YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

“Xocalıya ədalət!” beynəlxalq kampaniyası Xocalı soyqırımı barədə həqiqətlərin dünyada tanıdılmasında mühüm rol oynadı

   Birinci vitse-prezidentin köməkçisi, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev

- Yusuf müəllim, Azərbaycan Respublikasının dinamik  inkişafı, ictimai həyatın bütün sahələrində əldə edilən nailiyyətlər dövlət gənclər siyasətində də özünü bariz şəkildə göstərir. Bu mənada, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin prioritetləri nədən ibarətdir?

-Gənclər siyasəti Azərbaycan dövlətinin həyata keçirdiyi daxili siyasətin mühüm tərkib hissəsidir. Bu siyasətin əsas məqsəd və prinsipləri, istiqamətləri, həmçinin dövlətin üzərinə düşən vəzifələr “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu və bu sahədəki digər normativ-hüquqi aktlarla müəyyən olunur. Gənclərin hərtərəfli inkişafı üçün zəruri olan şəraitin yaradılması, bu baxımdan dövlətin üzərinə düşən vəzifələrin səmərəli şəkildə yerinə yetirilməsi məsələsi daim ölkə rəhbərliyinin, şəxsən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir. Bu diqqətin nəticəsidir ki, bu gün Azərbaycanda gənclərin inkişafının təmin edilməsi üçün dövlət tərəfindən davamlı şəkildə fəaliyyət həyata keçirilir, gənclərlə iş sahəsində qanunvericilik bazası təkmilləşdirilir, sosial infrastruktur yaradılır, gənclərin elmi və yaradıcılıq potensialının aşkara çıxarılması və inkişaf etdirilməsi, bu potensialın ölkəmizin sosial-iqtisadi inkişafı, dövlətimizin siyasi, iqtisadi, hərbi qüdrətinin, beynəlxalq nüfuzunun artırılması, xalqımızın rifah səviyyəsinin daha da yüksəldilməsi uğrunda səfərbər edilməsi istiqamətində ardıcıl tədbirlər görülür.

Hazırda Bakıda və rayonlarda yerləşən 40-a yaxın Gənclər Evi, demək olar ki, bütün rayonlarda fəaliyyət göstərən Olimpiya kompleksləri, yaradıcılıq mərkəzləri və s. gənclərin ixtiyarındadır. Gənclərin ictimai fəallığının artırılması, ölkənin ictimai həyatına onların daha yaxından cəlb edilməsi məqsədilə yaradılan və vətəndaş cəmiyyətinin mühüm tərkib hissəsi olan ictimai birliklərin fəaliyyəti dövlət tərəfindən hərtərəfli dəstəklənir. Keçən il Nizamnaməsində edilən dəyişikliklərlə fəaliyyət sahəsi və imkanları daha da genişləndirilən Gənclər Fondu gənclərin, xüsusilə az təminatlı ailələrdən olan gənclərin təhsil almalarının, təhsillərini xaricdə davam etdirmələrinin dəstəklənməsi, ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş gənclərin işlə təmin olunma baxımından qarşılaşdıqları problemlərin həll edilməsi, gənclər arasında sahibkarlıq və özünüməşğulluğun təşviq edilməsi və dəstəklənməsi kimi bir sıra istiqamətlərdə təqdirəlayiq fəaliyyət həyata keçirir. Bütün bu fəaliyyətlər xalqımız tərəfindən rəğbətlə qarşılanır, yüksək qiymətləndirilir.             

