YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Siyasi partiyalar dövlətimizin koronavirusla mübarizə ilə bağlı həyata keçirdiyi tədbirləri dəstəkləyirlər

   Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı

- Fəzail müəllim, Milli Məclisdə təmsil olunan siyasi partiyalar COVID-19 pandemiyasının qarşısının alınması və sosial-iqtisadi nəticələrinin aradan qaldırılması tədbirləri ilə əlaqədar bəyanat qəbul edib. Bəyanatın əhəmiyyəti nədən ibarətdir?

- Qeyd edim ki, belə bir bəyanatla bağlı təşəbbüs Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb. Biz məmnuniyyətlə bu təklifi qəbul etdik. Çox şadam ki, parlamentdə təmsil olunan bütün partiyalar bu təşəbbüsə qoşuldular. Bəyanatda siyası partiya olaraq bu məsələdə həmrəy mövqe bildirdik.

Bəyanatda koronavirusun dünyada törətdiyi böyük bəlalara qarşı Azərbaycan dövlətinin aparmış olduğu mücadilə, fədakarlıq birmənalı və geniş şəkildə ifadə olunub. Və bu mübarizənin Azərbaycanın ictimai-siyasi mühitində təqdim olunmasında, ictimai rəyin formalaşmasında fəal iştirak etmək məsələsi əksini tapır. Belə bir niyyət ifadə edirik ki, bundan sonra da koronavirusa qarşı aparılan mübarizədə dövlətimizin siyasətinin çox böyük uğurla getdiyini bütün cəmiyyətimizə çatdırmalıyıq. Eyni zamanda, parlamentdə təmsil olunan bütün siyasi qüvvələr də bu gün xalqımızla, dövlətimizlə bərabər olaraq öz imkanları, potensialı daxilində pandemiyaya qarşı aparılan mübarizədə fəal yer yer almalıdır.

Bütövlükdə, parlamentdə təmsil olunan siyasi partiyalar bu məsələdə dövlətimizin siyasətini tam şəkildə dəstəkləyir. Bu tezislər əsasında da həmin bəyanata imza atmışıq.  

- Bu gün dövlət səviyyəsində koronavirus pandemiyası ilə mübarizədə sistemli tədbirlər həyata keçirilir...

- Bu gün bütün dünya koronovirus pandemiyası ilə mübarizəyə səfərbər edilib. Azərbaycan da bu prosesdə ən öndə gedən ölkələrdən biridir. Ölkəmizdə koronovirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə hökumət tərəfindən sistemli addımlar atılır. Xüsusi karantin rejiminin tətbiq olunması da bu məqsədə xidmət edir.

Koronovirusun vura biləcəyi zərərin qarşısının alınması üçün dövlət başçısının tapşırığına əsasən Nazirlər Kabineti müvafiq Tədbirlər Planı təsdiqləyib və bu plan icra olunmaqdadır. Məqsəd vətəndaşların sosial müdafiəsini tam təmin etməkdir. Görülən bu işlərin fonunda vətəndaşlar karantin rejiminin qaydalarına əməl etməlidir.

Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına əsasən 2,5 milyard manat ayrılıb ki, Azərbaycanda həm iqtisadi sabitlik təmin edilsin, məşğulluqla bağlı problemlər öz həllini tapsın və həm də bizim makroiqtisadi və maliyyə vəziyyətimiz sabit olsun. Dövlətimizin başçısı qeyd edib ki, insanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı bizim üçün hər şeydən üstündür. Cənab Prezident çıxışları zamanı  vətəndaşlara müraciətində qaydalara əməl etməyə çağırır ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək. Dövlətimizin başçısını söylədiyi kimi, biz birlikdə güclüyük. Hər bir vətəndaşımız Prezident İlham Əliyevin çağırışlarına ciddi şəkildə əməl etməlidir. Əməl olunmalıdır ki, hökümətimizin göstərdiyi səylər öz nəticəsini versin, koronovirus bəlasından tezliklə xilas ola bilək.

- Bəyanatda koronavirus pandemiyasından öz siyasi məqsədləri üçün istifadə etmək istəyən radikal müxalifətin hərəkətlərinə də münasibət bildirilir. Bu məsələdə mövqeyiniz necədir?  

- Bəli, bu məqam bəyanatda da öz əksini tapır. Bəyanatda əhali arasında təşviş yaratmaq məqsədilə sosial şəbəkələrdə koronavirus xəstəliyi ilə əlaqədar şaiyələrin, təxribat xarakterli məlumatların yayılmasını qətiyyətlə pislənilir. Eləcə də, xarici ölkələrdə yerləşdirilmiş və şübhəli məqsədlərə xidmət göstərən sosial media vasitələrində hökumətin COVID-19 pandemiyasının qarşısının alınması sahəsində tədbirlərinə etimadsızlıq yaratmaq niyyəti güdən və bununla da əhalinin sağlamlığının qorunması vəzifələrinin yerinə yetirilməsinə bilərəkdən ziyan vuran təbliğata da kəskin etirazımızı bildirmişik.

Bəyanatda qeyd olunduğu kimi, parlamentdə təmsil olunan siyasi partiyalar koronavirusla mübarizə sahəsində zəruri məhdudlaşdırıcı tədbirlərin tərkib hissəsi kimi xüsusi karantin rejiminin tətbiq edilməsinin və onun insanların sağlamlığına ciddi təhlükə yaradılmasına səbəb olan kobud qanun pozuntusuna görə sanksiyalar tətbiq edilməsinin bəzi qruplar tərəfindən bilərəkdən siyasiləşdirilməsini yolverilməz hesab edir.