YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Bakı metropoliteni yüksək templə inkişaf edən və daha çox istifadə edilən əsas ictimai nəqliyyat vasitəsidir

   “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov

- Zaur müəllim, hər il 8 noyabr tarixi metro işçilərinin peşə bayramı kimi qeyd olunur.  “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin kollektivi peşə bayramını hansı əhval-ruhiyyədə qarşılayır?

- Bu il 9-cu dəfədir ki, Bakı Metropoliteni öz peşə bayramını qeyd edir. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin 2006-cı ilin 28 oktyabrında imzaladığı Sərəncamla 8 noyabr Bakı Metropoliteni işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Hər il olduğu kimi bu il də metropolitençilər bu günə yüksək əhval-ruhiyyə ilə hazırlaşırlar. Ölkə başçısının 27 fevral 2014-cü il tarixdə imzaladığı Sərəncamla metropolitendə dəyişiklik həyata keçirildi, Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” ASC-nin yenidən təşkili yolu ilə “Bakı Metropoliteni” QSC yarandı. Artıq sıralarımız daha da genişlənib. Dövlət başçısının tapşırıq və diqqəti sayəsində məsuliyyətimiz və işlərimiz daha da artıb. Buna baxmayaraq öz peşə bayramımızı yüksək səviyyədə qeyd etməyi nəzərdə uturuq. Artıq bir çox sosial tədbirlər həyata keçirilir. QSC daxilində müxtəlif tədbirlər, spartakiadalar, idman yarışları təşkil edilib. Uzun müddət bu sahədə çalışmış və səmərəli fəaliyyət göstərən əməkdaşlara müxtəlif mükafatların verilməsi nəzərdə tutulub. Eyni zamanda qonaqların da iştirak edəcəyi böyük konfrans keçiriləcək.

- Azərbaycanda nəqliyyat sektorunun inkişafına xüsusi diqqət yetirilir. Bakı Metropoliteninin bu sektorda sərnişindaşıma baxımından yeri və rolunu necə qiymətləndirmək olar?

- Azərbaycanda nəqliyyat sektorunun inkişafı “Bakı Metropoliteni” QSC-dən də yan keçməyib. Bakı şəhərində sərnişindaşımanın təqribən 30 faizi metronun payına düşür. Bu isə orta hesabla gün ərzində 550 000 sərnişin daşınması deməkdir. Gün ərzində maksimum göstəricimiz 700 000-dən artıqdır. Hal-hazırda metroda sərnişin sıxlığı kifayət qədər yüksəkdir və metroya üstünlük verən sərnişinlərin sayı ilbəil artır. Odur ki, qabaqlayıcı tədbirlər görülməkdədir. Yeni xətlərin və stansiyaların tikintisi bu sektorun inkişafına və gələcək çətinliklərin qarşısının alınmasına zəmin yaradır. Yeni xətlərin və stansiyaların istifadəyə verilməsindən sonra paytaxt nəqliyyatında sərnişindaşıma baxımından metronun yeri daha çox əhəmiyyət kəsb edəcək.

- Hər il dövlət büdcəsindən nəqliyyat sektorunun inkişafı üçün əhəmiyyətli dərəcədə vəsait ayrılır. Bu mənada Bakı Metropoliteninin infrastrukturunun yenidən qurulması, müasir standartlara uyğunlaşdırılması istiqamətində nə kimi tədbirlər həyata keçirilir?

