YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Ölkəmizdə qeyri-neft sektorunun inkişafı və əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər özünün müsbət nəticəsini göstərir

   Milli Məclisin deputatı Tahir Süleymanov

- Tahir müəllim, Azərbaycan dünya miqyasında öz iqtisadi inkişaf modeli ilə fərqlənən ölkələrdəndir. Ötən müddət ərzində Azərbaycan iqtisadiyyatının inkişafı istiqamətində həyata keçirilən tədbirləri və əldə edilən nəticələri necə qiymətləndirirsiniz?

- Ölkəmizin iqtisadi inkişaf göstəriciləri olduqca pozitivdir və müxtəlif beynəlxalq reytinq institutları, araşdırma mərkəzləri tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin fonunda böyük inkişaf yolu keçib. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, Azərbaycanın iqtisadi qüdrətinin artmasını təmin edib. Həyata keçirilən iqtisadi siyasətin nəticəsi kimi, ötən illər ərzində ölkəmizin valyuta ehtiyatları artıb, müxtəlif sahələri əhatə edən layihələr uğurla reallaşdırılıb, islahatlar davam etdirilib.  İqtisadiyyatın diversifikasiyasına nail olmaq üçün həyata keçirilən tədbirlər və əldə edilən nailiyyətlər yeni inkişaf perspektivlərinin meydana çıxmasını şərtləndirib.

Dünyada maliyyə-iqtisadi böhranın olduğu şəraitdə Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafını təmin edib, nəzərdə tutulan bütün proqramlar, o cümlədən infrastruktur layihələri müvəffəqiyyətlə icra olunub.

Əminliklə demək olar ki, dövlətimizin başçısının rəhbərliyi ilə hazırda həyata keçirilən islahatlar bundan sonra da uğurla davam etdiriləcək və  qarşıya qoyulan bütün məqsədlərə çatmaq mümkün olacaq. Bu gün ölkəmizdə qeyri-neft sektorunun inkişafı, iqtisadi və maliyyə sisteminin sabitliyinin təmin olunması, biznes mühitinin daha da yaxşılaşdırılması, əhalinin sosial rifahının yüksəldilməsi və digər istiqamətlərdə  əhəmiyyətli tədbirlər həyata keçirilir və bu da özünün müsbət nəticələrini göstərir. Şübhəsiz ki, xalqımız bütün bunları görür və yüksək dəyərləndirir. Azərbaycan vətəndaşları Prezident  İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti birmənalı olaraq dəstəkləyir.

- Uğurlu siyasətin nəticələrindən biri də regionların sosial-iqtisadi inkişafı istiqamətində mühüm nailiyyətlərin əldə edilməsidir. Bu sahədə görülən işlər və əldə edilən nəticələr barədə nə söyləmək olar?

- Azərbaycan Prezidenti  İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mühüm istiqamətlərindən birini regionların sosial-iqtisadi inkişafı təşkil edir. Dövlətimizin başçısının fərmanları ilə təsdiqlənərək 2004-cü ildən indiyədək uğurla reallaşdırılan müvafiq regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında nəzərdə tutulan konkret vəzifələr müvəffəqiyyətlə yerinə yetirilib. Bunun əyani göstəricisi bölgələrin hərtərəfli və dinamik inkişafıdır.

Prezident  İlham Əliyev 2003-cü ildə  regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı beşillik dövlət proqramlarının qəbul edilməsi təşəbbüsünü irəli sürmüşdü və sonra bu təşəbbüsü reallaşdıraraq bölgələrin inkişafına xidmət edən müvafiq Dövlət proqramlarının icra olunmasını təmin etdi.  Dövlət başçısının  müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair 2004-2008 və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı uğurla reallaşdırıldı və müsbət göstəricilər əldə olundu. 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramı isə hazırda yerinə yetirilir və qazanılan uğurlar göz qabağındadır.  İlk dövlət proqramının icrasına başlanmasından etibarən regionlarda 70 mindən çox müəssisə fəaliyyətə başlayıb, bölgələrdə ümumi məhsul buraxılışı əhəmiyyətli dərəcədə artıb. 2004-cü ildən etibarən Dövlət proqramlarının icrasına bütün mənbələr hesabına milyardlarla  manat vəsait yönəldilib, dövlətimizin başçısı tərəfindən bölgələrdə yol infrastrukturunun yenilənməsinə, müxtəlif layihələrin reallaşdırılmasına və abadlıq-quruculuq işlərinin aparılmasına, eləcə də digər məsələlərə əlavə maliyyə vəsaitlərinin ayrılmasına dair çoxsaylı sərəncamlar imzalanıb.