Burada mən diqqəti bir məsələyə cəlb etmək istərdim. Bildiyiniz kimi, Ulu Öndərimiz Heydər Əliyevin 1969-cu ildə Azərbaycanın rəhbəri seçilməsindən sonra respublikamızın həyatında yeni bir dövr başladı. Bu dövr Azərbaycanın Sovet İttifaqının geridə qalmış aqrar əyalətindən ən qabaqcıl aqrar-sənaye, neft-kimya, maşınqayırma mərkəzlərindən birinə çevrilməsi, elm və təhsilin, mədəniyyətin, ədəbiyyatın, incəsənətin sürətli inkişafı ilə əlamətdar oldu. Heydər Əliyevin yorulmaz fəaliyyəti bir çox onilliklər üçün Azərbaycanın inkişaf yollarını, istiqamətlərini müəyyən etdi. Azərbaycanda bu gün həyata keçirilən gənclər siyasətinin də əsası əslində Ulu Öndərimiz Heydər Əliyev tərəfindən həmin dövrdə qoyulmuşdur. Müstəsna tarixi şəxsiyyət kimi, dövrünün digər siyasətçilərdən və dövlət rəhbərlərindən Heydər Əliyevin fərqi ondan ibarət idi ki, O milliliyin, milli-mənəvi dəyərlərin və mədəni-tarixi irsin qorunub-saxlanılmasını, inkişafını təşviq və təqdir etməyən şərait və şərtlər daxilində belə, bunların qorunub-saxlanılmasına, gənc nəslin məhz bu dəyərlər əsasında yetişdirilməsi, xalqımızın əsrlər boyu yaratdığı mədəni-ədəbi irsimizə sahib çıxmasına şərait yaratmağa nail olmuşdu. Buna əmin olmaq üçün həmin dövrdə Azərbaycanda yaradılmış sənət əsərlərinə, xalqımızın yetişdirdiyi dahi şəxsiyyətlərin şərəfinə ucaldılmış abidələrə baxmaq, tarixi qəhrəmanlarımız haqqında çəkilmiş filmlərin, yazılmış bədii və elmi-tədqiqat əsərlərinin siyahısına nəzər salmaq kifayətdir. Heç də sirr deyildir ki, bütün bu fəaliyyətin ünvanı ilk növbədə gənclər idi və bunu nəzərə alaraq, dövlətimizin müasir gənclər siyasətinin əsasının məhz ötən əsrin 70-ci illərində Ulu Öndər tərəfindən qoyulduğunu əminliklə söyləmək olar.

İkinci bir tərəfdən, mən yenə həmin illərdə Heydər Əliyevin Azərbaycan gənclərinin müasir tələblər səviyyəsində təhsil almasına verdiyi diqqəti vurğulamaq istərdim. Məhz bu diqqət və Ulu Öndərin göstərdiyi yorulmaz səylər öz nəticəsini verdi: Azərbaycan gəncləri Bakıda imtahan verməklə SSRİ-nin aparıcı ali məktəblərində Respublikamız üçün ayrılmış xüsusi kvotalar üzrə təhsil almaq imkanı əldə etdilər. Sovet hərbi-təhsil sistemi üçün də inanılması çətin olan hadisə Azərbaycanda baş verdi: SSRİ-nin qeyri-slavyan respublikalarında ilk hərbi lisey – Cəmşid Naxçıvanski adına hərbi məktəb fəaliyyətə başladı ki, bu gün Azərbaycan Ordusunun general-zabit heyətinin əsasını bu liseyin məzunları təşkil edirlər. Liseyə məşhur sovet sərkərdələrindən birinin deyil, məhz Azərbaycan xalqının yetişdirdiyi hərbi xadimin adının verilməsi də, Heydər Əliyevin gənclərin milli-mənəvi dəyərlər əsasında yetişdirilməsinə verdiyi diqqətin təzahürü və sübutu kimi qiymətləndirilə bilər. 

Bütün bunları xatırlatmaqda məqsədim, Ulu Öndərin gənclərin tərbiyəsi üzrə müəyyən etdiyi iki əsas, gənclər siyasətinin ana xəttini təşkil edən amilləri vurğulamaqdır: yüksək, müasir tələblərə cavab verən təhsil və milli-mənəvi dəyərlərə əsaslanan vətənpərvərlik tərbiyəsi. Bu amillər bu gün də Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin əsasını təşkil edir.

- Bildiyimiz kimi, fevralın 1-də Bakıda 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı  keçirildi. Toplantıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva iştirak etdilər. Cənab Prezident toplantıda dərin məzmunlu nitq söylədi. Sizcə, dövlətimizin başçısının toplantıda  verdiyi tövsiyələr Azərbaycan gəncliyinin qarşısında hansı vəzifələri qoyur?

-Hər şeydən əvvəl qeyd etmək istərdim ki, dövlət başçımızın yalnız birbaşa gənclərə ünvanlanan çıxışlarında deyil, ölkəmizin ictimai-siyasi, iqtisadi həyatına, təhsil, elm, mədəniyyət və s. məsələlərə həsr edilmiş çıxışlarının əksəriyyətində gənclərlə iş sahəsində göstərilən fəaliyyət, əldə edilmiş nəticələr, qarşıda duran vəzifələr və tələblərdən danışılır, aktual məsələlərə toxunulur. Bu hər şeydən əvvəl, Prezident tərəfindən gənclər siyasətinə verilən əhəmiyyətin göstəricisi, eyni zamanda, gəncliyin hərtərəfli inkişafına onun tərəfindən göstərilən diqqət və qayğının təzahürü kimi qiymətləndirilməlidir.