- Kütləvi şərnişin daşınmasında alternativi olmayan bu nəqliyyat növünün  şəhər əhalisi üçün  çox mühüm əhəmiyyət daşıdığını nəzərə alaraq onun əhatə dairəsinin genişləndirilməsinin, o cümlədən metropoliten və metro  tikintisi kimi mühüm  sahələri vahid bir təsərrüfat kompleksində   birləşdirmək    zərurətindən    yaradılan “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti təsis edildiyi tarixdən  ən qısa müddət ərzində əmək kollektini formalaşdıraraq ölkə başçısı tərəfindən müəssisə  qarşısında qoyulmuş vəzifələrin icrasına  başladı. Bu istiqamətdə ilk addım  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Fransanın Prezidenti cənab Fransua Ollandın bilavasitə iştirakları ilə 12 may 2014-cü il tarixində  “Bakı Metropoliteni” QSC ilə Fransanın  Bouygues Travaux Publics LLC, “Thales Communications & Security S.A.S ” və ALSTOM TRANSPORT SA şirkətləri arasında  anlaşma memorandumlarının imzalanması oldu. Bundan sonra qeyd edilən anlaşma memorandumları ilə müəyyən edilmiş müddət və şərtlər əsasında  həmin şirkətlərlə müvafiq müqavilələr imzalandı. Belə ki, Metropolitenin “28 May” stansiyası yanında Qırmızı və Yaşıl xətlərin ayrılma layihəsi üzrə işlərin görülməsi ilə bağlı  Bouygues Travaux Publics LLC şirkəti ilə,  Metropolitenin  bənönşəyi  xəttinin “Avtovağzal”  stansiyası və “Memar Əcəmi” stansiyaları arasında qatarların dövrü rejimdə hərəkətinin təmin edilməsi üçün avadanlığın təchizatı və əlaqəli xidmətlərin göstərilməsi barəsində “Thales Communications & Security S.A.S ” şirkəti ilə, metropolitenin qatarları üzrə hərəkət tərkibinin yenilənməsi məqsədi ilə ALSTOM TRANSPORT SA şirkəti ilə müqavilələr imzalanmış və hazırda onların icrası ilə bağlı işlər həyata keçirilməkdədir. Bakı metropoliteninin Konseptual İnkişafı ilə bağlı Dövlət Proqramı əsasında inşa edilən yeni metro xətlərində tətbiq olunan “Qatarların hərəkətinin avtomatik tənzimlənməsinin (nəzarətinin) (QHATN)” mövcud rele-rels dövrəsi sistemindən tamamilə  fərqli olan mikroprosessor (MPS), CBTS və  SCADA sistemləri ilə təchiz olunması layihədə nəzərdə tutulur. Bu  sistemlər təhlükəsizliyi təmin etməklə qatarların hərəkətini avtomatik təşkil edir, dispetçer mərkəzləşmə məntəqəsindən idarəetmə və monitorinq fəaliyyətini təmin edir. Bütün bu idarəetmə sistemlərinin layihəsi, avadanlıqlarının təchizatı, quraşdırılması və  işə salınması işləri ikitərəfli müqaviləyə əsasən Fransanın “Thales Communications & Security S.A.S ” şirkəti  tərəfindən həyata keçiriləcəkdir.

Yeni Bənövşəyi  xətdə “Avtovağzal-Memar Əcəmi-2” stansiyaları arasında   5 vaqondan ibarət 3 qatarın məkik hərəkət qrafiki üzrə hərəkətin təşkili nəzərdə  tutulur. Bunun üçün “Alstom” və Rusiya Federasiyasının  müştərək istehsal etdiyi 81-760-761A tipli vaqonların alınması nəzərdə tutulmuşdur. Yeni xətlərdə istismar olunacaq qatarlar ən yüksək və təhlükəsiz idarəetmə tələblərinə cavab verəcəkdir. Yeni stansiyalarda təhlükəsizlik məsələləri optimal səviyyədə həll olunacaq, sərnişin rahatlığı mümkün qədər yüksək həddə çatdırılacaqdır. Bundan əlavə, stansiya və tunellərin ən müasir idarəetmə, işarəvermə, rabitə, elektrik və digər müvafiq sistem və avadanlıqlarla təchizatının həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Bakı Metropolitenində korporotiv idarəetmənin ən müasir üsul və metodları tətbiq edilir ki, bu da ilk növbədə işçilərin təliminin təşkili ilə müşayiət olunan mühasibat və uçot, insan resursları və digər modullar üzrə ən qabaqcıl informasiya proqram təminatını, sərnişinləri mənzilbaşına çatdıran qatar maşinistləri üçün onların sağlamlıq durumunu ciddi nəzarətdə saxlamaq məqsədi ilə həkim nəzarətini, həmçinin  onlar üçün xüsusi psixoloji kursların təşkilini, işçilərin bədbəxt hadisələrdən, o cümlədən əsas vəsaitlərin icbari sığortalanmasını,  əməkdaşların ixtisas və dərəcələrinin artırılması üçün  təlim-tədris prosedurlarının təşkilini, işə qəbulun iki mərhələli test və müsahibə üsulu ilə aparılmasını özündə ihtiva edir. 

 Metropolitenin  əsaslı şəkildə yeniləşdirilməsi istiqamətində görülən və görüləcək işlər sırasında obyektlərdə təhlükəsizlik və videomüşahidə şəbəkəsini ən müasir avadanlıqlarla təchiz etmək,   yolların vəziyyətinə nəzarəti gücləndirmək, relslərin elektrik korroziyasından qorunmasını təmin etmək üçün mütərəqqi  üsullardan istifadə etmək,  ventilyasiya sistemini mütəmadi yeniləndirmək, köhnəlmiş qurğuların yenisi ilə əvəz olunması prosesini sürətləndirmək və s. işlər vardır.

- Bakı şəhərində yaxın illər ərzində yeni xətlərin çəkilişi və metro stansiyalarının tikintisi ilə bağlı hansı layihələr var?   

