YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Yeni Azərbaycan Partiyasının gəncləri ölkəmizdə həyata keçirilən uğurlu siyasətin təbliğatında fəal iştirak edirlər

Müsahibimiz YAP Gənclər Birliyinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Ramin Məmmədov

-Ramin müəllim, Yeni Azərbaycan Partiyasının fəaliyyətində  gənclərlə iş sahəsinə böyük əhəmiyyət verilir. Partiyamızın  bu siyasətinin gənclərin ictimai-siyasi fəallığı və perspektiv inkişafı baxımından əhəmiyyəti nədən ibarətdir?

- Bilirsiniz ki, YAP-ın sıralarında gənclər böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir. Partiyamızın730 mindən artıq üzvü var ki, onların da 40 faizini gənclər təşkil edir. Ümumiyyətlə, YAP hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib.

Bilirsiniz ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan gəncliyinə hər zaman qayğı ilə yanaşırdı. Öz növbəsində, Azərbaycan gəncliyi də Heydər Əliyev ideyalarına daim sadiqlik nümayiş etdirir. Bu gün Ulu Öndərin müəyyən etdiyi siyasi kursu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin və Onun rəhbərliyi ilə YAP-ın fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi, bu gün də Azərbaycan gənclərinin hərtərəfli inkişafı, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatındakı rolunun artması, idarəçilik strukturlarında geniş təmsil olunması xüsusi diqqət mərkəzindədir. Görülən effektiv tədbirlərin nəticəsidir ki, hazırda dövlət orqanlarında, bələdiyyə qurumlarında çalışan gənc kadrların sayı hiss olunacaq dərəcədə artır. Gənclərin daim irəli çəkilməsi onların dövlət idarəçiliyinə fəal cəlb olunması deməkdir.

YAP Gənclər Birliyi də bu gün istedadlı, cəmiyyətə və dövlətə xidmət etmək istəyən gəncləri öz ətrafında birləşdirməklə yanaşı, yeni nəslin hərtərəfli inkişafı, vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin aktiv ictimai fəaliyyətə cəlb olunması və digər istiqamətlərdə işlər görür. Partiyanın rəhbər tutduğu azərbaycançılıq ideologiyasının prinsipləri əsasında Azərbaycan gəncləri arasında vətənə sevgi, ölkə sərhədlərindən kənarda Azərbaycanı layiqincə təmsil etmək, milli-mənəvi dəyərlərimizi qorumaq təbliğ olunur.

 Təşkilatımızın həyata keçirdiyi çoxsaylı  layihələr də gənclərin bilik səviyyəsinin yüksəldilməsinə, liderlik keyfiyyətlərinin formalaşdırılmasına xidmət edir. YAP həm də gənclərin seçkilərdə və digər ölkə əhəmiyyətli proseslərdə fəal iştirakını təmin etmək üçün seçkiqabağı dövrlərdə çoxsaylı tədbirlər keçirir. Eyni zamanda, təşkilatın bir sıra nüfuzlu dövlətlərin hakim partiyalarının gənclər təşkilatları ilə sıx əməkdaşlıq etməsi Azərbaycan gənclərinin beynəlxalq aləmə inteqrasiyası baxımından çox önəmli faktordur. Bütün bunlar isə perspektiv baxımından böyük uğurlar vəd edir. Bu gün gənclər layiqli vətəndaşlar kimi yetişirlər və bu da gələcəyə nikbinliklə baxmağa tam əsas verir.

- YAP Gənclər Birliyinin V hesabat-seçki konfransına hazırlıq işləri gedir. Bu məqsədlə, partiyanın yerli strukturlarında da gənclər birliklərinin hesabat-seçki yığıncaqları keçirilir. Sizcə, yerli təşkilatların gənclər birlikləri hesabat dövründə vəzifələrini hansı səviyyədə yetiriblər?

- Bildiyiniz kimi, bu yaxınlarda Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin V hesabat-seçki konfransı nəzərdə tutulur. Artıq bütün respublika üzrə regionlarda və paytaxt rayonların əksəriyyətində yerli hesabat-seçki konfransları keçirilir.

Konfranslarda gənclər birliklərinin ötən müddət ərzində həyata keçirdiyi tədbirlər haqqında hesabatlar təqdim olunur. Bu konfranslar nəticəsində bir daha şahidi oluruq ki, ölkəmizdə yüksək intellektli gənclər formalaşıb, onlar Heydər Əliyev ideyalarına sadiqdirlər və Prezident İlham Əliyevin siyasətini dəstəkləyirlər. Gənclər üzərlərinə düşən vəzifələri yerinə yetirmək üçün bütün imkanlarını səfərbər ediblər. Bu mənada, konfranslarda verilən hesabatlarla bağlı qənaətimiz müsbətdir.

Konfranslarda gənclər birliklərinin yeni heyəti seçilir. Seçim zamanı gənclərin ictimai-siyasi fəallığı, bilik və bacarığı, intellekti və s. vacib amillər əsas götürülür. Deyə bilərəm ki, YAP Gənclər Birliyinin V konfransına hazırlıq işləri başa çatmaq üzrədir.

Bütövlükdə, Yeni Azərbaycan Partiyasının gəncləri ölkəmizdə həyata keçirilən uğurlu siyasətin təbliğatında fəal iştirak edirlər. Çünki müəyyən dairələr ictimai rəyi çaşdırmağa çalışırlar. Ona görə də, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlarını fəal, düzgün və əsaslandırılmış formada geniş ictimaiyyət arasında təbliğ olunması vacib məsələdir. Bu baxımdan, gənclərimiz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar.