YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Üçrəngli bayrağımız müstəqil dövlətimizin varlığının ifadəsidir

Müsahibimiz Milli Məclisin deputatı Fəzail İbrahimli

- Fəzail müəllim, 9 noyabr tarixi Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bəllidir ki, hər bir dövlətin müstəqilliyi və suverenliyi onun dövlət rəmzlərində ifadə olunur. Sizcə, hər bir xalq, dövlət üçün bayraq hansı məna kəsb edir?

- Bayraq millətin ruhunu özündə ehtiva etməklə yanaşı, dövlətin varlığını sübut edən rəmzdir. Bir millətin dövləti varsa bayrağı da var. Dövlətin rəmzinin öz fəlsəfəsi olmalıdır. Azərbaycan bayrağı da özünün rənglərindəki fəlsəfi mənası ilə xalqımızın düşüncəsini, ruhunu, xarakterini əks etdirir.

Əlbəttə ki, bayraq millətin, dövlətin şərəf və ləyaqətinin göstəricisidir. Dövlət müstəqilliyinin ən böyük göstəricilərindən bir də onun bayrağıdır. Azərbaycanın dövlətçilik tarixinin bütün dövrlərində özünəməxsus yer tutan bayraq məhfumu xalqa və dövlətə ehtiram rəmzi kimi çıxış edib. Bu tarix Kitabi-Dədə Qorquddan başlayır və Səfəvilər dövründən bayraqlar simvol kimi qəbul olunur. Şirvanşahlar dövlətindən xanlıqlara qədər keçilən tarixi mərhələlərdə bayraq və digər rəmzlər milli sərvətlərimiz olan abidələrdə öz əksini tapıb. Bayraq bir simvoldur. Bu simvolun arxasında isə milli dövlətçiliyimiz, milli şüurumuz, milli mənliyimiz, milli özünüdərkimiz dayanır.

Müasir dövrə gəldikdə isə qeyd edim ki, XX əsrin əvvəlində dünya dövlətləri sırasında özünəməxsus yer tutan Azərbaycan Xalq Cümhuriyyəti dönəmində - 1918-ci il  noyabrın 9-da üçrəngli bayraq təsdiq edildi. Türk ordusu Bakını tərk etdikdən sonra  ingilis generalı Tomson üçrəngli bayrağımızın endirilməsini əmr etmişdi. Ermənilər və digər düşmən qüvvələr ona Xalq Cümhuriyyəti ilə bağlı yanlış məlumat vermişdilər. Amma Fətəli xan Xoyskinin başçılığı ilə hökümət nümayəndələri general Tomsonla görüşüb danışıqlar apardıqdan sonra ingilis generalı AXC hökumətini qanuni hakimiyyət kimi tanıdı. 1918-ci ilin dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin binası önündə müstəqil dövlətimizin üçrəngli bayrağı dalğalandı. Bu, dövlətimizin müstəqilliyini və varlığını ifadə edən bir simvol idi. 

Nəticə etibarilə bu il üçrəngli bayrağımızın dövlət bayrağı kimi təsbit olunmasının 100 ili tamam olur. Bu da tariximizdə qürur duyduğumuz bir hadisədir.

- Azərbaycan cəmiyyətində dövlət atributlarına, o cümlədən üçrəngli bayrağımıza göstərilən hörmət və ehtiram barədə nə deyə bilərsiniz?

- Əlbəttə ki, cəmiyyətimizdə dövlət bayrağına hörmət və ehtiram yüksək səviyyədədir. Bu mənada, üçrəngli bayrağımız da qürurumuz, iftixarımızdır. Bilirsiniz ki, Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq isə yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilir. Bayrağımızdakı mavi rəng  Azərbaycan xalqının türk mənşəli olması və türkçülük ideyası ilə bağlıdır. Qırmızı rəng  müasirlik, azadlıq, inkişaf və müstəqilliyi tərənnüm edir. Yaşıl rəng isə İslam sivilizasiyasına, İslam dininə mənsubluğu ifadə edir. Göründüyü kimi bayrağımızın rəngləri xalqımızın kökünü, müasirliyini və  mənəvi-dini dəyərlərini özündə aşılayır. 1918-ci ilə təsbit olunan bu bayraq 1920-ci ilin aprelinə qədər Azərbaycanın dövlət rəmzi olub. Rusiyada hakimiyyətə gələn bolşeviklər işğalçılıq siyasəti yeritdilər və Azərbaycanı işğal etdilər. Nəticədə Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelin 28-də süquta uğradı, bayrağımız isə mayın 3-də parlamentin önündən götürülərək SSRİ bayrağı ilə əvəz olundu.

Amma ötən əsrin sonlarında xalqımız yenidən müstəqilliyinə qovuşdu və üçrəngli bayrağımız da yenidən dövlət bayrağı kimi təsbit edildi. Qeyd edim ki, 1990-cı il noyabr ayının 17-də isə Ulu öndər Heydər Əliyevin sədrliyi ilə  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı ilk dəfə olaraq salona gətirildi və Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı elan olundu və Azərbaycan parlamentinə bu bayrağın dövlət kimi təsbit olunması tövsiyə edildi. Beləliklə, 1991-ci ildə Ali Sovet “Dövlət bayrağı haqqında” Qanun qəbul etdi və üçrəngli bayrağımıza Azərbaycan Respublikasının dövlət bayrağı statusunu verdi. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsadətinə baxaraq bayrağın Azərbaycan Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar çıxardı. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etdi.

