YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Parlament seçkiləri ölkəmizdə demokratiyanın növbəti təntənəsi olacaq

   Yeni Azərbaycan Partiyası tərəfindən 33 saylı Xətai birinci seçki dairəsi üzrə deputatlığa namizəd Hüseynbala Mirələmov Hüseynbala Mirələmov

-  Hüseynbala müəllim, bildiyimiz kimi fevralın 9-da Azərbaycanda parlament seçkiləri keçiriləcək. Ölkəmizdə hər bir seçki azad v demokratik qaydada keçirilir. Bu baxımdan, qarşıdan gələn seçkilərin əhəmiyyətini necə dəyərləndirirsiniz?

- Əlbəttə ki, seçkilər hər bir dövlətin və cəmiyyətin həyatında mühüm rol oynayır. Çünki seçki demokratiyanın atributlarından biridir. Azərbaycan hüquqi və demokratik dövlətdir.  Ölkəmizdə mükəmməl seçki sistemi mövcuddur.

Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutan Azərbaycanın bu istiqamətdə əldə etdiyi uğurlar göz önündədir. Demokratik inkişafın əsası kimi dəyərləndirilən seçkilərin hər bir ölkənin həyatında böyük  rola malik olduğu inkaredilməzdir. 1995-ci ildə Milli Konstitusiyanın qəbulundan sonra ölkəmizdə keçirilən seçkilərin ildən-ilə təkmilləşməsi dövlətimizin demokratik, şəffaf və beynəlxalq standartlara uyğun  seçki kampaniyasının təşkilində maraqlı olduğunu bir daha ortaya qoyur.

Təhlillər fonunda bir daha bu reallıq özünü təsdiqləyir ki,  daim reallığın içərisində olan, özünə diqqət və qayğını görən  xalq inkişafın, tərəqqinin davamlı olmasını istəyir, seçkidən-seçkiyə olan dövr ərzində müəyyənləşdirilən vəzifələrin, qarşıya qoyulan məqsədlərin yüksək səviyyədə yerinə yetirildiyinin şahidi olur. Sözsüz ki, Azərbaycanın 28 illik müstəqillik tarixini, ayrı-ayrı mərhələlərdə görülən işlərin hamısını bir sual çərçivəsində əhatə etmək qeyri-mümkündür. Əsas budur ki, dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, əldə olunan uğurlarla kifayətlənmir, daim irəliyə baxmaqla, yeni-yeni hədəflərə çatmaq üçün ciddi addımlar atılır. Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyiriksə, təbii ki,  birgə səylər fonunda uğurlu islahatların davamlılığına dəsək  olmalıyıq. Düşünürəm ki, qarşıdan gələn  parlment seçkilərində də xalqımız fəal iştirak etməklə növbəti illər üçün davamlı inkişafa öz töhfələrini vermiş olacaqlar.

- Seçkilərdə Yeni Azərbaycan Partiyasının şansını necə dəyərləndirirsiniz?

- Ölkəmizin ən güclü siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının cəmiyyətdə artan nüfuzunun, siyasi çəkisinin təsdiqi ölkəmizdə keçirilən seçkilərdə xalqdan aldığı böyük dəstəkdir. Bu gün partiyanın sıralarında 750 min nəfərə yaxın üzvün birləşməsi Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin siyasətinə inamın göstəricisidir. Partiyanın sıralarında birləşən üzvlərin 40 faizdən çoxunu gənclər təşkil edir. Bu da partiyada gənclərə öz potensial imkanlarını ortaya qoymaq üçün geniş imkanların yaradıldığının təsdiqidir.  Hər bir seçkiyə təkmil seçki paraktikası ilə qatılan Yeni Azərbaycan Partiyasının son illərdə ən böyük hədəflərindən biri  parlamentdə, bələdiyyələrdə gənclərin və qadınların  təmsilçilik faizlərinin artılmasına nail olmaqdır. Diqqət yetirsək, keçirilən seçkilərdə  partiyanın irəli sürdüyü namizədlər siyahısında gənclərin və qadınların sayı artmaqdadır. Xatırlasaq, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyev partiyanın sıralarında qadınların və gənclərin sayının artırılmasını qarşıya mühüm vəzifə kimi qoymuşdu.  Partiyanın tərkibində yaradılan  Gənclər Birliyi və Qadınlar Şurası  məhz bu məqsədin yüksək səviyyədə gerçəkləşməsinə xidmət edir.

Yeni Azərbaycan Partiyası birliyi, monolitliyi qorumaqla, səyləri birləşdirməklə xalqa, dövlətə xidmət partiyası olduğunu  biri-birindən əhəmiyyətli addımları və uğurları ilə  təsdiqləyir. Sözlə əməl birliyi  partiyanın hər bir seçki prosesindən uğurla, qələbə ilə çıxmasını şərtləndirir. Buna görə də partiya möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi  uğurlar, eyni zamanda cəmiyyətdə artan nufuzu, siyasi çəkisi fonunda  növbəti parlament seçkilərinə də böyük qələbə əzmi ilə qatılıb. Seçkilərə hazırlığın qələbəyə gedən yolda başlanğıc olduğunu nəzərə alsaq, partiyanın hər bir şəhər və rayon təşkilatı  hazırlıq işlərinin yüksək səviyyədə təşkilinə  öz töhfələri verməyə çalışır. Təbii ki, seçkilərin nəticələri  xalqın iradəsindən asılıdır.  Fərziyyələrdən uzaq olan, reallığı düzgün dəyərləndirməyi bacaran xalq hər bir  siyasi qüvvənin hansı imkanlara malik olduğunu, hansı məqsəd uğrunda mübarizə apardığını  çox yaxşı bilir. Düşünürəm ki, bu baxımdan  seçkilərdə hər bir seçici öz seçki hüququndan istifadə edərək, Azərbaycanın davamlı inkişafına töhfələrini Yeni Azərbaycan Partiyasının namizədlərinə dəstəkləri ilə  təsdiqləyəcəklər.

