MÜSAHİBƏLƏR
Azərbaycanda kənd təsərrüfatının inkişafına davamlı dövlət dəstəyi mövcuddur
- Ərəstun müəllim, bu gün Azərbaycanın sosial-iqtisadi inkişafı dayanıqlı və rəqabətədavamlı şəkildə inkişaf edir. Ölkəmizdə bu siyasətin uğurlarını hansı amillərlə izah edərdiniz?
- Təbii ki, uğurların əsasında düşünülmüş, uzaqgörən siyasət dayanır. Bildiyiniz kimi Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkəmizə rəhbərlik etdiyi müddətdə Azərbaycanın inkişaf strategiyasını müəyyən edib. Hazırda Prezident İlham Əliyev tərəfindən bu strategiya uğurla həyata keçirilir, həmçinin, müasir dövrün çağırışlarına uyğun olaraq daha da inkişaf etdirilir. Təkzibolunmaz reallıqdır ki, bu gün Azərbaycan sürətlə inkişaf edir və həyatın bütün sahələrində ciddi dəyişikliklər müşahidə olunur. Qeyd etdiyim kimi, qazanılan nailiyyətlərin əsasında ölkəmizdə həyata keçirilən uğurlu siyasət dayanır. Azərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində bazar iqtisadiyyatı üçün səciyyəvi qanunvericilik bazası yaradılıb, iqtisadiyyatda mülkiyyətin çoxnövlülüyü təmin olunub, bazar institutları formalaşdırılıb. İnzibati-planlı iqtisadi sistemdən liberal bazar iqtisadiyyatına keçid dövrünü başa vurmuş ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Yeni inkişaf mərhələsinin məqsədi, ilk növbədə, xarici və daxili sosial-iqtisadi çağırışları qarşılaya biləcək rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli, səmərəli, innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılmasıdır. Bu isə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi kimi, iqtisadiyyatın modernləşdirilməsi siyasəti vasitəsilə mümkündür.
Prezident İlham Əliyevin Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyadan qaynaqlanan, reallıqları nəzərə alan məqsədyönlü, çevik sosial-iqtisadi siyasəti nəticəsində iqtisadi çağırışlara dayanıqlılığı ilə seçilən və ölkəni regionun həm də iqtisadi liderinə çevirən milli iqtisadi inkişaf modeli formalaşıb. Bu modelin reallaşdırılmasının nəticəsidir ki, oturuşmuş iqtisadi sistem yaradılıb, makroiqtisadi sabitlik təmin edilib. Bu reallıq cəmiyyətimiz tərəfindən qəbul edilir. Ölkəmizdə aparılan siyasət, həyata keçirilən islahatlar, regionların sosial-iqtisadi inkişafı proqramı inkişaf dinamikasını daha da sürətləndirir. Ümumilikdə, aparılan düşünülmüş və çevik siyasət inkişaf proseslərinə yüksək dinamizm verib, Azərbaycan iqtisadiyyatının miqyası 2003-cü illə müqayisədə dəfələrlə böyüyüb, keyfiyyətcə yeni mərhələyə yüksəlib.
Əldə olunan uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə məntiqi ardıcıllıqla aparılan islahatlar əsasında iqtisadiyyatın qlobal çağırışlara yüksək dayanıqlılıq nümayiş etdirməsinin, əhalinin sosial rifahının yüksəlməsinin və milli təhlükəsizlik potensialının güclənməsinin əyani sübutudur. Ulu öndər Heydər Əliyev tərəfindən uzaqgörənliklə müəyyən edilmiş neft strategiyasının icrası və Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində əhəmiyyətli işlər görülüb.
- Azərbaycanda dövlət səviyyəsində aqrar sahənin inkişafı daim diqqət mərkəzindədir. Son illər kənd təsərrüfatının inkişafı ilə bağlı atılan addımları və bu istiqamətdə həyata keçirilən islahatları necə dəyərləndirirsiniz?
- Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunda böyük çəkiyə malik olan kənd təsərrüfatı sürətlə inkişaf edir. Ölkənin artan inkişaf göstəriciləri arasında kənd təsərrüfatının xüsusi çəkisinin olması isə təsadüfi deyil. Dövlət əhalinin ərzağa olan daxili tələbatını əsasən öz potensialı və imkanları hesabına ödəyə bilməsi üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar reallaşdırıb və bu proses davam edir. Həm də Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı neft və tikinti sahələrindən sonra üçüncü ən iri sahə olmaqla iş yerləri ilə təminatda ən böyük pay sahibidir. Eyni zamanda, bu sahə həm də kənd yerlərində yoxsulluğun azaldılmasına əsaslı təsir edən sektordur.
Ümumiyyətlə, ölkəmizdə kənd təsərrüfatının inkişaf etdirilməsi və müasirləşdirilməsi istiqamətində mühüm işlər görülür. Aqrar sektora dövlət tərəfindən qoyulan investisiyalar ilbəil artır. Yeni texnikalar alınır, dövlət tərəfindən subsidiyalar ayrılır, aqro xidmət sahələri yaradılır, güzəştli şərtlərlə gübrə, yanacaq, lizinqlər verilir. Sahibkarlara güzəştli şərtlərlə verilən kreditlər hesabına yeni aqrar istehsal sahələri yaranır. Bunun nəticəsində ölkəmizdə aqrar sektorda məhsul istehsalının artması yeni emal müəssisələrinin yaradılması tələbatını ortaya qoyur. Kənd təsərrüfatının inkişafının rəqəmlərlə ifadəsinə gəldikdə isə, aqrar sahəyə göstərilən qayğı və dəstəyin nəticəsində ölkədə kənd təsərrüfatı məhsullarının istehsalında artım mövcuddur. Bu il iqlim şəraitinin yaxşı olmaması, quraqlıq olmasına baxmayaraq müsbət nəticələr əld əedilib. Belə ki, bu ilin 9 ayı ərzində ölkədə 2338.3 min ton taxıl, 808.9 min ton kartof, 1125.0 min ton tərəvəz, 532.4 min ton meyvə və giləmeyvə, 439.9 min ton bostan məhsulları, 106.1 min ton üzüm, 20.4 min ton pambıq, 404.2 ton yaşıl çay yarpağı, 2.2 min ton tütün, 29.1 min ton şəkər çuğunduru toplanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bostan məhsulları istehsalı 2.9 faiz, üzüm istehsalı 1.7 faiz, meyvə və giləmeyvə istehsalı 0.4 faiz artıb. Bu dövrdə iri buynuzlu mal-qaranın baş sayı 2721.4 min başa, qoyun və keçilərin baş sayı isə 8767.5 min başa çatıb, bu dövrdə 324.9 min ton diri çəkidə ət, 1416.3 min ton süd, 1164.2 milyon ədəd yumurta, 16.3 min ton yun istehsal edilib. 2013-cü ilin yanvar-sentyabr aylarına nisbətən ət istehsalı 1.5 faiz, süd istehsalı 3.6 faiz, yumurta istehsalı 11.6 faiz, yun istehsalı 1.5 faiz artıb.
Ümumilikdə, kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyi davamlı şəkildə həyata keçirilir. Belə ki, subsidiyaların verilməsi prosesinin təkmilləşdirilməsi, kənd təsərrüfatında intensiv metodların tətbiqinin stimullaşdırılması, sığortalanma mexanizminin yaxşılaşdırılması, ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalının təşviqi, müasir texnologiyalara əsaslanan iri təsərrüfatların yaradılması prioritetlər sırasındadır. Eləcə də, kənd təsərrüfatı məhsullarının istehsalı və emalına xüsusi diqqət yetiriləcək, müasir texnologiyaların tətbiqi yolu ilə mövcud aqroemal müəssisələrinin istehsal gücünün artırılması və bu sahədə yeni müəssisələrin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçiriləcək.
- Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyəti nədən ibarətdir?