Eyni zamanda, Bakı şəhərində, Xəzərin sahilində Dövlət Bayrağı Meydanının yaradılması da Prezident İlham Əliyevin dövlət atributlarına olan yüksək ehtiramının bariz nümunəsidir. Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə Sərəncam imzaladı, həmin il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında Dövlət Bayrağı Meydanının təməli qoyuldu. 2010-cu il sentyabr ayının 1-də Bakıda Dövlət Bayrağı Meydanının açılışı oldu. Şəxsən mən səfər etdiyim digər ölkələrdə bayraq meydanı görməmişəm. Belə bir meydanın ölkəmizdə yaradılması isə üçrəngli bayrağımıza dövlətimizin, cəmiyyətimizin dərin ehtiramının göstəricisidir.

Həmçinin, Prezident İlham Əliyevin təşəbbüsü ilə meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb. Bütövlükdə, dövlət bayrağının təbliği istiqamətində görülən işlər, o cümlədən dövlətimizin atributiv rəmzinin qorunması dövlət rəmzlərinə hörmətin ifadəsi kimi vahid azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməyə rəvac verən məsələ oldu.

Azərbaycan cəmiyyəti, xüsusilə gənclərimiz üçrəngli bayrağımızı göz bəbəyi kimi qorumalıdır. Çünki bayrağımız müstəqil dövlətimizin varlığının ifadəsidir.

- Üçrəngli bayrağımız bu gün mötəbər beynəlxalq təşkilatların da qarşısında dalğalanır. Bu da çox qürurverici məqamdır...

- Bütövlükdə, dünya ictimaiyyəti xalqımızın öz bayrağına - milli atributlarına nə qədər sayğılı olduğunu görür. Ümummilli liderimiz Heydər Əliyevin bəyan etdiyi kimi, Azərbaycan müstəqilliyi əbədidir, daimidir, dönməzdir. Və üçrəngli bayrağımız da daim zirvələrdə dalğalanacaq. Bu baxımdan, 9 Noyabr Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəmizə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli müstəqilliyimizin rəmzi kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Hər bir vətəndaşın borcudur ki, bu bayrağın əbədi dalğalanması üçün öz üzərinə düşəni etsin, Vətənin müstəqilliyinin əbədi olması üçün çalışsın.

Qürur hissi ilə deyə bilərik ki, biz dünyanın ən uca bayrağının dalğalandığı məmləkətin vətəndaşlarıyıq. Biz bununla fəxr edə bilərik. Təkcə dövlət tədbirlərinə deyil, mötəbər idman yarışlarında da, humanitar, mədəni tədbirlərdə dövlət bayrağımız zirvələrə yüksəldilir, himnimiz səslənir. Avropa Şurasında 47 ölkənin bayrağı dalğalanır. Bir məsələni diqqətinizə çatdırım. Vaxtilə Məhəmməd Hadi “Yox millətimin imzası imzalar içində” deyib fəryad edərək dünyasını dəyişdi. Mən AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü kimi ilk dəfə Strasburqa gedəndə  Avropa Şurasında bayrağımızın qarşısında diz çökdüm və qürur hissi ilə Məhəmməd Hadiyə xitabən “ruhun şad olsun, var millətimizin imzası imzalar içində” dedim. Sevindirici haldır ki, bu gün Azərbaycan bayrağı BMT-də, Avropa Şurasında və digər nüfuzlu beynəlxalq təşkilatların dalğalanır və hər bir vətəndaşımız bununla qürur duyur.

- Fəzail müəllim, bəs üçrəngli bayrağımız qanunvericilik səviyyəsində necə qorunur?

- Təbii ki, dövlət bayrağımız həm dövlət başçısının imzaladığı Fərman və sərəncamlarla, həm də Milli Məclisin qəbul etdiyi qanunlarla yüksək səviyyədə qorunur. Qeyd edim ki, Ulu öndər Heydər Əliyev 1998-ci il 13 mart tarixində “Azərbaycan Respbulikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” Sərəncam imzaladı. Bu Sərəncam çox böyük əhəmiyyətə malik idi. Bu Sərəncamın dövlət atributlarının təbliği baxımından əhəmiyyətini xüsusi qeyd etmək lazımdır.

Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə də dövlət atributlarına yüksək hörmət və ehtiram göstərilməkdədir. Bildiyiniz kimi, 2004-cü ildə “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu, həmçinin “Dövlət bayrağı haqqında Əsasnamə” qəbul olundu. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzaladı. Bu Sərəncamla hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. 2009-cu ilin dekabrın 4-də isə Milli Məclis noyabrın 9-unu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Həmin gün Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə əsasən, bu bayram qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.

Milli Məclisin ötən həftə keçirilən iclasında “Azərbaycan Respublikası Dövlət bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Konstitusiya Qanunu ikinci səsvermədə qəbul olundu. Bütün bunlar bayrağımızın nə qədər yüksək səviyyədə qorunduğunun göstəricisidir.