YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir

   Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının keçmiş baş katibi, "İdman Bütövlüyü üzrə Qlobal Alyans"ın vitse-prezidenti Ramil Həsən

- Ramil müəllim, milli maraqlara əsaslanan xarici siyasət həyata keçirən Azərbaycanın beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir, nüfuzu daha da artır. Bu barədə nə deyə bilərsiniz?

- Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu praqmatik və milli maraqlara əsaslanan xarici siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu strateji kurs konseptual əsaslara söykənir, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsini və beynəlxalq nüfuzunun artmasını təmin edir.

 Azərbaycanın xarici siyasət kursunun ən mühüm prioriteti Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həll olunmasıdır. Ölkəmiz bu istiqamətdə qətiyyətli mövqe nümayiş etdirir. Bununla yanaşı, Prezident İlham Əliyev Azərbaycanın sülhə hazır və mehriban qonşuluq tərəfdarı olduğunu bəyan edib. Amma bu, Azərbaycanın uzun müddət işğala göz yumacağı, mövcud status-kvonu qəbul edəcəyi mənasına gəlmir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan dövləti və xalqı heç vaxt işğalla barışmayacaq. Qeyd etdiyim kimi, Azərbaycan praqmatik xarici siyasətini davam etdirərək milli maraqların təmin edilməsinə nail olur, eyni zamanda, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş imicini daha da gücləndirir. Ölkəmizin regionda yaratdığı yeni reallıqlar Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə tam zəmin formalaşdırıb. Bununla yanaşı, Azərbaycan istənilən yolla öz ərazi bütövlüyünü bərpa etmək iqtidarındadır.

 Prezident İlham Əliyev Real televiziyasına müsahibəsində Azərbaycanın xarici siyasət kursu ilə bağlı mühüm fikirlər səsləndirdi. Dövlətimizin başçısı ölkəmizin yüksək beynəlxalq nüfuza malik olduğunu bir daha diqqətə çatdırdı. Şübhəsiz ki, Azərbaycanın BMT, Avropa Şurası, ATƏT, İƏT, Türk Şurası kimi beynəlxalq təşkilatlarda uğurla təmsil olunması ölkəmizin yüksək nüfuzundan xəbər verir. Respublikamızın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olması da bunun əyani ifadəsidir. Digər tərəfdən, Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir ki Azərbaycan vətəndaşları müxtəlif beynəlxalq təşkilatlarda yüksək vəzifələrdə təmsil olunurlar. Bu ölkəmizə olan etimadın göstəricisidir.

 Azərbaycanın təşəbbüsü və liderliyi ilə TAP, TANAP, Cənub Qaz Dəhlizi, BTC, BTQ kimi tarixi layihələr gerçəkləşdirilib. Bu layihələrə Çin, Qazaxıstan və digər Orta Asiya ölkələrinin qoşulmaq niyyətlərini ifadə etmələri Azərbaycanın beynəlxalq müsnasibətlər sistemində artan rolunun və etibarlı tərəfdaş kimi qəbul olunmasının ifadəsidir.

 Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasətin bəhrələridir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) baş katibi vəzifəsində işləmiş şəxs kimi deyə bilərəm ki, həm türkdilli ölkələr səviyyəsində, həm regionda, həm də BMT və digər beynəlxalq qurumlar səviyyəsində Azərbaycan Prezidentinin şəxsinə böyük hörmət var. Bu da, şübhəsiz ki, ölkənin beynəlxalq imicinə müsbət təsir göstərir. Şəxsi münasibətlər və liderlik keyfiyyətləri xarici siyasətdə və dövlətlərarası münasibətlərdə unikal rol oynayır. Prezident İlham Əliyevin Türkiyə, Rusiya, Qazaxıstan, Belarus və digər ölkələrin liderləri ilə şəxsi dostluq münasibətləri dövlətlərimiz arasında əlaqələrin inkişafına böyük töhfə verir.

- Azərbaycanın dünyada yüksək nüfuzunun göstəricilərindən biri ölkəmizin beynəlxalq təşkilatlarda uğurla təmsil olunması, respublikamıza etimadın ifadə edilməsidir. Bu baxımdan, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün Bakı şəhərində keçirilməsini, həmçinin 2019-2022-ci illərdə təşkilata sədrliyin Azərbaycana həvalə edilməsini necə dəyərləndirirsiniz?

- Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etməsi böyük əhəmiyyətə malikdir. Bilirsiniz ki, ölkəmiz 2011-ci ildə bu təşkilata üzv olub və Qoşulmama Hərəkatının Zirvə toplantısının Bakıda keçirilməsi haqqında qərar 2016-cı ildə qəbul olunub. Daha dəqiq desək, 2016-cı ilin sentyabrında Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illərdə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdilliklə qərar qəbul olunması respublikamızın artan nüfuzunun göstəricisidir.

 Bu təşkilat üzvləri bloklara qoşulmayan, öz ərazisində xarici hərbi baza yerləşdirməyən, beynəlxalq münasibətlər sistemində mövcud olan konfliktlərin sülh yolu ilə həll olunmasına dair mövqe ortaya qoyan bir hərəkatdır. Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün Bakı şəhərində keçirilməsi ölkəmizə mühüm dividentlər gətirəcək. Ümumiyyətlə, nüfuzlu beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi regional və beynəlxalq təhlükəsizlik, əməkdaşlıq baxımından xüsusi önəm kəsb edir. Qoşulmama Hərəkatına sədrlik də Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini gücləndirməsi, ikitərəfli və çoxtərəfli münasibətlərini inkişaf etdirməsi baxımından çox əhəmiyyətlidir.

- Ramil müəllim, bu il həmçinin Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasının 10 illik yubileyi ərəfəsində təşkilatın zirvə toplantısına ev sahibliyi edəcək. Bununla bağlı nə söyləmək olar?

- Bilirsiniz ki, Türk Şurası türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Azərbaycanın qədim şəhərlərindən biri olan Naxçıvanda keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir. Təsadüfi deyil ki, 2019-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Dövlət Başçılarının Zirvə görüşü Azərbaycanda keçiriləcək. Qeyd etmək istərdim ki, 2013-cü ildə Dövlət Başçılarının Zirvə görüşü Qəbələ şəhərində keçirilib. Bu da Azərbaycanın türkdilli dövlətlər arasında nə qədər inamlı və əvəzsiz körpü rolu oynadığının bariz nümunələrindən biri kimi göstərilə bilər. Ortaq tarix, ortaq dil, ortaq kimlik və ortaq mədəniyyət kimi dörd əsas sütun üzərində qurulmuş olan Türk Şurası özünü bu ümumiliklərlə məhdudlaşdırmır. Daha doğrusu, təşkilat üzv dövlətlər arasında iqtisadiyyat, elm, təhsil, nəqliyyat, gömrük, turizm və digər müxtəlif sahələr kimi mövcud ikitərəfli əməkdaşlıq sahələrini genişləndirərək regiona fayda verməsi üçün çoxtərəfli əməkdaşlığa çevrilmək niyyəti daşıyır. Təşkilat, eyni zamanda, tarixi İpək Yolunun bərpası, regional türk diasporu mərkəzlərinin qurulması kimi əhəmiyyətli mövzularda önəmli qərarlar qəbul etmişdir.

Qeyd etdiyim kimi, bu il Türk Şurasının 10 illik yubileyidir. Ona görə də bu zirvə toplantısının xüsusi əhəmiyyəti var. Təşkilatın həm 10 illik yubileyi, həm də zirvə toplantısı yeniliklərə səhnə olacaq. Türk Şurasının ötən sammitində Özbəkistan iştirak edib. Budəfəki zirvə toplantısında bütün Türk dövlətlərinin iştirakı tarixi anlara şahidlik etmək baxımından xüsusi əhəmiyyətə malik olar.

