YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

2019-cu il bütün ölkə ərazisində icbari tibbi sığortaya keçidin həlledici ili olacaq

   Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov

- Əhliman müəllim, məlum olduğu kimi ölkəmizdə icbari tibbi sığorta sisteminin tətbiqi ilə əlaqədar tədbirlər həyata keçirilir. Bütövlükdə, icbari tibbi sığortanın əhəmiyyəti nədən ibarətdir?

- Azərbaycan əhalisinin sağlamlığının qorunması dövlətimizin daxili siyasətinin prioritet istiqamətidir və cənab Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Ölkəmizdə bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də ardıcıl və uğurlu islahatlar aparılır. Bu islahatların ən mühüm tərkib hissəsi vətəndaşlarımıza göstərilən səhiyyənin idarə olunması və maliyyələşdirilməsinin optimallılığını təmin edəcək icbari tibbi sığorta sisteminin qurulmasıdır. Bu istiqamətdə cənab Prezidentin rəhbərliyi ilə son illərdə çox ciddi işlər görülmüşdür. İcbari Tibbi Sığorta Agentliyinin Yevlax, Mingəçevir, Ağdaş və Naxçıvan MR Sədərək rayonlarında həyata keçirdiyi pilot layihələr uğurlu nəticələr vermişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İcbari tibbi sığortanın 2020-ci ildə bütün ölkə ərazisində tam tətbiq olunmasına hazırlıq işlərini sürətləndirmək, səhiyyənin mövcud maliyyələşmə mexanizmlərinin yeni iqtisadi münasibətlər əsasında təkmilləşdirilməsi yolu ilə əhaliyə göstərilən tibbi xidmətlərin səviyyəsinin artırılmasına nail olmaq, tibbi xidmətin keyfiyyətini yüksəltmək, əhalinin sağlamlığının etibarlı qorunmasını təmin etmək məqsədi ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin yaradılması ilə bağlı Fərman imzalamışdır.

- Milli Məclisin ötən payız sessiyasında “Tibbi sığorta haqqında” qanuna əlavə və dəyişikliklər edildi. Dəyişikliklər haqqında nə deyə bilərsiniz?

- İcbari tibbi sığortanın bütün ölkə ərazisində tam tətbiq edilməsi üçün mükəmməl hüquqi bazanın yaradılmasına ehtiyac vardır. “Tibbi sığorta haqqında” mövcud qanun 1999-cü ildə qəbul edilmişdir və bir çox aspektlərdə bu günkü tələblərə cavab vermir. Ötən ilin payız sessiyasında cənab Prezidentin qanunvericilik təşəbbüsü ilə Milli Məclisin müzakirəsinə təqdim etdiyi “Tibbi sığorta haqqında” AR Qanununa əlavə və dəyişikliklər də bu zərurətdən irəli gəlirdi. Sənədin müzakirəsi zamanı millət vəkilləri dəyişikliklərin əhəmiyyətini vurğuladılar və qəbul etdilər.

Qanuna  edilən dəyişikliklər çoxsaylı və geniş həcmlidir. Stilistik, redaktə, texniki xarakterli dəyişikliklərlə yanaşı, layihədə bir çox yeni müddəalar öz əksini tapıb, 4 maddə çıxarılıb, layihəyə 34 yeni maddəni əhatə edən 5 yeni fəsil əlavə olunub. Bütövlükdə əlavə və dəyişikliklərin sayı isə 100-dən artıqdır.

Yeri gəlmişkən,  diqqətinizi dəyişikliklərin bəzi mühüm məqamlarına cəlb etmək istəyirəm. Birincisi, qanunda istifadə olunan 14 əsas anlayışın izahı verilmişdir. İkincisi, sənədin daha bir uğurlu tərəfi könüllü və icbari tibbi sığorta formalarının fərqləndirilməsi və ayrı-ayrı fəsil və maddələrdə aydın şəkildə öz əksini tapmasıdır. Sənədin 2-ci,- 3-cü və 4-cü fəsilləri könüllü tibbi sığorta münasibətlərini tənzimləyir. Qüvvədə olan  qanundakı 9-11-12 və 14-cü maddələr çıxarılıb.

Sənədin IV-I fəsli isə “İcbari tibbi sığorta sistemi”-nin prinsip və qaydalarını müəyyən edir. Bu fəslində icbari tibbi sığortanın baza və əlavə hissəsinə münasibətlərdə sığorta olunanların kateqoriyaları müəyyən olunur. Belə ki, 15-2.1 maddəsinə görə Azərbaycanda yaşayan bütün şəxslər icbari tibbi sığortanın baza hissəsinə uyğun ilkin və təxirəsalınmaz tibbi yardım almaq hüququna malikdirlər.