- Bakı şəhərində avtomobillərin yaratdığı tıxacların fonunda əhalinin rahat və sürətlə daşınmasında mühüm yer tutan Bakı metropoliteni hal-hazırda yüksək templə inkişaf edən və əhali tərəfindən daha çox istifadə edilən əsas ictimai nəqliyyat vasitəsinə çevrilmişdir. Paytaxtımızın ekoloji cəhətdən təmiz və sərnişinlərə ən ucuz qiymətlə xidmət göstərən ictimai nəqliyyat növü sayılan metropolitenin fəaliyyətində son illər diqqətəlayiq yeniliklər baş vermiş, onun gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi sahəsində zəruri addımlar atılmışdır. Belə ki, Azərbayan Respublikası Prezidentinin «Bakı Metropoliteninin Perspektiv İnkişafı ilə bağlı əlavə tədbirlər haqıında» 18 mart 2011-ci il tarixli 1408 saylı Sərəncamı ilə «Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi» təsdiq edilmişdir.

Təqdim olunmuş uzunmüddətli konseptual inkişaf sxeminə uyğun olaraq gələcəkdə Bakı metropoliteninin ümumi şəbəkəsi 2 mövcud və 3 əlavə yeni xətt olmaqla 5 xətdən, 76 stansiyadan və 120,1 km metro xəttindən ibarət olacaqdır. Yəni 53 yeni stansiya və 84,3km metro xətlərinin inşası nəzərdə tutulmuşdur.

Konseptual Inkişaf sxeminə görə mövcud I (Qırmızı) və mövcud II (Yaşıl) xəttlərin sərbəst hərəkətinin təmin edilməsi məqsədi ilə xətlərin ayrılması layihəsi artıq başa çatdırılmış, bununla bağlı konkret işə başlanılmışdır.

Mövcud II (Yaşıl) xəttin genişləndirilməsi hesabına alınan dairəvi xətt üzrə tikinti-quraşdırma və layihələndirmə işləri davam etdirilir.Belə ki,”Xətai” –“H. Aslanov-2” sahəsinin layihələndirmə,”H.Aslanov -2” və “H.Aslanov-2  -   Y-18 “ stansiyalar arası mənzil tunellərinin tikinti-quraşdırma işləri yerinə yetirilir.

Hal-hazırda “Beynəlxalq Avtovağzal terminalı”ndan başlayaraq Qaraçuxur qəsəbəsinə qədər uzanan,12 stansiyadan və 18.1 km metro xəttindən ibarət olan III yeni (Bənövşəyi) xəttin tikintisi yerinə yetirilir. Belə ki, “Avtovağzal” (B-1); “Memar Əcəmi-2” (B-2) stansiyalarının tikintisi başa çatmış, avadanlıqların quraşdırılması və yerüstü sahənin abadlaşdırılması işləri gedir.Bu iki stansiyanın 2015-ci ildə istismara verilməsi nəzərdə tutulur.

Bundan başqa, bu xətt üzrə B-3 stansiyasında tikinti işləri davam edir,B-4 stansiyasında tikinti işlərinə artıq başlanmışdır.Bu stansiyaların isə müvafiq olaraq 2016 və 2017-ci illərdə istismara verilməsi gözlənilir.

Konseptual İnkişaf sxeminə görə Yeni Yasamal qəsəbəsindən Bakıxanov qəsəbəsinə qədər uzanan,11 stansiyadan və 16.3 km metro xəttindən ibarət olan IV yeni (Mavi) xətt üzrə layihələndirilmə işləri yerinə yetirilir. Həmçinin Binəqədi ərazisindən başlayaraq Bibiheybət ərazisinə qədər uzanacaq Sarı xəttin tikintisi də nəzərdə tutulub.

Sərnişinlərin təhlükəsizliyi baxımından,eyni zamanda Tikinti Normaları və Qaydalarına görə dərin özüllü stansiyaların iki çıxışlı olması tələb olunur.Hal-hazırda “Elmlər Akademiyası” stansiyasının II cıxışının tikinti-quraşdırma işləri davam etdirilir və istismara verilməsi 2015-ci ildə nəzərdə tutulur.

- Zaur müəllim, Bakı Metropolitenində sərnişinlərin təhlükəsizliyinin qorunması ilə bağlı vəziyyət nə yerdədir? Bu istiqamətdə daha hansı tədbirlərin həyata keçirilməsi gözlənilir?

- Əslində, “Bakı Metropoliteni” QSC-nin istismar sektorunda hər bir əməkdaşın başlıca vəzifəsi qatarların hərəkətinin və sərnişinlərin təhlükəsizliyinin təmin olunmasından ibarətdir. Demək olar ki, görülən bütün tədbirlərin əsas məqsədi  də məhz budur. Son illərdə tətbiq olunan innovasiyalar da qatarların hərəkətinin və sərnişinlərin təhlükəsizliyinin təmin olunmasına yönəlib. Qatarların hərəkətinin idarə olunması, sərnişin avtomatikası, eləcə də sərnişin-məlumat və mühafizə sistemləri hal-hazırda yenilənməkdədir. Ən müasir mütərəqqi texnologiyaların tətbiq olunmasında məqsədimiz bu sahədə insan faktorunu minumuma endirməkdən, daşımaların təhlükəsizliyinin etibarlılığını daha da gücləndirməkdən ibarətdir.