YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan gənclərinin mütləq əksəriyyəti Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti birmənalı olaraq dəstəkləyir

   Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Ofisinin rəhbəri Fərid Nəsibov

- Fərid müəllim, məlumdur ki, hər il 2 Fevral - Gənclər Günü ölkəmizdə yüksək səviyyədə qeyd olunur. Ümumiyyətlə, belə bir günün təsis olunması Azərbaycan gəncliyinin həyatında nə kimi rol oynayır? 

- Bildiyiniz kimi,  2 Fevral-Gənclər Günü 1997-ci ildə Ulu öndər Heydər Əliyevin sərəncamı ilə təsis olunub və bu, Ümummilli liderin gəncilyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Azərbaycanda 2 Fevral Gənclər Günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Azərbaycanda hər il Gənclər Günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verir, onların fəaliyyəti qiymətləndirilir.

Onu da qeyd etmək istərdim ki, dünyada 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən konfransda BMT-nin qərarı ilə avqustun 12-si Beynəlxalq Gənclər Günü elan edilib. Bu da onun göstəricisidir ki, Azərbaycanın müəyyən olunmuş siyasi, ideoloji inkişaf istiqaməti zamanın tələbini qabaqlamış, ölkə gənclərinin özünü inkişafı üçün münbit şəraitin yaradılmasına xidmət etmişdir.

Bu gün də ölkə başçısı, cənab Prezident İlham Əliyev gəncləri xüsusi diqqət mərkəzində saxlayır, onların qayğıları ilə yaxından maraqlanır. Məhz zamanında atılmış bu addımın nəticəsində Azərbaycan gəncliyi bu gün dünyada öz sözünü deyir, bir sıra xarici dövlətlərin hökumət strukturlarında təmsil olunurlar.

- Azərbaycan Respublikasının dövlət gənclər siyasətinin reallaşmasında müvafiq Dövlət Proqramlarının icrası da böyük əhəmiyyət kəsb edir. Xahiş edirik, gənclərlə bağlı həyata keçirilən proqramların əhəmiyyəti barədə ümumi fikirlərinizi bildirəsiniz...  

- Ötən illər ərzində Azərbaycanda gəncliyin inkişafı ilə bağlı Dövlət proqramları həyata keçirilib. Bu proqramlar Azərbaycan gəncliyinin inkişafına böyük töhfələr verir.
Dövlət başçısının Sərəncamı ilə gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə 2005-2009-cu illəri əhatə edən “Azərbaycan gəncliyi” Dövlət Proqramı təsdiq edilərək həyata keçirildi. Eləcə də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2007-ci ilin “Gənclər ili” elan edilməsi, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” haqqında Sərəncamın imzalanması Azərbaycanda gəncliyə diqqət və qayğının davamlı bir siyasət olduğunu bir daha təsdiqlədi.
Bununla yanaşı, ölkə Prezidenti tərəfindən Gənclər Fondunun yaradılması, “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi də əhəmiyyətli addımlardandır. Xüsusilə qeyd etmək istəyirəm ki, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” da gənclər üçün böyük perspektivlər açır. Təbii ki, bütün bunlarda məqsəd gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını təmin etməkdir. Hesab edirəm ki, gənclər öz fəaliyyəti ilə dövlətin göstərdiyi etimadı doğrultmalıdırlar.

- Hər bir cəmiyyətdə gənclər aparıcı qüvvə hesab olunur. Bu baxımdan, sizcə, gənclər ölkəmizin ictimai-siyasi həyatında hansı səviyyədə təmsil olunur?

- Gənclərimiz ölkəmizin ictimai-siyasi həyatda fəallığı ilə xüsusi seçilirlər. Həqiqətən gənclər hər bir cəmiyyəavanqard qüvvəsidir. Savadlı, intellektual  gənclik bu gün düzgün istiqaməti, düzgün və sağlam ideoloji inkişaf yolunu seçmək iqtidarındadır.

Bu baxımdan, Azərbaycan gənclərinin mütləq əksəriyyəti Heydər Əliyev ideyalarına sadiqdirlər, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti birmənalı olaraq dəstəkləyirlər. Dövlətimizin siyasəti nəticəsində Azərbaycanda sağlam ruhlu, intellektual gənc nəsl yetişib. Təbii ki, bu gənclik hər bir sahədə fəal şəkildə təmsil olunurlar. O cümlədən, gənclərimiz ictimai-siyasi proseslərdə də fəal iştirak edirlər. Bu gün gənclərimiz dövlət idarəçiliyində, seçkili orqanlarda, eləcə də vətəndaş cəmiyyətində aktiv şəkildə təmsil olunurlar. Və ölkəmizin inkişafına, milli maraqlarımızın qorunmasına, Prezident İlham Əliyevin uğurlu siyasətinin təbliğ olunmasına öz töhfələrini verirlər.