Gənclər gününə həsr edilmiş respublika toplantısındakı çıxış isə, əlbəttə ki, proqram xarakterli idi və düzgün olaraq qeyd etdiyiniz kimi, Azərbaycan gəncliyinin qarşısında duran vəzifələrin ardıcıllıqla, ölkəmizin və xalqımızın inkişafı və çiçəklənməsi istiqamətində mövcud və perspektiv prioritetlər kontekstində müəyyən edilməsi və gəncliyin diqqətinə çatdırılması məqsədi daşıması ilə fərqlənir.    

Cənab Prezident öz çıxışında müstəqil dövlətdə yaşamağı xoşbəxtlik kimi qiymətləndirdi. Bu ifadədə dərin məna vardır: dünyada yaşayan heç də bütün xalqların, bütün etnosların malik olmadığı bu xoşbəxtlik xalqımıza asanlıqla nəsib olmamışdır. Bu gün Azərbaycan xalqı müstəqil dövlətə malikdirsə,bu müstəqilliyi qoruyub-saxlamağaqadirdirsə bu, bizdən əvvəlki nəsillərin, dövlət adamlarının, mütəfəkkirlərin, dahi şəxsiyyətlərin və hər kəsdən əvvəl, Ulu Öndərimizin yorulmaz əməyinin, müstəsna xidmətlərinin nəticəsidir. Bugünkü nəsil bunu heç vaxt yaddan çıxartmamalı, bu xoşbəxtliyin ona kimlərin səyləri və hansı qurbanların bahasına başa gəldiyini yadda saxlamalı və müstəqilliyimizin əbədi olması, onun hər cür daxili və xarici təhlükələrdən müdafiə edilməsi uğrunda mübarizəyə hazır olmalıdır. Fikrimcə, bu Prezidentin gəncliyə verdiyi başlıca mesajdır.

Azərbaycan Prezidenti tərəfindən gənclik qarşısında qoyulan digər vəzifələr isə məhz bu əsas vəzifənin yerinə yetirilməsi yollarını və vasitələrini müəyyən edir: insan və vətəndaş üçün ən böyük xoşbəxtlik olan milli müstəqilliyin qorunub saxlanılması, onun əbədi və dönməz olması üçün gələcəkdə müstəqil Azərbaycan dövlətini idarə edəcək bugünkü gənclik ən yüksək tələblərə cavab verən təhsil səviyyəsinə və peşəkarlığa, milli-mənəvi dəyərlərə sadiqlik və vətənpərvərlik ruhuna malik olmalı, ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməli, problem və nöqsanlara qarşı barışmazlıq nümayiş etdirməli, öz yaradıcılıq potensialını xalqımızın inkişafı naminə sərf etməyə hazır olmalıdır.

Prezidentin çıxışında vurğulanan məsələlərdən birini - dövlət qurumlarında və özəl təşkilatlarda gənclərin potensialından daha geniş istifadə olunması, onların elmi yaradıcılıq fəaliyyətinin hərtərəfli dəstəklənməsi məsələsini də xüsusi qeyd etmək istərdim. Bu gün biz dövlət qurumlarında bu prosesin şahidiyik və öz çıxışında Prezidentin bunu bir daha vurğulaması, bu siyasətin gələcəkdə də davam etdiriləcəyinin göstəricisi, eyni zamanda, özəl sektora onun tövsiyəsi kimi qiymətləndirilə bilər.

Qeyd edilənləri ümumiləşdirərək və sualınıza cavab olaraq deyə bilərəm ki, cənab Prezident Azərbaycanın hər bir gəncini yüksək təhsilli, öz işinin peşəkarı olan, ictimai fəallığı ilə seçilən, elmi-yaradıcılıq potensialını reallaşdıran, ölkəsinin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazır, milli-mənəvi dəyərlərə sadiqvətənpərvər kimi görmək istəyir, bu keyfiyyətlərə malik olan bir vətəndaş kimi yetişməyi onun qarşısında  əsas vəzifə olaraq qoyur.

Əminliyimi ifadə etmək istərdim ki, dövlət tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunmuş gənclərimiz cənab Prezidentin onların qarşısında qoyduğu bu vəzifələrin öhdəsindən gəlmək, onun rəhbərliyi altında Azərbaycanın daha parlaq gələcəyini təmin etmək iqtidarında və əzmindədirlər.