- Milli təhlükəsizliyin tərkib hissələrindən biri olan ərzaq təhlükəsizliyi müəyyən keyfiyyət standartları çərçivəsində əhalinin qida məhsullarına olan tələbatının fasiləsiz, uzunmüddətli və dayanıqlı şəkildə ödənilməsini təmin edən tədbirlər kompleksidir. Ərzaq təhlükəsizliyinin əsas elementlərinə hər bir vətəndaşın keyfiyyətli qidaya fiziki və iqtisadi çıxış imkanlarının olması ilə yanaşı, ölkənin milli ərzaq sisteminin iqtisadi baxımdan müstəqilliyi, yəni əsas ərzaq malları üzrə ixracdan asılı olmaması, etibarlılığı, başqa sözlə, ərzaq məhsullarını mövsüm, hava və digər amillərlə bağlı olan risklərdən qorumaq, dayanıqlılığını və eləcə də, milli ərzaq sisteminin istehsalın genişləndirilməsi rejimində inkişafı daxildir. Dünyada əhalinin sürətlə artdığı, təbii ehtiyatların tükəndiyi bir şəraitdə ərzaq təhlükəsizliyi məsələsi daha kəskin şəkildə özünü büruzə verməkdədir. Ərzaq təhlükəsizliyi probleminin kəskin xarakter almasından sonra bu məsələ istənilən dövlət, o cümlədən, Azərbaycan üçün milli təhlükəsizliyin ən mühüm tərkib hissələrindən birinə çevrilib. Bu problemin həlli ilk növbədə yoxsulluğun azaldılması, ərzaq təminatının və ərzaq məhsullarından istifadənin səmərəsinin artırılması ilə bağlıdır. Hazırda ölkəmizdə makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın diversifikasiyası, kənd təssərrüfatının inkişafı strategiyası uğurla həyata keçirilməkdədir. Ərzaq təhlükəsizliyinin təmin olunması, daxili bazarın idxaldan asılılığının aradan qaldırılması, yerli istehsalın inkişafı məqsədyönlü siyasətin əsas istiqamətlərindəndir.
Regionların sosial-iqtisadi inkişaf proqramlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi, fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı, regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalına müsbət təsir edir. Xüsusən də, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” çərçivəsində görülən işlər bu sahənin inkişafında vacib təkan rolunu oynayıb. Dövlət Proqramında ərzaq məhsullarının istehsalının artırılması, əhalinin təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi, ərzaq təminatı sisteminin institusional inkişafının həyata keçirilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması və digər istiqamətlərdə tədbirlərin görülməsi nəzərdə tutulur. Qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün ölkədə səmərəli istehsal və satış infrastrukturunun yaradılması, ərzaq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi sahəsi üzrə də əsaslı islahatlar reallaşdırılıb.
Ümumiyyətlə, ölkənin artan inkişaf göstəriciləri arasında kənd təsərrüfatının xüsusi çəkisinin olması təsadüfi deyil. Dövlət ərzağa olan daxili tələbatını əsasən öz potensialı və imkanları hesabına ödəyə bilməsi üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar reallaşdırıb və bu proses davam edir. Həm də Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı neft və tikinti sahələrindən sonra üçüncü ən iri sahə olmaqla vətəndaşların məşğulluğunun artırılması baxımından da mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, bu sahə kənd yerlərində yoxsulluğun azaldılmasına da əsaslı təsir edir.
- Kənd təsərrüfatının daha da inkişafı ilə bağlı rəqabətədavamlı istehsal sahələri və emal müəssisələri yaradılır. Bütün bunların əhəmiyyəti haqqında nə deyə bilərsiniz?