 Yeni Azərbaycan Partiyasının gəncləri bu baxımdan Azərbaycan gəncliyinin önündə gedir. Partiyamızın gəncləri daim ictimai-siyasi proseslərdə fəaldır. Onlar dövlətimizin və partiyamızın qarşıya qoyduğu vəzifələrin layiqincə yerinə yetirilməsi üçün məsuliyyətlərini dərindən dərk edir və bu yolda fəaliyyətlərini davam etdirilər.

- YAP Gənclər Birliyinin ötən il ərzindəki fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz?

- Ötən il ərzində fəaliyyətimiz çoxşaxəli olmuşdur. Yeni Azərbaycan Partiyası Gənclər Birliyi 2018-ci ildəki fəaliyyətini də Ulu öndər Heydər Əliyev ideyalarının təbliği, Prezident İlham Əliyevin daxili və xarici siyasətinin dəstəklənməsi, ölkə həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, gənclərin ictimai fəallığının, dil, İKT biliklərinin artırılması, sosial mühitə adaptasiyası, dövlətimizin aparmış olduğu siyasətin sosial şəbəkələrdə təbliği istiqamətində quraraq, müxtəlif layihələr həyata keçirmişdir.

2018-ci ildə ölkəmiz üçün əlamətdar hadisələrdən ən önəmlisi məhz 11 aprel prezident seçkiləri oldu. Seçkilərə hazırlıq, təbliğat-təşviqat prosesində YAP Gənclər Birliyinin üzvləri aktiv şəkildə iştirak edərək, Yeni Azərbaycan Partiyasının namizədinin seçki platformasının əhali arasında təbliğində, təbliğat bukletlərinin paylanılmasında, imzatoplama kampaniyasında aktiv iştirak etmişlər.

Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin Azərbaycan Xalq Cümhuriyyəti İli elan edilməsi ilə əlaqədar Gənclər Birliyi də bu istiqamətdə bir sıra tədbirlər həyata keçirmişdir. Belə ki, YAP Gənclər Birliyinin üzvləri 23 may 2018-ci il tarixində partiyanın Xətai rayon təşkilatının qərargahında AXC-nin 100 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi - Prezidentin köməkçisi Dilarə Seyidzadə ilə görüşmüşlər. Görüşdə AXC-nin tarixi və yaranma zərurətindən, 2018-ci ilin Azərbaycan Xalq Cümhuriyyəti İli elan edilməsinin əhəmiyyətindən danışılmış, gəncləri maraqlandıran suallar cavablandırılmışdır.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi hər zaman olduğu kimi Ulu öndərin irsinin gənclər arasında təbliği məqsədilə müxtəlif tədbirlər həyata keçirmişdir. Bütövlükdə, YAP Gənclər Birliyi il ərzində aktual mövzular, cəmiyyətin gündəmində olan məsələlər haqqında müxtəlif tədbirlər, layihələr reallaşdırıb.

- Məlumdur ki, sosial şəbəkələr həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilib. Sosial şəbəkələrdə Azərbaycanın inkişafını gözü götürməyən müəyyən dairələr ölkəmizə qarşı kampaniyalar aparırlar. Gənclərimizin sosial şəbəkələr müstəvisində  həmin dairələrə qarşı mübarizəsi hansı səviyyədir?

- Bəli, bu məsələ bu gün çox aktualdır. Dünyada yeni, müasir texnologiyalardan geniş istifadə olunur. Sosial şəbəkələr isə demək olar ki, hər bir insanın gündəlik həyatının tərkib hissəsinə çevrilib. Sualınıza gəlincə, demək istəyirəm ki, bu məsələ həqiqətən narahatlıq doğurur. Çünki, müəyyən dairələr sosial şəbəkələr vasitəsilə ölkəmiz haqqında yalan, iftira dolu məlumatlar yayırlar. Burada məqsəd həm ölkəmizdə vətəndaşları çaşdırmaq, həm də Azərbaycanın beynəlxaql imicinə zərbə vurmaqdır.

Yeni Azərbaycan Partiyasının gəncləri olaraq  bizlər bu istiqamətdə bütün imkanlarımızı səfərbər etmişik. Gənclərimiz həm fərdi olaraq, həm də sosial şəbəkələrdə yaradılmış qruplar çərçivəsində yayılan həmin yalan məlumatların ifşası istiqamətində işlər görülür, gənclər arasında maarifləndirmə işləri aparılır.

Eyni zamanda, dövlətimizin həyata keçirdiyi siyasətin uğurlu nəticələri insanlar arasında geniş şəkildə təbliğ olunur. Hesab edirəm ki, ölkəmizə qarşı kampaniya aparan dairələr heç vaxt məqsədlərinə nail olmayacaq. Onların indiyə qədər olan cəhdləri həmişə iflasa uğrayıb. Çünki Azərbaycan cəmiyyəti bütövlükdə yetkindir, gənclərimiz isə sağlam, vətənpərvərlik ruhunda formalaşıb. Belə bir cəmiyyət daim məkrli qüvvələrə öz sözünü deyəcək.