- Hazırda ölkəmizdə könüllülük hərəkatı böyük vüsət alaraq əhatə dairəsini daha da genişləndirir. Azərbaycan gəncliyinin bu hərəkatda rolunu və  fəallığını necə dəyərləndirirsiniz?

- Bildiyiniz kimi, könüllülüyün müxtəlif növləri vardır. Bu, kütləvi tədbirlər, ayrı-ayrı sosial, ekoloji və digər aksiyalar və hətta təbii fəlakətlər zamanı könüllü surətdə göstərilən fəaliyyət şəklində baş verir və insanlar müəyyən bir amal ətrafında birləşərək cəmiyyətə yardım etməyə hazırlıqlarını nümayiş etdirirlər.

Könüllülük fenomeni, təbii ki, ölkəmizdə də bu və ya digər formada və miqyasda illər uzunu mövcud olmuşdur, lakin məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqəti sayəsində son illər ərzində könüllülük ideyası əhali, xüsusilə də gənclər arasında dərin kök atmış, könüllülük hərəkatı geniş vüsət almışdır. Ötən dövr ərzində «Könüllülük fəaliyyəti haqqında qanun» qəbul olunmuş, könüllülüyü ehtiva edən maddələr bir sıra dövlət proqramlarına daxil edilmiş, ayrı-ayrı təşkilatlar və qurumlar çərçivəsində də könüllülər fəaliyyət göstərməyə başlamışlar.

Sirr deyildir ki, Azərbaycan gəncləri əhalinin ən fəal hissəsidir. Könüllülük ümumilikdə sırf gəncliklə bağlı bir fenomen olmasa da, ölkəmizdə könüllülük hərəkatında iştirak edənlərin böyük əksəriyyətinin məhz gənclər olması, fikrimcə, müsbət hal kimi qiymətləndirilə bilər. Azərbaycan könüllüləri ölkəmizdə təşkil edilən irimiqyaslı beynəlxalq tədbirlər zamanı, eləcə də müxtəlif dövlət qurumlarının fəaliyyətinə yardım olaraq böyük işlər görmüşlər. İlk Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Avroviziya Mahnı Müsabiqəsi, Beynəlxalq Humanitar Forum və xeyli sayda digər beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi, bir tərəfdən beynəlxalq ictimaiyyətin dövlətimizə yüksək etimadının göstəricisi, digər tərəfdən isə böyük bir məsuliyyətdir. Bu məsuliyyətli işin öhdəsindən gəlməkdə, heç şübhəsiz, könüllülərin dəstəyi böyük rol oynamışdır.

Gənclər arasında könüllülüyün yayılması bir tərəfdən, fərdi olaraq gənclərin cəmiyyət üçün faydalı olan bir amal ətrafında birləşib fəaliyyət göstərməyə hazırlığını əks etdirir, digər tərəfdən onların məsuliyyətli vətəndaş kimi yetişməsinə xidmət edir. Bu baxımdan, dövlət könüllülük hərəkatının ölkəmizdə daha da inkişaf etməsində maraqlıdır və çox xoşdur ki, gənclərimiz də öz fəallıqları ilə bu marağı bölüşdüklərini göstərirlər.

Bununla yanaşı hesab edirəm ki, ölkəmizdə könüllülük hərəkatının sistemləşdirilməsi, vahid mütəşəkkil formaya salınması könüllülərin potensialından daha səmərəli istifadə edilməsi baxımından faydalıdır. Bu eyni zamanda, vahid könüllülük hərəkatının bütün respublikanı - paytaxt Bakıdan tutmuş ən ucqar kəndimizədək əhatə etməsinə imkan verəcəkdir. Gənclərimizin könüllülüyə marağının və bu sahədə fəallığının ildən-ilə artması mülahizəmizin doğru olduğunu söyləməyə əsas verir. Qeyd edim ki, vahid könüllülük hərəkatı bir çox ölkələrdə də təşəkkül tapmış və özünü doğrultmaqdadır.

- Yusuf müəllim, bu il Xocalı soyqırımının 27-ci ildönümüdür, bu faciə ilə əlaqədar respublikamızda və xarici ölkələrdə çoxsaylı tədbirlər keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində önəmli işlər görülür. Bu tədbirlərin Xocalı soyqırımının dünyada tanıdılması baxımından əhəmiyyəti nədən ibarətdir?