Qeyd edim ki, mənim təmsil etdiyim Şabran rayonu da ötən dövrdə xeyli dərəcədə sosial-iqtisadi baxımdan inkişaf edib. Ölkəmizin digər bölgələrində olduğu kimi bu rayonda da bütün sahələr üzrə infrastruktur yenilənir, yeni-yeni müəssisələr yaradılır, əhalinin məşğulluğunun təmin olunması istiqamətində davamlı işlər görülür.

- Qeyri-neft iqtisadiyyatında əldə olunan nəticələrə toxundunuz. Hazırda bu sektorun inkişafı ilə bağlı nə deyə bilərsiniz?

- Hazırki şəraitdə hər bir ölkənin gücü, ümumi iqtisadi potensialı, qlobal miqyasdakı yeri bir sıra digər parametrlərlə yanaşı, eyni zamanda, sənaye inkişafı ilə ölçülür. Güclü sənaye potensialına malik olan ölkələr həm daxili tələbatlarını yerli istehsal hesabına ödəyərək maliyyə vəsaitlərini qoruyurlar, həm də xarici bazarlarda böyük həcmlərdə məhsullarla təmsil olunaraq özlərinə valyuta axınını təmin edirlər. Sənaye sektorunun inkişafının iqtisadi-siyasi önəmi ilə yanaşı, sosial əhəmiyyəti də kifayət qədər böyükdür. Belə ki, yüksək əmək tutumuna malik sənaye istehsalatları əhalinin məşğulluğunun təmin olunmasında və beləliklə də, yoxsulluğun aradan qaldırılmasında mühüm rol oynayırlar.

Ölkədə qeyri-neft sənayesinin inkişafında son illərdə bütün respublika boyu yaradılan müasir infrastruktur fundamental amillərdən biri qismində çıxış edir. Sənaye inkişafını güclü infrastruktur təminatı olmadan təsəvvür etmək mümkün deyil. Son illərdə əsaslı dövlət vəsaiti qoyuluşu hesabına Azərbaycan infrastruktur təminatı baxımından dünyanın ən qabaqcıl ölkələri səviyyəsinə yüksəlib ki, bunun da sayəsində respublikamızda sənaye quruculuğu üçün geniş perspektivlər açılıb.

Respublikamızda müasir çağırışlar nəzərə alınmaqla qeyri-neft sənayesinin inkişafına göstərilən diqqət öz bəhrəsini verir. Əlamətdar haldır ki, son illərdə Azərbaycanda ən yaxşı inkişaf göstəriciləri məhz qeyri-neft sənayesində qeydə alınır.

- Tahir müəllim, bildiyimiz kimi, qeyri-neft sektorunda aqrar sahə xüsusi yer tutur. Ölkəmizdə aqrar sahənin inkişafı hər zaman dövlətin diqqətindədir. Son illər kənd təsərrüfatının inkişafı ilə bağlı atılan addımları və bu istiqamətdə həyata keçirilən islahatları necə qiymətləndirirsiniz?

- Təbii ki, yeni iqtisadi şəraitdə Azərbaycanın üstün inkişafını hədəflədiyi sahələrdən biri də aqrar sektordur. Ölkəmizin malik olduğu əlverişli coğrafi-iqlim xüsusiyyətləri, fəal məşğul əhalinin 40 faizdən çoxunun bölgələrdə yaşaması bütün respublika boyu kənd təsərrüfatının qarşısında geniş inkişaf perspektivləri açır. Dövlət tərəfindən göstərilən davamlı siyasi və maddi-texniki dəstək hesabına aqrar sektorun geniş potensialından maksimum səmərə ilə istifadə etməklə yeni şəraitdə ölkənin qeyri-neft məhsulları üzrə ixrac imkanlarını əhəmiyyətli dərəcədə artırmaq mümkündür.