- Rəhbərlik etdiyiniz YAP Xətai rayon təşkilatı seçki kampaniyasına necə hazırlaşıb?

- Qeyd etdiyim kimi, Yeni Azərbaycan Partiyası monolit partiyadır. Hər bir şəhər və rayon təşkilatı fəaliyyətini   partiyanın Nizamnaməsinə uyğun qurur, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün birgə addımların atılmasını daha zəruri hesab edir. Bu baxımdan Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatı da  qarşıdan gələn parlament seçkilərinə yüksək əhval-ruhiyyə ilə qatılıb, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır.

Seçkilərin təbliğat-təşviqat mərhələsindəyik. Bu günün əsas tələbi  son parlament seçkilərində keçən dövr ərzində görülən işlərin  ətraflı təhlilini  aparmaq, reallıqları bir daha əsaslı şəkildə ictimaiyyətə çatdırmaqdır. Təşkilatın hər bir üzvü  bu prosesdə fəal iştirakı ilə diqqət çəkir.

Azərbaycan bu gün inkişafın ən yüksək mərhələsindədir. Yeni Azərbaycan Partiyası  Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi, insanların daha yüksək rifah şəraitində yaşaması üçün  səylər göstərir. Partiyanın hər bir seçki prosesində  seçdiyi şüar onun gələcək fəaliyyətinin aydın ifadəsini yaradır. YAP Xətai rayon təşkilatı bütün seçki proseslərində xüsusi fəallıq göstərib. Əminəm ki, qarşıdan gələn parlament seçkiləri də bu fəallıq şəraitində keçəcək, hər bir şəhər və rayon təşkilatı partiyanın qələbəsinə verdiyi töhfələrdən sevinc duyacaq. Yenə də bu inamı ifadə edirəm ki, Yeni Azərbaycan Partiyasının qələbəsi şəksizdir.

- Hüseynbala müəllim, Yeni Azərbaycan Partiyası tərəfindən 33 saylı Xətai birinci seçki dairəsi üzrə deputatlığa namizədliyiniz irəli sürülüb. Partiyamızın sizə yenidən etimad göstərməsini necə şərh edərdiniz?

- Mənə göstərilən yüksək etimada görə partiyamızın rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Əgər partiya yenidən etimad göstərib, namizədliyimi irəli sürübsə, seçicilər də səsvermə prosesində məni yenidən dəstəkləcəksə,  bu mənim üçün məsuliyyətin daha da artması deməkdir. Bu baxımdan ki, növbəti beş il üçün fəaliyyətimi elə səviyyədə qurmalıyam ki, ölkəmizin hərtərəfli inkişafına xidmət edən yeni-yeni qanunların qəbuluna, seçicilərimin parlamentdə təmsilçisi kimi onların arzu və istəklərinin həllinə nail olum. Vəzifələr isə aydındır. Prezident İlham Əliyevin islahatlar kursuna uyğun olaraq fəaliyyət göstərməyi özümə borc hesab edirəm. Hər bir uğur növbəti addım üçün stimulverici amil rolunu oynayır. Düşünürəm ki, ötən dövr ərzində parlamentdə fəaliyyətimlə partiyanın mənə   etimadını  doğrultmağa çalışmışam.

Dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın V qurultayında səsləndirdiyi bu fikirləri bir daha xatırlatmaq istərdim: «Bizim xoşbəxtliyimiz ondadır ki, müstəqil Azərbaycan  dövlətində yaşayırıq. Bizim məsuliyyətimiz  ondadır ki,  biz- bax, burada toplaşan cəmiyyətimizin əsas siyasi  fəalları  bu müstəqilliyi möhkəmləndiririk, qoruyuruq, əbədi, dönməz edirik, uzunmüddətli inkişaf strategiyamızı müəyyən edirik, Azərbaycanın uzunmüddətli inkişafını təmin edirik». Təbii ki, bu fikirlər hər birimizin fəaliyyətinin əsas istiqamətini təşkil edib və gələcəkdə də etməlidir. Hər kəs çalışdığı sahədən asılı olaraq, bu inkişafa, tərəqqiyə öz töhfəsini verməlidir.  

Ümumiləşdirilmiş şəkildə qeyd etsəm, parlamentdəki fəaliyyətlə seçici təkliflərinin icrasının vəhdətliyi etimadın doğrulmasına yol açan amillərdəndir. Ötən dövr ərzindəki fəaliyyətimə qiymət  Yeni Azərbaycan Partiyasının yenidən etimadına seçicilərimin verəcəyi dəstəkdən bəlli olacaq. Bir daha qeyd etmək istərdim ki, seçkilərin nəticələri  ölkədəki ab-havanın təzahürü olmaqla yanaşı, hər bir siyasi qüvvənin, namizədin cəmiyyətdəki nüfuzunun, siyasi çəkisinin göstəricisidir.

Hər bir uğur  növbəti istəklərin yaranması üçün  əsas olur.  5 il bundan öncə ölkə ictimaiyyəti nəyi arzu edirdi, bu gün isə hansı istəyini ortaya qoyur göz önundədir. Ötən 5 ildə insanları narahat edən problemlər necə uğurla aradan qaldırılıbsa, qarşıya qoyulan istəklər də məhz Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşəcək. Azərbaycanı qarşıdakı illərdə daha böyük uğurlar gözləyir. Buna heç bir şübhə yoxdur! Qarşıdan gələn parlament seçkiləri də ölkəmizdə demokratiyanın növbəti təntənəsi olacaq.