İcbari tibbi sığortanın əlavə hissəsinə münasibətdə uşaqlar, tələbələr, əlillər, pensiyaçılar, dövlət ünvanlı sosial yardımı alan ailələrin üzvləri, hamilə qadınlar, qismən ödənişli məzuniyyətdə olan qadınlar dövlət büdcəsi hesabına, muzdlu əməklə məşğul olan şəxslər işə götürənin və özünün vəsaiti hesabına, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, mülki-hüquqi müqavilə əsasında işləyənlər, qeyri-məşğul şəxslər öz vəsaitləri hesabına sığorta ediləcəklər.

Bundan başqa, yeni IV-II fəsillər İcbari tibbi sığorta iştirakçılarının hüquq və vəzifələrini müəyyən edir. IV-III fəsil isə “İcbari tibbi sığortanın maliyyə təminatı” adlanır. Bu fəsildə İcbari tibbi sığortanın maliyyə mənbələri, sığorta haqlarının məbləği, hesablanma və ödənilmə qaydası öz əksini tapmışdır.

- Bəs yeni IV-III fəsillərdə hansı məqamlar əksini tapır?

- Bu fəsillərdə isə çoxdan müzakirə edilən bir çox suallara cavab verilmişdir. Belə ki, layihənin 15-10.1.1 maddəsində xidmətlər zərfinin baza hissəsinin sığorta məbləği təqvim ili üçün adambaşına 29 manat müəyyən edilmişdir. Bu vəsait dövlət büdcəsi hesabına ödəniləcəkdir. Xidmətlər zərfinin əlavə hissəsi üçün muzdlu əməklə məşğul olan şəxslər üzrə əmək haqqından 4% sığorta məbləği nəzərdə tutulur ki, bu məbləğ işəgötürən və işçi tərəfindən hərəyə 2% olmaqla ödəniləcəkdir. Digər kateqoriyadan olan şəxslər isə təqvim ili ərzində 120 manat sığorta haqqı ödəməklə il ərzində tam həcmdə tibbi yardım almaq hüququ əldə edəcəklər.

Sənədin IV-IV fəslində İcbari tibbi sığortanın təşkili, tibb xidmətlərinin göstərilməsi, tibbi sığorta müqaviləsi, sığorta limiti, sığorta ödənişi, sığorta ödənişindən imtinanın əsasları, tibbi xidmətlər zərfinin strukturu, azad olma məbləği, icbari tibbi sığortanın mənbələri, sığorta ehtiyatlarının yaradılması, xidmət tarifləri, uçot, nəzarət və hesabatın təşkilinin qayda və prinsipləri öz əksini tapmışdır.

Həmçinin, sənədin IV-V fəsli İcbari tibbi sığorta üzrə göstərilən tibbi xidmətlərə nəzarətin həyata keçirilməsi ilə bağlı müddəaları özündə ehtiva edir. Bu fəsildə tibbi xidmətin həcmi, keyfiyyəti və müddətinə nəzarət, elektron məlumat bazası, göndəriş sistemi, xidmətlərin göstərilməsində növbəlilik rejimi, sənədlərin saxlanılmasının qaydası və müddətləri, dövlət proqramları ilə maliyyələşən tibbi xidmət növlərinə münasibət, qanunun pozulmasına görə məsuliyyət və cərimələr öz əksini tapmışdır.

- Əhliman müəllim, “Tibbi sığorta haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsi cari ildə ölkəmizdə icbari tibbi sığortaya tam keçidin reallaşmasında nə dərəcədə rol oynayacaq?

- 2019-cu il bütün ölkə ərazisində icbari tibbi sığortaya keçidin yekun, həlledici ili olacaqdır. İcbari tibbi sığortanın maliyyə və təşkilati-hüquqi əsaslarının yaradılması, sistemin kadr təminatı, tibb müəssisələrinin attestasiyası, ilkin tibbi xidmət göstərən ailə həkimi institutunun yaranması, icbari tibbi sığorta fondunun formalaşması və s. iqtisadi-hüquqi, təşkilati münasibətlərin tənzimlənməsi üçün geniş hüquqi baza yaradacaq mövcud qanuna əlavə və dəyişikliklərin qəbul olunması çox əhəmiyyətlidir.

Bu mənada, “Tibbi sığorta haqqında” qanuna əlavə və dəyişikliklərin qəbul olunması ölkəmizdə icbari tibbi sığortaya tam keçidin reallaşması üçün çox önəmlidir.