyabr 1995-ci il tarixində Azərbaycan Respublikasının ilk milli demokratik Konstitusiyası ümumxalq səsverməsi əsasında qəbul edildi. Bu Konstitusiyanın qəbulunu həm də siyasi, iqtisadi, sosial və mədəni sahələrdə baş verən fundamental dəyişikliklər, yeniliklər şərtləndirirdi. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesi fonunda mövcud şəraiti tənzimləyəcək, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında baş verən köklü dəyişiklikləri özündə ehtiva edəcək, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində hüquqi baza rolunu oynayacaq mütərəqqi  bir Əsas Qanun idi.

- Bəs Konstitusiyanın mütərəqqiliyi və təkmilliyi nə ilə özünü göstərirdi?

- Konstitusiya öz sistemi, strukturu ilə, ayrı-ayrı bölmələrin və fəsillərin bir-birini tamamlaması ilə, konstitusion nizama salmanın predmetinə daxil olan məsələlərin hüquqi tənzimi etibarilə tam təkmil və mütərəqqi idi. Burada dövlət hakimiyyətinə münasibətdə hüququn aliliyi, hakimiyyətin mənbəyi, xalq suverenliyi, xalq hakimiyyətinin mənimsənilməsi və məhdudlaşdırılmasının yolverilməzliyi məsələləri, eləcə də hakimiyyət bölgüsü mexanizmi, insan hüquq və azadlıqlarının ali dəyərlər kimi tanınması və təmin olunması məsələsi, bu hüquq və azadlıqların dövlətdaxili və beynəlxalq müdafiəsi müxanizmlərinin təsbiti öz əksini tapmışdı.

Konstitusiyada, həmçinin dövlətin əsasları məsələsi təsbit olunmuşdu, Azərbaycan demokratik, dünyəvi, unitar və respublika idarəetmə formasına malik olan dövlət kimi elan olunmuşdu. Əsas Qanunun ikinci fəslinə nəzər yetirdikdə görürük ki, orada dövlətin əsasları, onun hüquqi dövlət kimi xarakterizə olunması ilə bağlı müddəalar öz əksini tapıb. Məsələn, VII maddənin II hissəsində göstərilir ki, dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, beynəlxalq münasibətlər çərçivəsində isə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərlə məhdudlaşır. Bu, bir tərəfdən, hüququn dövlət hakimiyyətinin fövqündə durmasını, hakimiyyətin hüquqla məhdudlaşmasını, dövlət suverenliyi məsələsini, digər tərəfdən, beynəlxalq münasibətlər sferasında dövlətin öz suverenliyindən qismən imtina etməsini, beynəlxalq hüququn subyekti kimi bundan irəli gələn öhdəliklər çərçivəsində dövlət hakimiyyətinin məhdudlaşmasını nəzərdə tuturdu. Bu, özlüyündə, çox mütərəqqi bir müddəadır.

Eyni zamanda, VII maddənin III hissəsində hakimiyyət bölgüsü nəzərdə tutulub, göstərilib ki, Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında formalaşdırılır, qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir, icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur, məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir. Hakimiyyətin qolları öz səlahiyyətləri çərçivəsində müstəqildir, biri digərinin fəaliyyətinə müdaxilə edə bilməz, lakin biri digərinin fəaliyyətinə Konstitusiyanın müəyyənləşdirdiyi çərçivədə nəzarəti həyata keçirir.

Bununla yanaşı, Konstitusiyada bir sıra yeni institutlar da təsbit olunmuşdu. Məsələn, insan hüquq və azadlıqları insanın təbii hüquqlarını tanımış oldu – Konstitusiyanın 24-cü maddəsində  qeyd edilir ki, hər kəsin doğulduğu andan ayrılmaz, pozulmaz, toxunulmaz hüquq və azadlıqları var, bu hüquq və azadlıqlar onların cəmiyyət və digər şəxslər qarşısında öhdəliklərini ehtiva edir. Bu, insan hüquqlarının təbii mənşəyə malik olmasını tanıyır, eyni zamanda, təbii hüquq nəzəriyyəsinin konstitusion təsbiti deməkdir. Bu, onu ifadə edir ki, insana hüquqlar dövlət tərəfindən bəxş olunmur, bu hüquqlar təbii şərtlərdən – insanın zəkaya, iradəyə, təfəkkürə malik olan ali varlıq olmasından irəli gəlir. Dövlət bu hüquqları tanımalı və təmin etməlidir.