 Azərbaycan Türk dövlətləri arasında daim əlaqələndirici rol oynayır. Bu həm coğrafi mövqeyimizə, həm tarixi-mədəni köklərimizə, həm də körpü rolunda çıxış etməyimizə görədir. Azərbaycan dili Türk dilləri sırasında ləhcə və dialekt yaxınlığına görə həm Anadolu, həm də Orta Asiya türklərinin başa düşdüyü dildir. Bütövlükdə, Tük dövlətlərinin iqtisadi, siyasi, mədəni, humanitar sahələrdə əməkdaşlığı və çoxtərəfli münasibətlərinin güclənməsi başqa dövlətlərə qarşı yönəlməyib. Türkdilli ölkələr arasında siyasi və iqtisadi əməkdaşlıq dövlətlərimizin milli maraqlarına əsaslanır və yüksələn xətlə inkişaf edir.

- Tolerantlıq nümunəsi olan Azərbaycan həm də beynəlxalq əməkdaşlıq məkanına çevrilib. Mötəbər beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi nəyin ifadəsidir?

- Doğrudur, Cənubi Qafqazın lider dövləti olan Azərbaycan həm də beynəlxalq dialoq və əməkdaşlıq məkanıdır. Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, Dini Liderlərin Zirvə toplantısı, Qlobal Bakı Forumu və digər tədbirlər məhz Azərbaycanda keçirilir. Yəni ölkəmiz nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edir, Azərbaycanda qlobal əhəmiyyətli məsələlər müzakirə predmetinə çevrilir. Bu, hər şeydən əvvəl, Azərbaycana və Azərbaycan Prezidentinə olan yüksək inam və etimadın göstəricisidir. Bu etimad Prezident İlham Əliyevin rəhbərliyi ilə uzun illər ərzində həyata keçirilən uğurlu strateji xəttin real nəticəsidir.

 Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsini şərtləndirən mühüm amillərdən biri ölkəmizdə etibarlı sabitlik və təhlükəsizlik mühitinin mövcud olmasıdır. Tolerantlıq nümunəsi olan ölkəmizdə müxtəlif dinlərin və xalqların nümayəndələri sülh, əmin-amanlıq və mehribanlıq şəraitində yaşayırlar, ölkəmiz dünyada sabitlik adası kimi tanınır. Ölkəmizdə beynəlxalq səviyyəli siyasi, iqtisadi, humanitar, mədəni tədbirlərin keçirilməsi artıq ənənə halını alıb. O cümlədən, mötəbət beynəlxalq idman tədbirlərinin Azərbaycanda keçirilməsi mühüm göstəricidir. Digər tərəfdən Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkə reallıqlarının təbliği baxımından da mühüm əhəmiyyətə malikdir.

- Azərbaycanın inkişafından və beynəlxalq mövqeyinin davamlı olaraq möhkəmlənməsindən ciddi narahatlıq keçirən anti-Azərbaycan dairələri və “beşinci kolon” nümayəndələri ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar. Bunun arxasında duran səbəblər nədir?  

- Azərbaycan uğurla inkişaf edir, ölkəmizdə bütün sahələri əhatə edən məqsədyönlü islahatlar həyata keçirilir. Azərbaycanın dinamik inkişafı və əldə edilən nailiyyətlər beynəlxalq müstəvidə də yüksək qiymətləndirilir. Şübhəsiz ki, ölkəmizin inkişafı bəzi dairələr tərəfindən qısqanclıq və narahatlıqla qarşılanır. Onlar ölkəmizin əldə etdiyi uğurları həzm edə bilmirlər. Əlbəttə, antimilli mövqedə duran bu satqın qruplar qaragüruh dəstələrdir. Bu ünsürlər daxildə və xaricdə Azərbaycanın əleyhinə qarayaxma kampaniyası aparırlar.

Bütövlükdə, anti-Azərbaycan dairələr və antimilli ünsürlər ölkəmizin müsbət beynəlxalq imicinə kölgə salmağa çalışırlar. Müxtəlif xarici fondlar tərəfindən maliyyələşdirilən bu dəstələr konkret olaraq Azərbaycanın milli maraqlarına zidd mövqedən çıxış edirlər. Belələri həmişə olub və bundan sonra da olacaq. Amma təbii ki, bütün bu cəhdlər faydasızdır və heç bir nəticə verməyəcək. Azərbaycanı öz inkişaf yolundan və müstəqil siyasətindən bu cür vasitələrlə döndərmək mümkun deyil. Azərbaycan özünün doğru yolu ilə inamla irəliləyir.