Bu gün Azərbaycanda kənd təsərrüfatının inkişafı istiqamətində olduqca münbit bir şərait yaradılıb. Ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu və bu gün hörmətli Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi aqrar siyasət kursunun nəticəsi olaraq bu sahədəki boşluqlar aradan qaldırılıb, kənd təsərrüfatının inkişafı ilə bağlı mühüm sənədlər, o cümlədən ərzaq təhlükəsizliyi və regionların sosial-iqtisadi inkişafı haqqında Dövlət proqramları təsdiq olunub. Bu proqramlar Azərbaycanın ərzaq təhlükəsizliyinin təminatı istiqamətində atılmış mühüm addımlardır. Bu gün ölkəmizdə ərzaq təhlükəsizliyi məsələsi ölkə əhalisini təmin edəcək həcmdə məhsulun istehsalı və emalı potensialının mövcudluğu, ölkə əhalisi tərəfindən istehlak edilən ərzağın keyfiyyəti, dövlət əhəmiyyətli strateji ərzaq məhsullarının ölkədaxili istehsalı kimi komponentləri özündə birləşdirir.

Bilirsiniz ki, Milli Məclisdə aqrar sahə ilə bağlı, o cümlədən strateji məhsullar haqqında qanunlar qəbul edilib. Eləcə də son illər dövlət başçısı tərəfindən bu sahənin inkişafı ilə əlaqədar mühüm Fərman və sərəncamlar verilib. Bu sənədlər bəhs olunan sahənin davamlı inkişafının hüquqi bazasını təşkil edir.

Yeni iqtisadi şəraitdə dövlət başçısı tərəfindən bir sıra kənd təsərrüfatı məhsullarının istehsalını əhəmiyyətli dərəcədə artırmaq vəzifəsi qarşıya qoyulub və bu yöndə fermerlərə, iş adamlarına güzəştlər edilir. Xüsusilə, pambıqçılıq, tütünçülük, baramaçılıq, fındıqçılıq və digər məhsulların istehsalını artırmaq və ixrac etmək yönündə ciddi addımlar atılır. Artıq bu istiqamətdə müsbət nəticələr əldə olunmaqdadır. Belə ki, adıçəkilən sahələrdə istehsalın artırılması ilə yanaşı, ölkəmizin kənd təsərrüfatı məhsullarının xaricə ixracı prosesində də artım müşahidə edilir. Şübhə yoxdur ki, bu yöndə vəziyyət ildən-ilə daha da yaxşılaşacaq.

- Sənaye parklarının yaradılması da ölkədə qeyri-neft sektorunun inkişafında mühüm rol oynayır. Bu barədə nə deyə bilərsiniz?

- Son illərdə respublikamızda Prezident İlham Əliyevin təşəbbüsünə əsasən sənaye parklarının və sənaye məhəllələrinin yaradılması geniş vüsət alıb.Ölkədə sənaye parklarının və sənaye məhəllələrinin yaradılması ilə Azərbaycanda sənayenin inkişafında keyfiyyətcə yeni mərhələnin açıldığını söyləmək mümkündür. Bu amil ölkədə qeyri-neft sektorunun inkişafında mühüm rol oynayır. Sənaye məhəllələri və parkları üçün infrastruktur təminatı bir qayda olaraq dövlət vəsaiti hesabına yaradılır. Ümumiyyətlə, investorların sənaye məhəllələrinə və parklarına cəlb edilməsi məqsədilə reallaşdırılan təşviq tədbirlərinin miqyası kifayət qədər genişdir. İş adamları da yaradılan əlverişli şəraitdən, dövlət dəstəyindən maksimum dərəcədə bəhrələnməyə çalışırlar. Bu dövlət-özəl sektor əməkdaşlığının nəticəsidir ki, sənaye parklarının yaradılması artıq öz səmərəsini verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirildiyi kimi, sənaye parklarına indiyədək 2,6 milyard dollar investisiya yatırılıb, tikintidə və istehsalda 11 minə yaxın iş yeri yaradılıb. Növbəti mərhələdə 1,1 milyard dollardan çox investisiya qoyuluşu və 7500-dək yeni iş yerinin açılması nəzərdə tutulur.