Bu məqamda onu da qeyd edim ki, Azərbaycan Konstitusiyasının bir mütərəqqi xüsusiyyəti də digər dövlətlərin konstitusiyasından fərqlənir ki, burada hər bir maddənin öz adı var. Məsələn, dünya dövlətlərinin konstitusiyalarına nəzər salsanız, görərsiniz ki, orada sadəcə maddələrin nömrəsi göstərilir, sonra isə onun məzmunu verilir, beləliklə, məzmuna nəzər saldıqdan sonra maddənin hansı məsələ ilə bağlı olması aydın olur. Və ya maddənin məzmununda hansısa çatışmazlıqlar olur. Bu mənada da, 12 noyabr 1995-ci il tarixində qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası olduqca təkmildir.

Digər tərəfdən, həmin Konstitusiyada insan hüquq və azadlıqlarının təminatı, müdafiə mexanizmi ilə bağlı dünyanın demokratik dövlətlərinin  təcrübəsində olan bütün müddəalar öz əksini tapmışdır. Bu kontekstdə daha bir maraqlı faktı qeyd etmək istəyirəm. Azərbaycan Konstitusiyasının 148-ci maddəsində qanunvericilik sisteminə daxil olan aktlar hüquqi qüvvə baxımından düzülüb. Orada Konstitusiya, referendumla qəbul olunan aktlar, qanunlar, Prezident fərmanları, Nazirlər Kabinetinin qərarları və mərkəzi icra hakimiyyəti orqanlarının öz səlahiyyətləri çərçivəsində qəbul etdiyi qərarlar yer alıb. Bunlar iyerarxiya formasında verilib, yəni yuxarı pillədə olan hüquqi qüvvəsinə görə özündən aşağıda olandan üstündür. Orada, həmçinin göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycanın qanunvericilik sisteminin tərkib hissəsidir. Yəni Azərbaycan hər hansı bir beynəlxalq müqaviləyə tərəfdar çıxır – qoşulursa, parlament onu ratifikasiya edirsə, həmin beynəlxalq hüquqi akt Azərbaycanda hüquq tətbiq edən orqanlar, məhkəmə üçün adi qanunlardan biri kimidir, istənilən vaxt onu tətbiq edə bilər, ona istinad etməlidir, bir sözlə, qanunvericiliyin tərkib hissəsidir.  Eyni zamanda, 151-ci maddədə həmin beynəlxalq hüquqi aktlarla Azərbaycan qanunvericilik sisteminə daxil olan aktlar arasında ziddiyət olarsa, məsələnin necə həll olunması öz əksini tapıb. Göstərilir ki, belə bir ziddiyyət yaranarsa, bu zaman beynəlxalq müqavilələr tətbiq olunur. Bu, əlbəttə, beynəlxalq hüququn üstünlüyünün tanınmasıdır. Amma burada vacib bir məqam var: Konstitusiya və referendumla qəbul olunan aktlar istisna olunur. Deməli, beynəlxalq müqavilə ilə Konstitusiya arasında ziddiyyət yaranarsa, o zaman Azərbaycanın Əsas Qanunu tətbiq olunmalıdır. Bu, xalq suverenliyinin ən yüksək səviyyədə tanınmasıdır.

Digər bir məqama da diqqət çəkmək istəyirəm: Konstitusiyanın 12-ci maddəsi bütövlükdə dövlətin ali məqsədinə həsr olunub. Orada göstərilir ki, insan hüquq və azadlıqlarını, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsini təmin etmək Azərbaycan dövlətinin ali məqsədidir. O da qeyd olunur ki, bu Konstitusiyada təsbit olunan insan və vətəndaş hüquq və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquqi aktlara uyğun olaraq tətbiq olunur. Yəni bu, onu ifadə edir ki, Azərbaycan dövləti insan hüquq və azadlıqlarına konstitusion qaydada o dərəcədə önəm verir ki, əgər Azərbaycanın tərəfdar çıxdığı insan hüquqları sahəsindəki beynəlxalq hüquqi aktla  Azərbaycan Konstitusiyası arasında hansısa bir ziddiyyət olarsa, həmin beynəlxalq hüquqi aktlar əsas tutulur. Çünki o, insan hüquq və azadlıqlarını nəzərdə tutur. Bir sözlə, Konstitusiyanın bu cür incəlikləri kifayət qədərdir və orada çox mütərəqqi müddəalar öz əksini tapmışdır. 

Bununla yanaşı, 1995-ci il Konstitusiyasının digər müsbət xüsusiyyətlərindən biri konstitusiya nəzarət institutunun – Konstitusiya Məhkəməsinin yaradılmasıdır. Qeyd etmək lazımdır ki, Konstitusiya Məhkəməsi dövlət hakimiyyəti mexanizmində xüsusi yerə malikdir, digər hakimiyyəti budaqları ilə qarşılıqlı əlaqə və təsirdə təsir imkanları daha çoxdur, hətta hakimiyyət budaqları arasında yaranan mübahisələrin həlli Konstitusiya Məhkəməsinin səlahiyyətinə aiddir. Bu, onu ifadə edir ki, hakimiyyət bölgüsündə çəkindirmə və tarazlaşdırma mexanizmi və sistemində Konstitusiya Məhkəməsinin önəmli yeri var. Digər tərəfdən, bu qurum qanunların Konstitusiyaya uyğunluğunu yoxlamaqla, qanunlara şərh verməklə, hətta vətəndaşların birbaşa müraciəti əsasında bunu yerinə yetirməklə, bütövlükdə, Konstitusiyanın özünün aliliyini qoruyur. 