-İlk öncə, bu il 27-ci ildönümü olan Xocalı soyqırımında ailə üzvlərini, qohumlarını və yaxınlarını itirmiş hər bir kəsə və xalqımıza başsağlığı verir, həlak olanlara Allahdan rəhmət diləyirəm.

Bu faciə, yalnız Azərbaycan xalqının deyil, bütün bəşəriyyətin tarixində ən qanlı hadisələrdən biri kimi yaddaşlarda qalacaqdır. Ümid edirəm ki, insanlıq əleyhinə bu ağır hərbi cinayəti törətmiş şəxslər tezliklə hüquqi müstəvidə öz layiqli cəzalarını alacaqlar.

Təəssüf ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk illərində törədilmiş bu soyqırım aktı barədə həqiqətləri ölkəmizin həmin dövrdə düşdüyü informasiya blokadası şəraitində dünyaya çatdırmaq, demək olar ki, mümkün olmamışdı. Doğrudur, bir sıra beynəlxalq kütləvi informasiya vasitələri və beynəlxalq təşkilatların nümayəndələri bu faktı təsbit etsələr də, dünya ictimaiyyəti uzun müddət bu faciədən bixəbər və ona biganə qalmışdı. Hətta Ermənistan rəhbərliyinin Xocalıda məhz dinc əhaliyə divan tutmasını etiraf etməsi və buna haqq qazandırması belə dünya ictimaiyyətinin lazımi reaksiyasına səbəb olmamışdı. Bəlkə də, bu biganəliyin nəticəsidir ki, Xocalı soyqırımından bir neçə il sonra bəşəriyyət dünyanın müxtəlif bölgələrində insanlıq əleyhinə törədilmiş yeni ağır cinayətlərə şahidlik etməli oldu. Eyni zamanda, unutmamalıyıq ki, bu soyqırımadək, erməni silahlı qüvvələri artıq Bağanis Ayrım, İmarət Qərvənd, Xocavənd, Ağdaban, Qaradağlı və digər yaşayış məntəqələrində oxşar cinayətləri törətmiş, silahsız mülki əhalini amansızca qətlə yetirmişdilər.

Yalnız Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtmasından sonra, onun təşəbbüsü ilə Milli Məclis Xocalı soyqırımına siyasi-hüquqi qiymət verdi. Bu dövrdən etibarən ölkə miqyasında və ölkəmizdən kənarda Xocalı soyqırımı ilə bağlı tədbirlərin keçirilməsinə başlanıldı. 2008-ci ildə isə Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasına start verildikdən sonra keçirilən ardıcıl tədbirlər, müxtəlif xarici ölkələrin siyasi və ictimai dairələri ilə aparılan izahat işləri nəticəsində Xocalı soyqırımı barədə həqiqətlərin dünyada tanıdılması geniş vüsət aldı. Mən bu sahədə səfirliklərimizin, diasporumuzun və xüsusilə də gənclərimizin, o cümlədən xaricdə təhsil alan tələbələrimizin əhəmiyyətli rol oynadığını vurğulamaq istərdim. Sözügedən kampaniyanın uğurları barədə faktlarla danışmaq olar. Qısa müddət ərzində dünyanın müxtəlif qitələrindən 17 ölkə, eləcə də ABŞ-ın 22 ştatı, habelə 2 beynəlxalq təşkilat Xocalı soyqırımını tanıyan sənədlər qəbul etmişlər və bu proses davam etməkdədir. Qeyd etmək istəyirəm ki, “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası soyqırımın ildönümləri ərəfəsində xüsusilə intensivləşsə də, əslində bu sıradan olan ayrı-ayrı tədbirlər bütün il boyu təşkil edilir.

Xocalı soyqırımı barədə həqiqətlərin dünyaya yayılması həm də Ermənistan-Azərbaycan münaqişəsi barədə ədalətli mövqeyimizin dəstəklənməsi baxımından əhəmiyyətlidir.

Eyni zamanda, hesab edirəm ki, Xocalı soyqırımı barədə məlumatlandırma və maarifləndirmə işində xalqımızın hər bir nümayəndəsi fəal iştirak etməlidir. Çünki bu,hamımızın ağrısıdır və hər bir azərbaycanlı istər Xocalı faciəsində, istərsə də ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və xoşbəxt gələcəyi uğrunda şəhid olanların ruhu qarşısında məsuliyyət daşıyır.