- Qeyd edim ki, ərzaq təhlükəsizliyinin təminatı həm də daxili istehsal və emal sahələrinin inkişafını sürətləndirməklə yanaşı, rəqabətqabiliyyətli məhsulların istehsalını stimullaşdırır. Bu, həm də ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində görülən işlərin məntiqi nəticəsidir ki, Azərbaycanda özəl sektor da dinamik inkişaf edir. İlk növbədə, daxili bazarın rəqabətqabiliyyətli məhsullarla təminatı vətəndaşların ölkədə istehsal olunan ən yüksək keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsini şərtləndirir. Lakin kənd təsərrüfatının, emal sənayesinin sürətli inkişafı istehsal edilən məhsulların keyfiyyət və kəmiyyətcə rəqabət qabiliyyətli olması və xarici bazarlara çıxa bilməsini labüdləşdirir. Ona görə də, rəqabətqabiliyyətli məhsulların istehsalının artırılması ən vacib prioritetlərdən birinə çevrilib.
Qeyd edim ki, regionların sosial-iqtisadi inkişafı çərçiəvsində xeyli sayda istehsal və emal müəssisələri yaradılıb. Məsələn, çörək zavodları, süd məhsulları istehsal edən müəssisələri göstərmək olar. Bundan başqa, heyvandarlıq kompleksiləri, rayonlarda soyuducu anbar kompleksiləri, üzüm emalı zavodları, heyvandarlıq-südçülük kompleksləri və s. fəaliyyət göstərir.
Eyni zamanda, dövlət başçısının tapşırığına əsasən, taxılçılıq üzrə iri fermer təsərrüfatlarının yaradılması prosesi də həyata keçirilir. Bu layihə çərçivəsində həm də taxıl anbarı, heyvandarlıq kompleksi, bitki yağları istehsalı zavodu və aqroservisin yaradılması nəzərdə tutulur. Artıq Ağcabədi və Beyləqan rayonlarında pilot taxılçılıq təsərrüfatı yaradılıb. Bu işlər digər bölgələrdə də həyata keçiriləcək.
- Ərəstun müəllim, ölkəmizdə aqrar sahənin inkişafını təmin edən qanunvericilik bazasının səviyyəsini necə qiymətləndirmək olar?
- Aqrar sahənin qanunvericilik bazasından danışarkən, ilk növbədə Azərbaycanda həyata keçirilən torpaq islahatını vurğulamaq lazımdır. Bu islahatlar da Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. «Torpaq islahatı haqqında» qanun qəbul edildikdən sonra görülən işlər nəticəsində sovet dövründən qalan kolxoz və sovxozlar ləğv olundu, torpaqlar əsil sahiblərinə - kəndlilərə verildi. MDB məkanında ilk olaraq Azərbaycan torpaq islahatını həyata keçirib və islahatlar insanların maraqlarına tamamilə uyğundur.
Qeyd edim ki, Milli Məclisdə indiyə qədər “Aqrar islahatların əsasları haqqında””, “Meliorasiya və irriqasiya haqqında””, “Toxumçuluq haqqında””, “Seleksiya nailiyyətləri haqqında””, “Damazlıq heyvandarlıq haqqında””, “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında””, “Baytarlıq haqqında”” və “Fitosanitar nəzarəti haqqında””, «Taxılçılıq haqqında», «Balıqçılıq haqqında» və digər qanunlar qəbul edilib.
Yeri gəlmişkən, mən “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsinin əhəmiyyətini qeyd etmək istəyirəm. Biz hesab edirik ki, bu kooperasiyaların yaradılması kənd təsərrüfatının inkişafını daha da stimullaşdıracaq. Torpaq mülkiyyətçiləri könüllü olaraq birləşib, məhsul istehsal edə və onu bazara çıxara bilərlər. Bunu beynəlxalq təcrübə də təsdiqləyir. Bir sözlə, parlament tərəfindən aqrar sahə ilə bağlı xeyli sayda qanunlar qəbul olunub. Bu qanunlar kənd təsərrüfatının inkişafı üçün ciddi hüquqi bazadır. Haızrki payız sessiyası üçün də komitəmizin iş planında müəyyən məsələlər var. Bu qanun layihələri də məqsədəuyğun vaxtlarda parlamentin müzakirəsinə çıxarılacaq.