- Elşad müəllim, sirr deyil ki, cəmiyyət və dövlət inkişaf etdikcə Konstitusiyanın daha da təkmilləşdirilməsi zərurəti meydana çıxır. Bu baxımdan, 2002 və 2009-cu illərdə ümumxalq səsverməsi nəticəsində Azərbaycan Konstitusiyasına edilmiş əlavə və dəyişikliklərin hüquqi-demokratik dövlət quruculuğu prosesindəki önəmini hansı amillərlə izah edərdiniz?

- 1995-ci il Konstitusiyası nə qədər təkmil və mütərəqqi olsa da, ötən  zaman müddətində ona əlavə və dəyişikliklərin edilməsi ilə bağlı iki dəfə ümumxalq səsverməsi – referendum keçirilib. Öncə 24 avqust 2002-ci il tarixində Konstitusiyaya 24 maddədə 29 əlavə və dəyişiklik edildi. Bundan sonra 2009-cu il mart ayının 18-də Azərbaycan Konstitusiyasının 25 maddəsinə 30-dan artıq əlavə və dəyişiklik edilmiş oldu.

Əlbəttə, bu dəyişiklikləri şərtləndirən bir sıra amillər var. Ən əsas faktor budur ki, müasir dövrdə Azərbaycan dövlətinin siyasi, sosial, iqtisadi inkişaf dinamikası o qədər sürətlidir ki, o, Avropa ölkələrinin vaxtilə demokratikləşmə prosesində 100 ilə keçdiyi yolu 10 ilə keçə bilir.

24 avqust 2002-ci il tarixində Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər yeni dövrün çağırışlarını özündə ehtiva edirdi. Belə ki, 1995-ci ildə Konstitusiyanın qəbul olunmasından bu dövrə qədər Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası, bir sıra beynəlxalq təşkilatlara, xüsusilə də Avropa Şurasına üzv olması, Avropa Şurası çərçivəsində qəbul edilmiş beynəlxalq aktları, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyasını təsdiq etməsi, bununla bağlı müəyyən öhdəliklər götürməsi, həm də cəmiyyətinin özünün inkişafı  bu dəyişiklikləri zəruri edirdi. Məhz bu dövrdə vətəndaşların Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək hüququ tanındı, insan hüquqlarının məzmunu, eləcə də seçki sistemi təkmilləşdirildi, Konstitusiyanın özünə əlavə və dəyişikliklərin edilməsi mexanizmində müəyyən dəyişikliklər edildi.

Bu kontekstdə konstitusion inkişafın ikinci mərhələsi 18 mart 2009-cu ildə ümumxalq səsverməsi nəticəsində Konstitusiyaya bir sıra əlavə və dəyişikliklərin edilməsi ilə bağlı oldu. Bu dəyişikliklərin özü də Konstitusiyanın bir çox müddəalarının təkmilləşdirilməsinə xidmət edirdi. Azərbaycan dövlətinin sosial-iqtisadi bazası daha da güclənmiş, onun vətəndaşların hüquq və azadlıqlarına bu sferada təminat vermək, sosial dövlət prinsiplərini təsbit etmək imkanları daha da genişlənmişdi. Bütün bu məsələlərin həm də konstitusion əsasda təsbit olunması məsələsi ortaya çıxmışdı. Bu isə, nəticə etibarilə, cəmiyyətin inkişafı demək idi. Məhz belə bir şəraitdə Konstitusiyaya əlavə və dəyişikliklər edilməklə insan hüquq və azadlıqlarının təminatının daha da gücləndirilməsi, bu hüquqların məzmununun genişləndirilməsi və digər məsələlər vasitəsilə Əsas Qanun daha da təkmilləşdirildi.

Bütövlükdə isə, bütün bu əlavə və dəyişikliklərin hər biri Konstitusiyanın təkmilləşməsinə xidmət etmiş oldu.

Yekun olaraq qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Konstitusiyası  müasir dövrün ən demokratik prinsiplərini, müddəalarını təsbit edən ən təkmil konstitusiyalardan biridir. Bu Konstitusiya hüquqi, demokratik, konstitusion dövləti inkişaf etdirmək üçün yetərincə hüquqi bazanı təsbit edib.